Məhkəmə

"Arzu edirəm ki, nə vaxtsa özünə hörmət edən hakimlər məhkəmə idarə etsin" 

5 Sentyabr, 2025
261

Foto: Abzas Media

Sentyabrın 5-də Bakı Apellyasiya Məhkəməsində “Abzas Media işi” üzrə növbəti məhkəmə prosesi baş tutub.

"Abzas Media"nın xəbərinə görə, hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər, onların müdafiəçiləri və dövlət ittihamçısı çıxış edib. 

Jurnalist Nərgiz Absalamovanın vəkili Günay İsmayılova çıxışında iş materiallarında müvəkkilinin təqsirini sübuta yetirən heç bir dəlilin olmadığını bildirib. 

Daha sonra çıxış edən Absalamova isə bank hesablarının dondurulmasından danışıb. 

“İçində 13 qəpik olan bank kartım da bloklanıb. Mənim 13 qəpiyimə qalıblar. Demək istəyirəm ki, bəli, biz 13 qəpiklik qaçaqmalçılarıq. Arzu edirəm ki, nə vaxtsa ədalətlə qərar verən, hüququ həqiqətən ali hesab edən və özünə hörmət edən hakimlər məhkəmələri idarə edər. Hələlik isə bu məhkəmə oyundan başqa bir şey deyil. Siz də sizə tapşırılan qərarı icra edirsiniz,” - Absalamova hakimə bildirib.

Dövlət ittihamçısı İlkin Yusifov isə iddiaları təkzib edib, həm ibtidai, həm də məhkəmə istintaqının ədalətli aparıldığını deyib. 

O əlavə edib ki, iş üzrə təqsirləndirilən "Abzas Media" koordinatoru Məhəmməd Kekalov ibtidai istintaqda verdiyi ifadələrdən imtina etsə də, onun ifadələrinin doğruluğu "dəlillərlə sübuta yetirilib". Prokuror Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlərin qüvvədə saxlanılmasını istəyib. 

Bundan sonra çıxış edən "Abzas Media" direktoru Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqova dövlət ittihamçısına cavab verib. O bildirib ki, müdafiə etdiyi Ü.Həsənli və digər təqsirləndirilən şəxslərlə bağlı həbs olunduqları gündən etibarən verdikləri heç bir vəsatət təmin edilməyib. Vəkil bu halda hansı ədalətli araşdırmadan söhbət getdiyini sual edib. 

Daha sonra digər vəkillər də çıxış edərək müvəkkilləri üçün bəraət tələb ediblər.

Prosesin sonunda təqsirləndirilən şəxslərə də söz verilib. “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı bildirib ki, məhkəmə istintaqı dövründə heç bir ciddi şahid məhkəməyə gətirilməyib.

“Biz həbs ediləndən bəri qarşılaşdığımız hüquq-mühafizə orqanlarının bəzi əməkdaşları deyirlər ki, “Bizi başa düşün”. Mən yaxşı anlayıram ki, onlar nəyi nəzərdə tuturlar. Onlar və bu məhkəməni idarə edən siz evinizdə ailənizlə rahat yaşayacaqsınız, yaxşı pullar qazanacaqsınız və biz bunu başa düşməliyik? Bəs burada peşə fəaliyyətini yerinə yetirdiyinə görə həbs edilənləri, içəridə olduğu müddətdə övladı dünyaya gələni, övladının növbəti doğum gününü də görə bilməyəni, həyat yoldaşı ilə evliliklərinin 30 illiyini qeyd edə bilməyənləri kim başa düşəcək? İllərini dəmir barmaqlıqlar arxasında keçirməli olan bizi kim başa düşəcək? Buna görə kim cavab verəcək?” - Vaqifqızı sual edib. 

