Məhkəmə

Ramil Babayevin son sözündən: “Parlaq gənclər həbsdə, cinayətkarlar azadlıqdadır”

7 Avqust, 2026
38

Sosial media

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il azadlıqdan məhrum edilən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayevin məhkəmədəki son sözünü təqdim edirik.

Yoldaşlar son sözlə bağlı müxtəlif mövqedədirlər və mən onların hər biri ilə razıyam. İlk olaraq Akif Qurbanovdan başlayım. Akif Qurbanovun son sözündə dediyi hər bir cümləyə qoşuluram və Akif bəyi müdafiə etməyi özümə borc bilirəm. Niyə? Çünki fiziki dörd divardan əlavə, övladlarından uzaqda qalması, maddi çətinliklər, öz vətəndaş cəmiyyətindən əsassız tənqidlərlə yanaşı, üzərində qorxunu artırmaq üçün 16 il həbs istənilməsi Akif bəyin dik duruşunu dəyişmədi. Bu vəziyyəti təsvir etmək üçün ingiliscə yaxşı bir ifadə var: “Mentality monster”, yəni Akif Qurbanov “mental əjdaha”dır. Akif bəyin bu dəyanəti bizə də mövqeyimizi sərtləşdirmək məsələsində mənəvi öhdəlik yaradır.

Daha öncə də dediyim bir fikri təkrarlamaq istəyirəm. Heç bir siyasi ambisiyam yoxdur, siyasi fəaliyyət planım yoxdur və heç vaxt da olmayacaq. Akif Qurbanov bu istibdad rejimində tənqidi düşüncənin közünü sönməyə qoymayanlardandır. Sabah Odlar yurdunun həqiqi atəşləri bu közlərdən başlanğıc götürəcək. Akif bəyin son sözündə dediklərinin davamı kimi demək istəyirəm ki, repressiyaya baş vuran hər rejim bu əməli ilə həm də ictimai rəyi uduzduğunu etiraf edir.

Bu mənada yoldaşlar məhkəməni “mükafatlandırma mərasimi”, həbsi də “medal” kimi görə bilərlər. 15-16 ilin tərcüməsi budur ki, “sivil fəaliyyətiniz faydalı olub, narahatlıq doğurub”. İstehza ondadır ki, İlham Əliyev ötən ay I Türkologiya Qurultayının 100 illiyinə ünvanladığı məktubda Stalin repressiyalarını sərt ifadələrlə pisləyirdi. Repressiyaların ölkəni inkişafdan saxladığını bəyan edirdi. İlham Əliyevin son dövrlərdə səsləndirdiyi başqa təqdirəlayiq fikirlər də var. Məsələn, elə bu ay Şuşa Forumunda konqolu jurnalistin sualını cavablandırarkən İlham Əliyev dedi ki, “insan hüquqları universal dəyərdir”. Yenə bu yaxınlarda ABŞ-nin 250 illiyi ilə bağlı təbrik məktubunda İlham Əliyev demokratiyanı vəsf edirdi. Bundan əlavə, o, demək olar ki, hər beynəlxalq tədbirdə bir fikri təkrar edir: “Hüququn aliliyinə hörməti təmin etməliyik”. Bu ritorika ilə Azərbaycanın mövcud reallığı daban-dabana ziddir. Mənim arzum İlham Əliyevin ritorikasındakı Azərbaycanda yaşamaqdır. Arzum budur ki, deyilən sözlər əmələ çevrilsin, Azərbaycanda da hüququn acizliyi əvəzinə, hüququn aliliyinə əsaslanan müstəqil məhkəmə sistemi və demokratik mühit təşəkkül tapsın.

Mən həmçinin Əli Zeynalın tənə vuran yanaşmasına da qoşuluram. Bizim üçün xüsusi ayrılmış ölkədəki ifadə azadlığının təntənəsi olan bu “mötəbər tribuna”dan istifadə edib çağırış etmək istəyirəm. Əgər heyvan ölüsü yemədən də sağlam yaşaya biliriksə, deməli, heyvanları həzz üçün öldürürük. Həzz üçün öldürməyin isə bir adı var — qəddarlıq. Qəddar olma, veqan ol!

