Məhkəmə

"Azər Qasımlı işi": "Zərərçəkən" və vəkili arasında mübahisə düşüb

13 Noyabr, 2025
315

Foto: açıq mənbə

Noyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının işi üzrə məhkəmə prosesi davam edib. 

Prosesdə əvvəlcə müdafiə tərəfinin tələbilə Siyasi Menecment İnstitutunun əməkdaşı olmuş Nəriman İsmayıl şahid qismində dindirilib. 

Prosesdə zərəçəkən kimi tanınan, A.Qasımlını hədə-qorxuda ittiham edən Qurbanəli Yusifov da məhkəmədə iştirak edib. 

N.İsmayıl məhkəmədə ifadəsində vaxtilə Q.Yusifovun A.Qasımlıya borc qaytaracağı haqda qəbzi imzalayan zaman ofisdə olduğunu, lakin məsələnin mahiyyətindən xəbərdar olmadığını bildirib. 

Müdafiə tərəfi xatırladıb ki, Q.Yusifov həm istintaq, həm məhkəmədə ifadələrində A.Qasımlının ona qəbzi hədə-qorxu ilə imzalatdığını, o vaxt hadisə yerində başqa heç kimin olmadığını iddia edib. Q.Yusifov da N.İsmayılın həmin gün ofisdə olduğunu inkar etməyib, hətta qəbz imzalayandan sonra onunla birlikdə nahar etməyə getdiyini deyib. 

N.İsmayıl ifadəsində əlavə edib ki, həmin vaxt Q.Yusifova qarşı pis rəftar olmayıb. 

Daha sonra Q.Yusifovun dostu Fikrət Məmmədov dindirilib. Onun sözlərinə görə, Q.Yusifov ona A.Qasımlıya borcu olduğunu və siyasətçinin buna görə onu təhdid etdiyini deyib. 

Bu zaman A.Qasımlının vəkili Rövşanə Rəhimli xatırladıb ki, şahid ibtidai istintaqda ifadəsində təhdidlə bağlı heç nə deməyib. F.Məmmədov vəkilin bu barədə sualına cavab verə bilməyib. 

F.Məmmədov ifadəsində hədə-qorxu ilə bağlı yalnız Q.Yusifovdan eşitdiyini deyib. Bu zaman Q.Yusifov müdaxilə edərək dostuna etiraz edib. "Xəbərin yox idisə, mənə niyə vəkil tutmusan?", - o deyib. Bu vaxt Q.Yusifovun vəkili də ona acıqlanıb və "bu sualın yeri" olmadığını deyib. 

Növbəti məhkəmə prosesi noyabrın 19-u saat 17.00-a təyin olunub. 

Azər Qasımlı ötən ilin dekabrından həbsdədir. O, Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi (hədə-qorxu ilə tələb etmə, zor tətbiqi ilə törədildikdə) ilə ittiham olunur.

Siyasətçi ittihamı rədd edir, ictimai-siyasi fəaliyyətinə görə həbs olunduğunu deyir. 

Samirə Qasımlı daha öncə "Toplum TV"-yə deyib ki, Q.Yusifovun siyasətçiyə borcu olub, lakin ona borcunu qaytarması üçün hədə-qorxu gəlinməyib.

"2020-ci ilin mayında Yusifov Azər Qasımlının istəyilə onun adına kriptovalyuta saytında hesab açıb və onu idarə edib. Həmin ilin may və avqust aylarında A.Qasımlı ona ümumilikdə 20,000 ABŞ dolları verərək iki "bitcoin" almasını istəyib. Biz sonradan aşkar etdik ki, o, "bitcoin"lərin birini alıb, digərini isə almayıb. Sonradan isə bizə hələ də qaranlıq qalan səbəblərdən A.Qasımlının hesabındakı bir "bitcoin" də yoxa çıxdı", - o qeyd edib. 

S.Qasımlının sözlərinə görə, 2022-ci ilin yanvarında Yusifov və həyat yoldaşı razılığa gəlib ki, aylıq olmaqla hissə-hissə onun borcu qaytarılsın və Yusifov qəbz də imzalayıb. 

Lakin, sonradan Yusifov ölkəni tərk edib və Qasımlı ilə əlaqələrini kəsib. Bunu görən siyasətçi məhkəməyə üz tutub və 2024-cü ilin aprelində Mingəçevir Şəhər Məhkəməsi Qasımlının xeyrinə qərar verib. 

"Bundan sonra Yusifov daxili işlər naziri Vilayət Eyvazovun ünvanına bir məktub yazıb ki, guya A.Qasımlı dövlət əleyhinə siyasətçidir, Yusifovu da dövlət əleyhinə işlər görməyə cəlb etmək istəyir, o razılaşmayanda isə onu təhdid edib. Bu məktubdan sonra DİN iddianın araşdırılmasını Mingəçevir Şəhər Polis İdarəsinə tapşırıb, lakin onlar da sübutların olmadığını görüb işə xitam veriblər", - S.Qasımlı bildirib. 

Onun dediyinə görə, 2024-cü ilin dekabrında Qasımlını həbs etmək tapşırığı alan hüquq-mühafizə orqanları bu işi yenidən açıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

“Toplum TV işi” üzrə apellyasiya prosesi başlayır

18 Sentyabr 2026

Toplum TV

“Toplum TV işi” üzrə 12 ildən 15 ilədək həbs cəzasına məhkum olunan 9 nəfərin apellyasiya şikayətlərinə baxılacaq. Bakı Apellyasiya Məhkəməsində baş tutacaq ilk iclas sentyabrın 21-nə təyin edilib. “Toplum TV işi“ üzrə təqsirləndirilən şəxslərə İyulun 27-də Bakı Ağır Cinayətlər məhkəməsində hökm oxunub. Hökmə əsasən, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov 15, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli 14, siyasətçi Ruslan İzzətli 15, IDI əməkdaşları Ramil Babayev 13, Əli Zeynal 14, İlkin Əmrahov 13, “Toplum TV” əməkdaşları Müşfiq Cabbar 13, Fərid İsmayılov 12, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. E. Abbasov məhkəmə zalında həbs olunub. Məhkum...
Məhkəmə

Kamal İsayevə 8 il yarım həbs cəzası verilib

8 Sentyabr 2026

sosial media

Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hökumət tənqidçisi Kamal İsayevin işi üzrə sonuncu məhkəmə prosesi keçirilib. Yaxınlarının "Toplum TV"yə verdiyi məlumata görə, hakim Fərid Namazovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, o, 8 il yarım müddətinə azadlıqdan məhrum edilib. Prosesdə əvvəlcə ötən iclaslarda olduğu kimi K.İsayevin müxtəlif vaxtlarda etdiyi sosial media paylaşımları nümayiş etdirilib. Bu dəfəki paylaşımlarda onun Qarabağın azad edilməsi ilə bağlı Azərbaycan xalqına ünvanladığı videomüraciətlər yer alıb.  Müdafiə tərəfi nümayiş etdirilən videoların yenidən ekspertiza olunması və ekspert tərəfindən yeni rəy verilməsi barədə vəsatət qaldırıb. Vəkil Nemət Kərimli bildirib ki, təqdim olunan materiallarda irəli...

Seçilmiş Videolar

Toplum TV loqo