İş üzrə həbs edilən iqtisadçı və "Azadlıq Radiosu"nun jurnalisti Fərid Mehralızadə də söz alaraq dövlət ittihamçısına cavab verib. O deyib ki, Məhəmməd Kekalovun ifadələrində onunla bağlı heç bir şey olmasa da, ona hökm oxunub. 

“Necə olur ki, Məhəmmədin digər 6 nəfərlə bağlı dediklərini doğru qəbul edirsiniz, amma mənimlə bağlı hissəsində yalançı çıxır? Ya da məhkəmə istintaqı zamanı dəvət etdiyiniz şahidlərin yarısı məni tanımadığını, digər yarısı isə iqtisadçı kimi mediadan tanıdığını bildirdi. Niyə onların mənimlə bağlı ifadələri qəbul edilmədi? İş materiallarında mənim ofisimin “Abzas Media”nın ofisinin içində olduğu iddia edilib. Biz vəkilimlə tələb etdik ki, anten məlumatları çıxarılsın, mənim orada olduğum sübuta yetirilsin. Çünki mən “Abzas Media”nın ofisinin harada olduğunu bilmirəm və bir dəfə də olsun orada olmamışam. Amma bu vəsatətimiz təmin edilmədi. Elə isə dövlət ittihamçısı hansı ədalətli məhkəmə araşdırmasından danışır?” - Mehralızadə bildirib.

Məhkəmə yekun qərarın elanını sentyabrın 9-na təxirə salıb. 

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media"nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər və müdafiəçiləri istintaqın ortaya tutarlı sübutlar qoymadığını bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Samirə Qasımlı: “Mənə qarşı irəli sürülən ittiham siyasi sifarişlidir”

16 İyul 2026

Sosial media

İyulun 15-də Binəqədi Rayon Məhkəməsində siyasi psixoloq Samirə Qasımlının ittiham olunduğu iş üzrə məhkəmə prosesi keçirilib.  Hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə S.Qasımlını böhtan və təhqirdə ittiham edən Qurbanəli Yusifov yenə də iştirak etməyib. Vəkili Vüqar Şamilov müvəkkilinin Türkiyədə işlədiyini deyib.  Hakim vəkildən Q.Yusifovun məhkəməyə şikayət etdiyindən özünün xəbəri olub-olmadığını soruşub, vəkil də təsdiqləyib.  S.Qasımlının vəkilləri Aqil Layıc və Ramil Süleymanov şifahi vəsatət verərək bildiriblər ki, xüsusi qaydada ittiham irəli sürən şəxsin üzrlü səbəb göstərmədən, ardıcıl olaraq məhkəməyə gəlməməsi onun ittihamda maraqlı olmaması deməkdir. Onlar vurğulayıb ki, şərəf və ləyaqət hiss və düşüncə kateqoriyasına daxildir, buna görə də ittihamçıya...
Məhkəmə

Şirvan məhkəməsi İqbal Əbilovun şikayətini təmin etməyib

15 İyul 2026

Sosial media

İyulun 14-də Şirvan Şəhər Məhkəməsində həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun şikayəti üzrə məhkəmə iclası keçirilib.  İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsinin yaydığı məlumata görə, tədqiqatçı iclasın əvvəlində talış dilində çıxış etmək istədiyini bildirib. Müdafiə tərəfinin təqdim etdiyi tərcüməçi məhkəmə tərəfindən qəbul edilib və proses boyunca İ.Əbilovun çıxışını talış dilindən Azərbaycan dilinə tərcümə edib. İ.Əbilov şikayətində həbsi zamanı baş verdiyini iddia etdiyi qanun pozuntularını sadalayıb. Onun sözlərinə görə, o, ötən ilin oktyabrında Şirvan Şəhər Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində təhdid və təhqirlərə məruz qalıb, vəkili ilə əlaqə saxlamaq imkanından məhrum edilib və qeyri-insani şəraitdə saxlanılıb.  Tədqiqatçı əlavə edib ki, məhkəmə...

Seçilmiş Videolar

Toplum TV loqo