Məhkəmə

“Meydan TV işi” üzrə məhkəmədə vəsatətlərin əksəriyyəti təmin edilməyib

23 Dekabr, 2025
235

Foto: Meydan TV

Dekabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunmuş şəxslərin məhkəmə prosesi keçirilib.

Hakim Aytən Əliyevanın sədrlik etdiyi prosesdə əvvəlcə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə iddiaçı qismində Vergilər Nazirliyi təmsil olunub. 

Müdafiə tərəfindən vəkil Zibeydə Sadıqova vəsatət verərək bildirib ki, məhkəmə ictimai maraq kəsb etdiyinə görə audio və video çəkiliş aparmağa icazə verilsin. 

Məhkəmə vəsatəti təmin etməyib, lakin hakim deyib ki, məhkəmə prosesi açıqdır və istənilən media nümayəndəsi iştirak edib, qeyd götürə bilər. 

Daha sonra təqsirləndirilən şəxslərdən "Meydan TV"-nin baş redaktoru Aynur Elgünəş (Qənbərova) ötən prosesdə əlillik və məcburi köçkünlük kartının ibtidai istintaq tərəfindən müsadirə olunub qaytarılmaması ilə bağlı verdiyi vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin edib. 

A.Elgünəşin təcridxanada iti ilə görüşməsinə icazə verilməsi üçün verdiyi  vəsatətlə bağlı isə hakim müvafiq icra orqanına sorğu göndərilməsinə qərar verib. 

“Meydan TV işi”nə görə həbs olunan "Arqument. az" saytının baş redaktoru Şəmşad Ağa isə vəsatət verərək deyib ki, istintaq hərəkətləri nömrələnmiş blanklarla aparılmalıdır və tələb edib ki, həmin nömrələnmiş sənədlər onlara təqdim olunsun. Məhkəmə vəsatəti təmin etməyib.

Ş.Ağa qərara etiraz olaraq deyib ki, heç bir hüquqi qüvvəsi olmayan sənədlərlə məhkəmə keçirilir. “Belə olan halda bu, məhkəmə deyil, məzhəkədir”, - o bildirib.

Vəkil Rövşanə Rəhimli isə sübutların qiymətləndirilməsi haqqında qərarın təqdim olunması ilə bağlı vəsatət verib. Hakim ona vəkil otağında bu sənədlə tanış ola biləcəyini deyib.

Daha sonra təqsirləndirilən şəxslərdən jurnalistlər Ülviyyə Əli (Quliyeva) və Fatimə Mövlamlı çıxış edərək istintaq tərəfindən cihazlarının götürüldüyünü bildirib və qaytarılmasını tələb edib. Məhkəmə vəsatəti təmin etməyib. 

Sonda dövlət ittihamçısı ittiham aktını oxunmağa başlayıb. İttiham aktı oxunarkən "Meydan TV"-nin qadın jurnalistləri mahnı oxumağa başlayıblar. Onlar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Qızların xoru”nun sözlərini dəyişərək ittiham aktına bu formada etirazlarını bildiriblər: 

“Qaçaqmalçı, mal göstər,

Mülklərini aç göstər.

Göstər, göstər hər nə var,

Xalqın öyrənmək istər.

Ah, nə gözəl ölkədir,

Hamısı bir əldədir,

Hər tərəfi türmədir, türmə, türmə.

Ondan bir azadlıq qoparsaydım,

Oynardım mən doyunca-doyunca”.

Növbəti proses yanvarın 16-na təyin edilib.

"Meydan TV işi" üzrə 12 nəfər ittiham olunur.

2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.

Sonradan “Arqument. az” saytının baş redaktoru, "Meydan TV" ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi”nə görə həbs edilib.

Onlar, əsasən, qaçaqmalçılıq olmaqla bir neçə maddə ilə ittiham olunurlar. 

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir. Onlar jurnalist fəaliyyətinə görə hökumətin siyasi sifarişi ilə həbs olunduqlarını deyirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Samirə Qasımlı: “Mənə qarşı irəli sürülən ittiham siyasi sifarişlidir”

16 İyul 2026

Sosial media

İyulun 15-də Binəqədi Rayon Məhkəməsində siyasi psixoloq Samirə Qasımlının ittiham olunduğu iş üzrə məhkəmə prosesi keçirilib.  Hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə S.Qasımlını böhtan və təhqirdə ittiham edən Qurbanəli Yusifov yenə də iştirak etməyib. Vəkili Vüqar Şamilov müvəkkilinin Türkiyədə işlədiyini deyib.  Hakim vəkildən Q.Yusifovun məhkəməyə şikayət etdiyindən özünün xəbəri olub-olmadığını soruşub, vəkil də təsdiqləyib.  S.Qasımlının vəkilləri Aqil Layıc və Ramil Süleymanov şifahi vəsatət verərək bildiriblər ki, xüsusi qaydada ittiham irəli sürən şəxsin üzrlü səbəb göstərmədən, ardıcıl olaraq məhkəməyə gəlməməsi onun ittihamda maraqlı olmaması deməkdir. Onlar vurğulayıb ki, şərəf və ləyaqət hiss və düşüncə kateqoriyasına daxildir, buna görə də ittihamçıya...
Məhkəmə

Şirvan məhkəməsi İqbal Əbilovun şikayətini təmin etməyib

15 İyul 2026

Sosial media

İyulun 14-də Şirvan Şəhər Məhkəməsində həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun şikayəti üzrə məhkəmə iclası keçirilib.  İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsinin yaydığı məlumata görə, tədqiqatçı iclasın əvvəlində talış dilində çıxış etmək istədiyini bildirib. Müdafiə tərəfinin təqdim etdiyi tərcüməçi məhkəmə tərəfindən qəbul edilib və proses boyunca İ.Əbilovun çıxışını talış dilindən Azərbaycan dilinə tərcümə edib. İ.Əbilov şikayətində həbsi zamanı baş verdiyini iddia etdiyi qanun pozuntularını sadalayıb. Onun sözlərinə görə, o, ötən ilin oktyabrında Şirvan Şəhər Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində təhdid və təhqirlərə məruz qalıb, vəkili ilə əlaqə saxlamaq imkanından məhrum edilib və qeyri-insani şəraitdə saxlanılıb.  Tədqiqatçı əlavə edib ki, məhkəmə...

Seçilmiş Videolar

Toplum TV loqo