Əli Zeynal, İlkin Əmrahov, Ramil Babayev və Fərid İsmayılov: “Fikirdə, hədəfdə, əməldə birlik!”
Toplum TV
“Toplum TV işi” üzrə həbs olunanlardan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov, Ramil Babayev və jurnalist Fərid İsmayılov Azərbaycandakı demokratik qüvvələrə birlik, qarşılıqlı dəstək çağırışı ilə müraciət ediblər.
Onların özlərini “Mütəşəkkil Dəstə” adlandırdıqları təşəbbüsün müraciətində ölkədə repressiyaların genişləndiyi və siyasi məhbus kimi tanınan şəxslərin sayının artdığı bildirilib, demokratik qüvvələr arasında həmrəyliyə çağırış edilib.
“Toplum TV” müraciəti olduğu kimi təqdim edir.
“Biz “Mütəşəkkil dəstə” təşəbbüsümüzü elan edərkən bildirmişdik ki, ölkədə repressiya son həddədir, həbsxanalar siyasi məhbuslarla doludur və siyasi məhbuslar bu vəziyyəti hüquq müdafiəçiliyi üçün bir fürsətə çevirə bilər. Repressiyanın son həddə olması həm də fəaliyyət sahəsini daraltmaqla ölkənin həqiqi mübarizə cəbhəsi üçün ekzistensial təhlükə yaradır.
Hesab edirik ki, belə bir vəziyyətdə mübarizənin davamlılığının təmin olunması çıxan səsin gur olmasından, daxili çəkişmələrdən yayınmaqdan, qarşılıqlı dəstək ifadəsindən, başqa sözlə, “bir ələ vurmaq”dan keçir.
Azərbaycandakı həqiqi mübarizə müxtəlif (etiraf edək ki, həm də kiçik) qruplar səviyyəsindədir və təbii olaraq bu qrupların bir-birlərinə münasibətdə əsas tutduğu müxtəlif meyarlar var.
Fikrimizcə, hakimiyyətə, repressiyalara, insan hüquqlarına münasibət meyarını bu meyarlar sıralamasında daha yuxarı sıralara keçirməyin vaxtıdır. Çünki hakimiyyətin hamıya münasibətdə yalnız bir meyarı var - məndən göstəriş alır, yoxsa yox? Belə şərait bir-birini hədəfə gətirməməyi, hakimiyyətin hədəfə gətirdiklərinin də birgə müdafiəsinə qalxmağı tələb edir. Aydındır ki, insan münasibətlərində problemli məqamların olması qaçılmazdır. Lakin şəxsi münasibətlərdən kənarda neytrallığı qorumaq əvəzinə belə məqamları ictimai müstəviyə daşımaq ümumi prosesə zərər verən amillərdəndir.
Azərbaycandakı demokratik mübarizənin yaxın tarixi göstərir ki, hakimiyyətin ən zəif olduğu anlarda qarşı cəbhədəki bölünmələr və çatlar onun istədiyi nəticələrin olmasını asanlaşdırıb. Bu mənada, demokratikləşmə mübarizəsində uzun müddətdir yer alan şəxslər əvvəlki təcrübələrdən çıxarılmalı olan dərslərlə bağlı müşahidələrini bölüşsələr, faydalı olar.
Bu qeyd etdiklərimizi uğurun formulu kimi təqdim etmirik. Bunu həbslə qorxudula bilməyən Sevinci, Fəridi, Ülviyyəsi və s. olan bu mübarizənin ömrünü uzatmağın şərtlərindən biri kimi görürük. Uğursuzluq da ehtimaldır, lakin Əhməd Hişamın dediyi kimi, “Bəzi qayələr elə dəyərlidir ki, o yolda məğlub olmaq da qələbə sayılır”.
Fikirdə, hədəfdə, əməldə birlik!
“Mütəşəkkil Dəstə” - Əli Zeynal, İlkin Əmrahov, Fərid İsmayılov, Ramil Babayev.”
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Toplum TV
HRW: “Azərbaycan dünyəvi təhsil prinsipindən qızları təhsildən məhrum etmək üçün istifadə etməməlidir”
açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Ələsgər Məmmədli Ombudsmana: “Apellyasiya Məhkəməsində silsilə hüquq pozuntularına yol verilir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar