Məhkəmə

"Meydan TV işi" üzrə məhkəmə davam edir: Nurlan Libre müddətsiz aclığa başlayıb

17 Yanvar, 2026
466

İllustrasiya: Meydan TV

Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Meydan TV işi" üzrə məhkəmə prosesi keçirilib. 

"Meydan TV"-nin xəbərinə görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktlarını oxumağa davam edib. 

Bu zaman təqsirləndirilən şəxslərdən jurnalist Nurlan Libre (Qəhrəmanlı) təcridxanada zorakılığa məruz qaldığını, bununla bağlı vəsatət vermək istədiyini deyib. Hakim isə dövlət ittihamçısının çıxışını davam etdirməli olduğunu deyib. 

Dövlət ittihamçısının çıxışı isə üç saat çəkib. O, bu müddət ərzində yalnız "Meydan TV"-nin baş redaktoru Aynur Elgünəş (Qənbərova) və Bakı Jurnalistika Məktəbinin direktoru Ülvi Tahirli barəsindəki ittiham aktlarını tamamlaya bilib. 

Hakim təqsirləndirilən jurnalistlərin zalda olan yaxınlarına xəbərdarlıq edərək onları məhkəmə zalından çıxarmaqla hədələyib. Jurnalistlər hakimin bu davranışına etiraz ediblər: "Üç saatdır oxuyursunuz, nəzərə almırsınız ki, insanların təbii ehtiyacı ola bilər." 

Jurnalist Fatimə Mövlamlı hakimə deyib ki, bu hakimlərin onları və yaxınlarını hədələməyə nə hüququ, nə də mənəvi haqqı var. 

"Siz şərə xidmət edən, sifarişlər yerinə yetirən birisiniz, özünüzü böyük zənn etməyin”, - o qeyd edib. 

Hakimin onun vəatətini dinləmək istəmədiyini görən N.Libre zaldakılara xitabən elan edib ki, bu gündən müddətsiz aclığa başlayır. 

"Keçən məhkəmədə qolumu kəsəndən sonra təcridxanada iki gün “kars”a salındım. Adi gigiyenik şəraiti olmayan bir yerdə saxlandım. Başıma gələnlərlə bağlı məhkəməyə müraciət üçün iki səhifəlik vəsatət yazmışdım. Vəkillə görüşə gedəndə əlimdən aldılar. Şikayətimi əlimdən almaq müdafiə hüququmun pozuntusudur. Bu gün 30-a yaxın jurnalist və bloger, "Toplum TV", "Abzas Media" və "Meydan TV"-nin onlarla əməkdaşı saxta ittihamlarla həbsdədir. Həmkarlarıma və özümə qarşı baş verənlərə etiraz olaraq, bu gündən müddətsiz aclıq aksiyasına başlayıram”, - o bildirib. 

Jurnalistlər bildirib ki, ittiham aktındakı eyni cümlələr bütün təqsirləndirilən şəxslər haqqında ittihamlara köçürülüb və hamısının ayrı-ayrı elan olunmasına ehtiyac yoxdur. Hakim etirazı nəzərə alaraq qərara alıb ki, digər təqsirləndirilən şəxslər haqqında ittiham aktları elan olunmuş hesab edilsin.

Məhkəmə prosesi yanvarın 30-a təxirə salınıb.

"Meydan TV işi" üzrə 12 nəfər ittiham olunur.

2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.

Sonradan “Arqument. az” saytının baş redaktoru, "Meydan TV" ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi”nə görə həbs edilib.

Onlar, əsasən, qaçaqmalçılıq olmaqla bir neçə maddə ilə ittiham olunurlar. 

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir. Onlar jurnalist fəaliyyətinə görə hökumətin siyasi sifarişi ilə həbs olunduqlarını deyirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

“Toplum TV işi” üzrə apellyasiya prosesi başlayır

18 Sentyabr 2026

Toplum TV

“Toplum TV işi” üzrə 12 ildən 15 ilədək həbs cəzasına məhkum olunan 9 nəfərin apellyasiya şikayətlərinə baxılacaq. Bakı Apellyasiya Məhkəməsində baş tutacaq ilk iclas sentyabrın 21-nə təyin edilib. “Toplum TV işi“ üzrə təqsirləndirilən şəxslərə İyulun 27-də Bakı Ağır Cinayətlər məhkəməsində hökm oxunub. Hökmə əsasən, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov 15, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli 14, siyasətçi Ruslan İzzətli 15, IDI əməkdaşları Ramil Babayev 13, Əli Zeynal 14, İlkin Əmrahov 13, “Toplum TV” əməkdaşları Müşfiq Cabbar 13, Fərid İsmayılov 12, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. E. Abbasov məhkəmə zalında həbs olunub. Məhkum...
Məhkəmə

Kamal İsayevə 8 il yarım həbs cəzası verilib

8 Sentyabr 2026

sosial media

Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hökumət tənqidçisi Kamal İsayevin işi üzrə sonuncu məhkəmə prosesi keçirilib. Yaxınlarının "Toplum TV"yə verdiyi məlumata görə, hakim Fərid Namazovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, o, 8 il yarım müddətinə azadlıqdan məhrum edilib. Prosesdə əvvəlcə ötən iclaslarda olduğu kimi K.İsayevin müxtəlif vaxtlarda etdiyi sosial media paylaşımları nümayiş etdirilib. Bu dəfəki paylaşımlarda onun Qarabağın azad edilməsi ilə bağlı Azərbaycan xalqına ünvanladığı videomüraciətlər yer alıb.  Müdafiə tərəfi nümayiş etdirilən videoların yenidən ekspertiza olunması və ekspert tərəfindən yeni rəy verilməsi barədə vəsatət qaldırıb. Vəkil Nemət Kərimli bildirib ki, təqdim olunan materiallarda irəli...

Seçilmiş Videolar

Toplum TV loqo