Məhkəmə

Ramin Deko: “Ədalət tərəfindəsinizsə, Messini də həbs edin”

6 aprel, 2026
388

Foto/kollaj: Toplum TV

Aprelin 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə növbəti məhkəmə prosesi baş tutub.

“Meydan TV”-nin xəbərinə görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə bu dəfə təqsirləndirilən şəxslərdən jurnalistlər Natiq Cavadlı və Ramin Deko (Cəbrayılzadə) ifadə verib.

N.Cavadlı ifadəsində həbsini “saxta və qurama” adlandırıb. 

“Əslində, Azərbaycanın gerçək mətbuatı həbsdədir. Bir il ərzində 3 media orqanına - “Abzas Media”, “Toplum TV” və “Meydan TV”-yə qarşı repressiya həyata keçirilib. Nəinki müstəqillik tarixində, hətta birpartiyalı SSRİ dövründə, dəhşətli 37-ci ildə belə mətbuata qarşı belə repressiya olmayıb. Bununla, qanlı hakimiyyətinizin yalan yayan mediaya ehtiyacı olduğu görünür. Yalan elə bir şeydir ki, öz arxasınca digər şərəfsizliklər gətirir”, - o qeyd edib. 

Natiq Cavadlı ifadəsini bitirəndən sonra dövlət ittihamçısı, vəkillər və digər təqsirləndirilən şəxslər ona suallar ünvanlayıblar. O, prokurorun suallarını cavablandırmaqdan imtina edib. Digərlərinin suallarına cavab olaraq isə bildirib ki, özü və həmkarlarının həbsinin “əsl səbəbi dövlət başçısı İlham Əliyevin ölkədə azad mətbuat görmək istəməməsidir”. 

Ardınca çıxış edən R.Deko saxlanılan zaman ölkəyə qaçaqmalçılıq yolu ilə 38 min avro gətirdiyi barədə ittihamı rədd edib. Lakin o əlavə edib ki, ittiham doğru olsaydı belə, bu, onun həbsinə əsas vermirdi. 

“Fərziyyəyə əsaslanıb deyək ki, mən ölkəyə 38 min avro pul gətirmişəm. Yaxşı, bunun nəyi pisdir? Mən ölkə iqtisadiyyatına xeyir vermişəm. Ölkəyə pul gətirmişəm, ölkədən pul çıxartmamışam. Amma məndən beş gün sonra, hörmət etdiyim və sevdiyim futbolçu Lionel Messi üç dostu - Alba, Suarez və Busquetslə Azərbaycana gəlir və 5 milyon avro aparır. Mən - ölkəyə pul gətirən adam həbs olunuram, amma Azərbaycandan pul çıxaran Messi və dostları paşa-paşa öz həyatlarını yaşayırlar. Ədalət tərəfindəsinizsə, Messini də həbs edin, göndərin Kürdəxanıya, mənim yanıma”, - o bildirib. 

R.Deko da həm prokurorun, həm də hakimlərin suallarına cavab verməkdən imtina edib. O, bunu belə əsaslandırıb: “Qaldırdığımız vəsatətlərin heç biri təmin olunmayıb. Məhkəmənin ədalətinə inanmıram. Ona görə də heç bir suala da cavab vermirəm”.

Daha sonra təqsirləndirilən şəxslərdən jurnalist Şəmşad Ağa vəsatət verərək cinayət işində “Meydan TV” və Bakı Jurnalistika Məktəbinə aid hissələrin ayrılmasını istəyib. 

“Müstəntiq özü də etiraf etdi ki, məbləği böyük göstərmək üçün bu işləri birləşdiriblər. “Meydan TV”-nin Bakı Jurnalistika Məktəbinə aidiyyəti yoxdur”, - o deyib. 

Məhkəmə vəsatəti təmin etməyib. 

Digər təqsirləndirilən şəxs, jurnalist Aytac Tapdıq (Əhmədova) isə saxlandıqları Bakı İstintaq Təcridxanasında iki nəfər dustağa qarşı işgəncənin şahidi olduğunu bildirib və bunun araşdırılması üçün prokurorluğa sorğu göndərilməsi barədə vəsatət qaldırıb. 

Məhkəmə vəsatəti təmin edib.

R.Dekonun vəkili Nemət Kərimli jurnalistin saxlanıldığı gün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qeydə alınmış videogörüntülərinin alınması barədə vəsatət verib. Vəkil bildirib ki, həmin gün Tbilisidən ölkəyə qayıdan müvəkkili aeroportda gömrük əməkdaşları tərəfindən yoxlanılıb və üzərində 8 min avro pul olub, lakin sonradan polislər yolda onu saxlayıb və üzərindən 38 min avro pul çıxdığını iddia ediblər. Məhkəmə bu vəsatəti də təmin edib. 

Növbəti məhkəmə prosesi aprelin 17-ə təyin olunub. 

"Meydan TV işi" üzrə 12 nəfər ittiham olunur.

2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.

Sonradan “Arqument. az” saytının baş redaktoru, "Meydan TV" ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi”nə görə həbs edilib.

Onlar, əsasən, qaçaqmalçılıq olmaqla bir neçə maddə ilə ittiham olunurlar. 

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir. Onlar jurnalist fəaliyyətinə görə hökumətin siyasi sifarişi ilə həbs olunduqlarını deyirlər


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

“Toplum TV işi”ndə jurnalist hakimə: ‘Bunu məhkəmə hesab etmirəm, məni zaldan çıxarın’

2 noyabr 2026

Toplum TV

Noyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Proses başlamazdan əvvəl “Toplum TV” jurnalisti Fərid İsmayılov saxlanıldığı təcridxanada məhbuslara münasibətlə bağlı danışıb. “Umbakı Penitensiar Müəssisəsində insanlıq əleyhinə cinayətlər baş verir. Təcridxananın rəisi Rəşad Yusifov sentyabrın 27-də öz iş otağında ictimai fəal Nicad İbrahimi Pərviz adlı rejim rəisinə döydürüb. Məhbusun vəziyyətini işçilər və məhbuslar görüb. Kameraları açıb baxsınlar. Qan içində qalan məhbusu yerdə sürüyərək qanı təmizlətdiriblər. Pərviz adlı rejim rəisi tərəfindən döyülüb. Onu o qədər döyüblər ki, yer bütün qan olub. Sonra N.İbrahimə deyiblər qanı silsin. O da bundan imtina edəndə özünü yerdə sürüyüb, qanı elə siliblər”,...
Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...

Seçilmiş Videolar

Toplum TV loqo