Azər Tağıyev, mən quru aclıq edəndə siz insafsızcasına demişdiniz ki, ət yemədiyim üçün immunitetim zəifdir. Haşiyəyə çıxıb ona da qısaca cavab verim ki, əksinə, 13 illik veqanlığım dövründə bir dəfə də olsun xəstəliyə görə həkim müayinəsinə və müalicəsinə ehtiyac duymamışam. Ağrıkəsici də daxil olmaqla heç bir dərmandan istifadə etməmişəm. Həbs olunduğum dövrə qədər ətrafımda hamının qripə yoluxduğu vaxtlarda qrip bircə mənə keçmirdi.

Bunu ətrafımda olmuş çox insan təsdiqləyə bilər. Yəni, veqanlığın orqanizmi zəiflətdiyi cəfəngiyyatdır. Bizi xəstələndirsə, elə həbsxana mühiti xəstələndirəcək.

Mən Ələsgər Məmmədlinin “hüququ tapdalayanlarla üz-üzə olsan belə, gərək hüquqa olan rəğbətini itirməyəsən” baxışını da dəstəkləyirəm və buna görə son sözümün hüquqi hissəsi də var. Amma hüquqi hissədən əvvəl sizin və sifarişçilərin Ələsgər Məmmədliyə münasibətinizdən bəhs etmək istəyirəm.

İndiyə kimi bu mövzuda çox danışmışıq. Mən deyilənlərə əlavə olaraq, Cinayət-Prosessual Məcəlləsinin 12.4 və 12.5-ci maddələrindən, eləcə də Cenevrə Konvensiyasından danışmaq istəyirəm. 12.4-cü maddəyə əsasən, hüquq və azadlıqların müvəqqəti məhdudlaşdırılmasına yalnız zərurət halında yol verilir. Siz isə Ələsgər bəyi həbsdə saxlamağın zəruriliyini əsaslandıran heç bir sağlam arqument təqdim edə bilməmisiniz. 12.5-ci maddədə isə deyilir ki, cinayət təqibi zamanı insanların sağlamlığına təhlükə yaradan üsullardan istifadə etmək qadağandır. Siz isə bu qanuna tabe olmaq əvəzinə, Ələsgər Məmmədlinin həyatına qəsdlə bağlı qərar verənlərə möhür vuran dəftərxana əməkdaşı rolunda çıxış etməyə razılıq vermişsiniz. Sizin bu münasibətinizin qəddarlığını müqayisəli şəkildə ortaya qoymaq üçün hərbi əsirlərlə bağlı 80 il əvvəl qəbul olunmuş Cenevrə Konvensiyasını misal gətirmək istəyirəm. Həmin Konvensiyanın 12-ci maddəsində hərbi əsirlər xəstələndikdə onların tibbi yardımdan, qayğı və himayədən məhrum edilməsi qəti qadağandır. Yəni, həmin maddəyə görə hərbi əsirlərə bütün hallarda hörmət bəslənilməli və humanist rəftar olunmalıdır. 80 il əvvəl odlu silahla döyüşən hərbi əsirlər üçün belə nəzərdə tutulan hüquqları siz bu gün günahsız həbs edilmiş, hüquq və azadlıqlar cəbhəsində əsir düşmüş Azərbaycan ziyalısı Ələsgər Məmmədliyə əsirgəyirsiniz.

Burada da kiçik bir haşiyə çıxıb Elbəyi Kərimlinin, Faina Kunqurovanın, Bayram Məmmədovun, Səbuhi Səlimovun və dostum Sevil Atakişiyevanın xatirəsini yad etmək istəyirəm. Arzu edirəm ki, Ələsgər Məmmədli, Aynur Elgünəş, Tofiq Yaqublu və digər dəyərli şəxsiyyətlər tezliklə azadlığa çıxsınlar ki, onların da xatirəsini bu siyahıda yad etmək məcburiyyətində qalmayaq.

