Məhkəmə

“Toplum TV işi”: ‘Məhkəmə var burada? Qərar əvvəldən verilib, indi şou gedir’

1 Dekabr, 2025
399

Foto: Toplum TV

Dekabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə iş üzrə şahidlərin dindirilməsi davam edib.

Müdafiə tərəfi şahid qismində çıxış edən, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) təlimlərində iştirak etmiş Əli Fətullayevin ibtidai istintaqa ifadələrində ziddiyyətlər olduğunu bildirib.

Qeyd olunub ki, Ə. Fətullayev istintaqa iki dəfə ifadə verib. Bunların birincisində o, İDİ-nin maliyyələşməsi haqqında heç bir məlumatının olmadığını, lakin ikincisində İDİ-də çalışan şəxslərə istinadən donor təşkilatlardan qrantlar əsasında maliyyələşdiyini deyib.

Təqsirləndirilən şəxslərin şahidə sualları əsasında məlum olub ki, o, ikinci dəfə Bakı Şəhər Baş Polis İdarəsinə müsadirə olunmuş telefonunu götürmək üçün gedib. Lakin ona yalnız yenidən ifadə verəcəyi halda telefonunun qaytarılacağı bildirilib. Müdafiə tərəfi bunun polis tərəfindən təzyiq olduğunu məhkəmənin diqqətinə çatdırıb.

Ə. Fətullayevin istintaqa ifadəsində həm də təqsirləndirilən şəxslərdən, İDİ əməkdaşı Ramil Babayevə istinadən qeyd olunub ki, İDİ və “Toplum TV” qrant təşkilatlarından maliyyələşir. Şahid özü və R. Babayev isə məhkəmədə bunu inkar edib. Ə. Fətullayev ifadəsi zamanı mənbə göstərmədiyini, ümumi danışdığını deyib. Bu zaman müdafiə tərəfi bunun ifadənin müstəntiqlər tərəfindən yazıldığını bildirib.

Vəkil Günay İsmayılova şahidə ifadəsində niyə təqsirləndirilən şəxslərin şəxsi həyatlarına dair məlumatların yer aldığını soruşub. Ə. Fətullayev bunu da inkar edib və istintaqa belə şeylər demədiyini bildirib.

Ə. Fətullayev ifadəsində polis tərəfindən istintaqa dəvət olunduğunu deyib. Müdafiə tərəfi bunun yanlış olduğunu, ofisdə reyd keçirildiyini və ofisdə olan hər kəsin zorla polis idarəsinə aparıldığını bildirib.

Digər şahid, İDİ təlimlərində iştirak etmiş Ramin Əliyev heç kimdən ödəniş almadığını və maliyyə haqqında məlumatı olmadığını deyib. Təqsirləndirilən şəxslərdən, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli şahidə təlimlərdən nə öyrəndiyini soruşub. R. Əliyev təlimlərin faydalı olduğunu, demokratik institutlar və layihələrin necə yazıldığı haqqında məlumat aldığını deyib.

Şahidlərin dindirilməsindən sonra təqsirləndirilən şəxslərdən “Toplum TV” əməkdaşı Fərid İsmayılov keçən prosesdəki mübahisəni əsas gətirərək dövlət ittihamçısı Rauf Malışovun işdən kənarlaşdırılması tələbilə vəsatət qaldırıb. O, əvəzində baş prokuror Kamran Əliyevin məhkəməyə çağırılmasını tələb edib.

Məhkəmə vəsatəti təmin etməyib.

Proses zamanı hakim təqsirləndirilən şəxslərdən İDİ əməkdaşı Əli Zeynal və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin gülüşməsinə irad tutaraq onların məhkəməyə hörmətsizlik etdiyini deyib. “Məhkəmə var burada? Qərar əvvəldən verilib, indi şou gedir”, - R. İzzətli cavab verib.

Növbəti məhkəmə prosesi dekabrın 8-i saat 10:00-a təyin olunub.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, daha sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

“Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Onlar ittihamları rədd edir və siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

“Toplum TV işi” üzrə apellyasiya prosesi başlayır

18 Sentyabr 2026

Toplum TV

“Toplum TV işi” üzrə 12 ildən 15 ilədək həbs cəzasına məhkum olunan 9 nəfərin apellyasiya şikayətlərinə baxılacaq. Bakı Apellyasiya Məhkəməsində baş tutacaq ilk iclas sentyabrın 21-nə təyin edilib. “Toplum TV işi“ üzrə təqsirləndirilən şəxslərə İyulun 27-də Bakı Ağır Cinayətlər məhkəməsində hökm oxunub. Hökmə əsasən, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov 15, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli 14, siyasətçi Ruslan İzzətli 15, IDI əməkdaşları Ramil Babayev 13, Əli Zeynal 14, İlkin Əmrahov 13, “Toplum TV” əməkdaşları Müşfiq Cabbar 13, Fərid İsmayılov 12, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. E. Abbasov məhkəmə zalında həbs olunub. Məhkum...
Məhkəmə

Kamal İsayevə 8 il yarım həbs cəzası verilib

8 Sentyabr 2026

sosial media

Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hökumət tənqidçisi Kamal İsayevin işi üzrə sonuncu məhkəmə prosesi keçirilib. Yaxınlarının "Toplum TV"yə verdiyi məlumata görə, hakim Fərid Namazovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, o, 8 il yarım müddətinə azadlıqdan məhrum edilib. Prosesdə əvvəlcə ötən iclaslarda olduğu kimi K.İsayevin müxtəlif vaxtlarda etdiyi sosial media paylaşımları nümayiş etdirilib. Bu dəfəki paylaşımlarda onun Qarabağın azad edilməsi ilə bağlı Azərbaycan xalqına ünvanladığı videomüraciətlər yer alıb.  Müdafiə tərəfi nümayiş etdirilən videoların yenidən ekspertiza olunması və ekspert tərəfindən yeni rəy verilməsi barədə vəsatət qaldırıb. Vəkil Nemət Kərimli bildirib ki, təqdim olunan materiallarda irəli...

Seçilmiş Videolar

Toplum TV loqo