Məhkəmə

Rüfət Səfərov: "Bu ölkədə insan hüquqlarını müdafiə edənlər ya "dələduz" çıxır, ya "narkoman"" 

1 Oktyabr, 2025
503

Foto: VOA

Sentyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Müdafiə Xətti" insan hüquqları təşkilatının həbsdə olan direktoru Rüfət Səfərovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

"Azadlıq Radiosu"nun xəbərinə görə, hakim Aygün Qurbanovanın sədrliyilə keçən prosesdə hüquq müdafiəçisi dövlət ittihamçısının suallarına cavab verib. 

O, bir daha ittihamları rədd edib və tənqidi fəaliyyətinə görə həbs olunduğunu bildirib. 

"İlham Əliyev istədiyinə görə mən buradayam. Baş prokuror Kamran Əliyevin, daxili işlər naziri Vilayət Eyvazovun, Dövlət Təhlükəsizliyi Xidmətinin sədri Əli Nağıyevin repressiv siyasətini haqlı tənqid etdiyimə görə cəzalandırılmışam", - o deyib. 

Bu zaman prokuror R.Səfərovun sözünü kəsib və onlar arasında mübahisə yaşanıb. R.Səfərov xatırladıb ki, vaxtilə özü də prokurorluq orqanlarında çalışıb, lakin "gözünün önündə insanların hüquqlarının pozulmasına, qanunların tapdalanmasına dözməyərək" könüllü şəkildə sistemi tərk edib: 

"Siz mənim keçmiş həmkarım kimi deyirsiniz ki, mən dələduzam? Onsuz da bu ölkədə demokratiyanı, insan hüquqlarını müdafiə edən adamlar ya "dələduz" olur, ya "xuliqan" olur, ya da "narkoman" olur. 2015-ci ilin dekabrında, sizdən fərli olaraq, prokurorluğun verdiyi vəsiqəni iki yerə böldüm, dedim ki, birini Zakir Qaralova çatdırın, birini də Rüstəm Usubova. Mən o zaman bilirdim ki, başıma nələr gətirəcəklər, amma yenə də bu sistemdə işləmək istəmədim".

Vəkili Elçin Sadıqovun suallarını cavablandıran R.Səfərov zərərçəkmiş qismində tanınan Natiq İmamquliyevin ona 60 min manat verməsi barədə iddianı "yalan" adlandırıb. O qeyd edib ki, şahid olmadan, alqı-satqı müqaviləsi bağlanmadan heç kim başqasına 60 min manat pul verməz.

R.Səfərov əlavə edib ki, N.İmamquliyevi ilk dəfə saxlanıldığı gün evinin qarajında, ona hücum edəndə görüb: "Maşından düşdüm, qəfildən üstümə hücum çəkdi. Özümü müdafiə etmək üçün kəmərindən yapışdım. Qarajda Eldar adlı mühafizəçi var, onu çağırdım. Bu vaxt polis maşını gəlib məni qandalladı".

Hüquq müdafiəçisi deyir ki, polislərin dərhal gəlməsiylə bunun öncədən hazırlanmış əməliyyat olduğunu anlayıb.

R.Səfərovun məhkəməsi noyabrın 3-də davam edəcək.

Rüfət Səfərov ötən il dekabrın 3-də saxlanılıb. Ona qarşı xuliqanlıq, dələduzluq və qəsdən sağlamlığa zərər vurma maddələrilə cinayət işi açılıb. 

Cinayət işində iddia olunur ki, Səfərov torpaq alqı-satqısı adı ilə Natiq İmamquliyev adlı şəxsdən 60 min manat pul alıb, sonra isə onların arasında mübahisə düşüb və Səfərov İmamquliyevi vurub.

Səfərov isə ittihamları rədd edir və peşə fəaliyyəti ilə bağlı həbs olunduğunu deyir. 

Hüquq müdafiəçisi həbsi ərəfəsində ABŞ-yə səfər etməyə və Dövlət Departamentindən insan hüquqları üzrə mükafat qəbul etməyə hazırlaşırdı.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

“Toplum TV işi” üzrə apellyasiya prosesi başlayır

18 Sentyabr 2026

Toplum TV

“Toplum TV işi” üzrə 12 ildən 15 ilədək həbs cəzasına məhkum olunan 9 nəfərin apellyasiya şikayətlərinə baxılacaq. Bakı Apellyasiya Məhkəməsində baş tutacaq ilk iclas sentyabrın 21-nə təyin edilib. “Toplum TV işi“ üzrə təqsirləndirilən şəxslərə İyulun 27-də Bakı Ağır Cinayətlər məhkəməsində hökm oxunub. Hökmə əsasən, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov 15, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli 14, siyasətçi Ruslan İzzətli 15, IDI əməkdaşları Ramil Babayev 13, Əli Zeynal 14, İlkin Əmrahov 13, “Toplum TV” əməkdaşları Müşfiq Cabbar 13, Fərid İsmayılov 12, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. E. Abbasov məhkəmə zalında həbs olunub. Məhkum...
Məhkəmə

Kamal İsayevə 8 il yarım həbs cəzası verilib

8 Sentyabr 2026

sosial media

Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hökumət tənqidçisi Kamal İsayevin işi üzrə sonuncu məhkəmə prosesi keçirilib. Yaxınlarının "Toplum TV"yə verdiyi məlumata görə, hakim Fərid Namazovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, o, 8 il yarım müddətinə azadlıqdan məhrum edilib. Prosesdə əvvəlcə ötən iclaslarda olduğu kimi K.İsayevin müxtəlif vaxtlarda etdiyi sosial media paylaşımları nümayiş etdirilib. Bu dəfəki paylaşımlarda onun Qarabağın azad edilməsi ilə bağlı Azərbaycan xalqına ünvanladığı videomüraciətlər yer alıb.  Müdafiə tərəfi nümayiş etdirilən videoların yenidən ekspertiza olunması və ekspert tərəfindən yeni rəy verilməsi barədə vəsatət qaldırıb. Vəkil Nemət Kərimli bildirib ki, təqdim olunan materiallarda irəli...

Seçilmiş Videolar

Toplum TV loqo