Gələk son sözümün hüquqi hissəsinə. 10 A4 səhifəsi həcmində olan hüquqi hissəni müdafiəçim Günay İsmayılova elektron məhkəmə sisteminə yükləyib. O mətni burada olduğu kimi səsləndirmək fikrim yoxdur. Sadəcə məzmununun nə olduğunu açıqlayacağam. Mənim əvvəldən bir iddiam var ki, mənə qarşı nəinki konkret bir ittihamı, heç hansısa bir şübhəni də cavabsız qoymayacağam. Bu iddiadan çıxış edərək, hüquqi hissədə prokurorun mənə verməli olduğu, amma vermədiyi sualları özüm-özümə sual kimi qeyd edib, özüm də cavablandırmışam. Bu ay prokurorun əvəzinə də işləmişəm. Maaşından Kürdəxanıya sovqat göndərsə, pis olmaz. Hüquqi hissədə həmçinin şahid ifadələri ilə bağlı arayışlar da vermişəm. Həmin hissəni vəkil Günay xanımla müzakirəmizdə o, məndən dönə-dönə tələb etdi ki, son sözün hüquqi hissəsində bəraət də istəyim, ən azından Avropa Məhkəməsi üçün. Mən də onun istəyini qismən yerinə yetirərək bəraət istəyirəm. Amma sizdən yox, Avropa İnsan Hüquqları Məhkəməsindən. Bizim hakimlərə etimadımız yoxdurmu? Əlbəttə, var. Amma o hakimlərə ki, bir gün siz də onlar kimi azad olmağın arzusundasınız. “Berlində hakimlər var” hekayəsini yəqin ki, eşitmişsiniz. IDI-nin təşəbbüsü olan Müdafiəçi Hüquq Müdafiə Mərkəzinin şüarında da deyildiyi kimi, “biz istəyirik Bakıda da o hakimlərdən olsun”.

Prosessual Məcəllənin 25.1-ci maddəsi hakimlərin müstəqilliyindən bəhs edir. Həmin maddədə deyilir ki, hakimlər Azərbaycan Respublikası qanunlarından başqa heç bir gücə tabe deyillər. Reallıqda isə Azərbaycan Respublikası hakimləri Prezident Administrasiyası və BMCMİ başda olmaqla icra orqanlarına tabedirlər. Mən bu heyətdən həm də ona görə heç nə gözləyə bilmərəm ki, bu heyət Roman Ələkbərlinin sədrliyi ilə ötən dövrdə 11 aylıq bir körpəni 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib və cəzanın icrasını təxirə belə salmayıb. Bəli, düz eşitdiniz. O körpə Bakı İstintaq Təcridxanasında doğulub, indi Təcridxananın 2 saylı korpusundadır və 4-5 il sonra həbsxanadan çıxıb birbaşa məktəbə gedəcək.

Ölkə reallığını tam çatdırmaq üçün tanışlığım olan başqa iki nəfərdən də bəhs etmək istəyirəm. Bu iki nəfər iki il yarım əvvəl mənimlə eyni vaxtda həbs edilmişdi. Birincisi mənimlə eyni kamerada idi və 100-ə yaxın insana qarşı 300.000 manatdan çox məbləğdə dələduzluq etmişdi. Oğurladıqlarının bir hissəsini hakimlərə verməklə 3 il 3 ay müddətinə azadlıqdan məhrum edildi və bu yaxınlarda öyrəndim ki, cəzasının üçdəikisini çəkdikdən sonra artıq azadlığa çıxıb. Bu şəxslərdən ikincisi qarşı kamerada idi. O isə çətənə plantasiyası qurub, yüzlərlə çətənə kolu əkmişdi. Bu şəxs isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi və eyni qaydada o da cəzasının üçdəikisini çəkdikdən sonra azadlıqdadır. Heç olmasa, islah olunublarmı? Qətiyyən.

Biri deyir ki, çıxıb təzədən şirkət quracağam və ilk narazılıqda gecə ilə ölkəni tərk edəcəyəm. Digəri isə deyirdi ki, 15 ildir bu işi görürəm, bu il filan ehtiyatsızlığı etdim deyə tutuldum. Yəni, bu insanlar indi azadlıqda yüz minlərlə manat çirkli pulu xərcləyirlər və cəmiyyət üçün də aktiv təhlükədirlər.

Tərəzinin digər gözündə ölkənin parlaq gənclərindən İlkin Əmrahov qara qəpiyi olmadığı halda çirkli pulları yumaq ittihamı ilə ömrünün yazında 14 ilini həbsdə keçirəcək. Gənclik oğrularının İlkinə verdiyi mesaj budur ki, demokratik dəyərləri müdafiə etmək əvəzinə, gələn dəfə plantasiya qursun, kultivasiya ilə məşğul olsun, insanların etibarından sui-istifadə etsin, onların ümidlərini oğurlasın, zəhmətlərini mənimsəsin. Elə də həm azadlıqda qalacaq, həm də milyonçu olacaq.

Və sonda bir neçə təklifim var.

Bu üç hakimə təklif edirəm ki, veqan olasınız. Veqan olasınız, mənimlə bağlı çıxaracağınız qanunsuz hökmlərə görə sizi bağışlayacağam.

Azərbaycan son iki ildə iki böyük beynəlxalq tədbir keçirdi - COP29 və Şəhərsalma Forumu. Amma məncə, Azərbaycan bu tədbirlərin analoqu kimi real təcrübələrini bölüşdüyü başqa beynəlxalq forum da keçirə bilər. Məsələn, məhkəmə sahəsindəki təcrübəni bölüşmək üçün “Şərə-salma Forumu”, yaxud media sahəsindəki təcrübəni bölüşmək üçün “GOP29” keçirilsə, daha səmimi olar.

Burada dedik, güldük, vaxtımız kifayət qədər əyləncəli keçdi. Ona görə təklif edirəm ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin müstəqil statusu ləğv edilsin və “teatr” statusu alaraq Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərsin. Hazırladıqları xüsusi şouya görə şən kloun Malışova və hoqqabaz heyətinə də təşəkkürlərimi bildirirəm.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

“Meydan TV işi”: 'Azərbaycanda fikir və söz azadlığı Əliyev iqtidarının təcavüzü altındadır'

8 Avqust 2026

Meydan TV

Avqustun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə növbəti məhkəmə prosesi baş tutub. “Meydan TV”-nin xəbərinə görə, bu dəfəki iclasda iş üzrə həbsdə olan jurnalistlərdən daha 3 nəfər - Aytac Tapdıq (Əhmədova), Aysel Umudova və Nurlan Libre (Qəhrəmanlı) ifadə verib. Bildirilir ki, təqsirləndirilən 12 jurnalistdən bir qismi məhkəmə zalındakı şüşə kabinədə saxlanılır, bəzilərinə isə vəkillərinin yanında əyləşməyə icazə verilib. Kabinənin şüşə arakəsmələrindən içəridə danışılanları eşitmək mümkün olsa da, həmin hissədə Penitensiar Xidmətin qadın və kişi əməkdaşlarından ibarət konvoy yerləşdirilib. Jurnalistlərin sözlərinə görə, konvoy əməkdaşları onların qarşısını kəsib və bu, etirazlara səbəb olub. “Elə bil ki, burada terrorçular mühakimə...
Məhkəmə

Əli Kərimlinin mühafizəçisi olmuş Bəhruz Həsənli Ukraynada 30 sutkalıq həbs olunub

7 Avqust 2026

Sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Bəhruz Həsənli Ukraynada 30 sutkalıq həbs olunub.  Partiya üzvlərinin yaydığı məlumata görə, bu barədə avqustun 6-da Ukrayna Apellyasiya Məhkəməsi qərar verib.  Məhkəmə fəalın barəsində iyulun 27-dən hesablanmaqla 40 günlük müvəqqəti həbs qərarı verib.  B.Həsənli iyulun 27-də Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında Ukraynanın Xarkov şəhərində saxlanılıb, daha sonra məhkəmə qərarı ilə sərbəst buraxılmışdı.  Ukrayna prokurorluğu isə fəalın barəsində birinci instansiya məhkəməsinin qərarından şikayət verib və apellyasiya məhkəməsi bunu təmin edib.  B.Həsənlinin vəkilinin məlumatına görə, hələlik Azərbaycandan fəalın ekstradisiyası ilə bağlı Ukraynaya rəsmi sorğu daxil olmayıb. Buna baxmayaraq,...

Seçilmiş Videolar

Toplum TV loqo