Ölkə

DTX Rusiyada yaşayan talış tarixçini həbs edib

16 aprel, 2025
940

Sosial media

Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) Rusiyada yaşayan talış tarixçi Zahirəddin İbrahimovu həbs edib. 

Bu barədə İbrahimovun qohumları “OC Media” saytına məlumat veriblər. Onlar DTX-dən tarixçiyə qarşı, dövlətə xəyanət maddəsi də daxil olmaqla, Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürüldüyü haqda məktub əldə ediblər. 

Rusiyanın Yekaterinburq şəhərində yaşayan İbrahimovdan martın 26-dan xəbər almaq mümkün olmayıb. Qohumları isə DTX-nin məktubunu aprelin 9-u qəbul ediblər. Onlar tarixçinin ölkəyə gətirilməsinin Rusiya hüquq-mühafizə orqanları ilə razılaşdırıldığını deyirlər. 

İbrahimov 2002-ci ildən Rusiya vətəndaşıdır. O, sonuncu dəfə 2014-cü ildə Azərbaycana gəlməyə cəhd etsə də, hava limanından geri qaytarılıb. 

Həm də bloqer kimi fəaliyyət göstərən tarixçi özünün “YouTube” kanalında talış dilində veriliş aparıb. O, 2012-ci ildə qurulan Talış Mədəniyyəti Mərkəzinin təsisçilərindən biri olub. 

İbrahimova dövlət tərəfindən ayrılan vəkil Səyyarə Əliyeva “OC Media”ya açıqlamasında iddia edib ki, tarixçi DTX-də dindirilməsi zamanı Ermənistanla əlaqələrindən danışıb. 

“Onun Rusiyadan necə gətirilməsini bilmirəm, amma dindirmə zamanı o, 2018, 2019 və 2020-ci illərdə etdiklərini etiraf etdi. Sonra talışların hüquqlarından, talış təşkilatlarından, talışların hüquqlarının pozulmasından danışdı. O, belə axmaq şeylərdən danışdı. Biz hamımız azərbaycanlıyıq”, - Əliyeva deyib. 

Azərbaycanda talışlar və başqa etnik azlıqların hüquqları həmişə aktual olan məsələlərdəndir. Ötən ilin noyabrında Avropa Şurasının milli azlıqların qorunması ilə bağlı rəyində Azərbaycanda bu sahədə bir sıra çatışmazlıqların mövcud olduğu vurğulanıb. 

Rəsmi Bakı isə rəydə yer alan bəzi mülahizələrin əsassız olduğunu və reallıqları dəqiqliklə əks etdirmədiyini deyir. 

Talışlar Azərbaycanda sayca ən böyük etnik azlıq hesab olunur. Onların sayı yarım milyonla 1 milyon arasında dəyərləndirilir. 

Talış hüquqları fəalları Azərbaycanda mütəmadi həbslərə məruz qalıb. 

Ən son ötən ilin oktyabrında talış fəal Mirhafiz Cəfərzadə dövlətə xəyanət maddəsi ilə 16 illik həbs cəzasına məruz qalıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Şəkidəki ölümcül kanat qəzası ilə bağlı iki nəfər həbs olunub

3 noyabr 2026

sosial media

“Şəki Yaylası” Ailəvi İstirahət Mərkəzində iki nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı mərkəzi idarə edən sahibkar və daha bir şəxs həbs olunub. Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, hadisə sentyabrın 8-də Şəkinin Baş Kəldək kəndində yerləşən istirahət mərkəzində baş verib. İstintaqın versiyasına görə, mərkəzin sahibi Ramiz Hüseynov “zipline” qurğusu üçün nəzərdə tutulan qüllənin tikintisini müvafiq lisenziyası və xüsusi təhsili olmayan Abasət Paşayevə həvalə edib. Qüllənin qanunsuz tikildiyi bildirilir. İstintaq materiallarına əsasən, qüllənin üzərindəki dəmir konstruksiya deformasiyaya uğrayıb və kanatda dalğalanma yaranıb. Bundan əlavə, kustar üsulla hazırlanmış tormozlama və təhlükəsizlik vasitələrinin nasazlığı nəticəsində “zipline” qurğusu kanatdan çıxıb, onun parça hissəsi...
Ölkə

Avropa Məhkəməsi Yasamalda mənzilləri sökülmüş sakinlər üçün 135 min avro təzminat kəsib

15 oktyabr 2026

açıq mənbə

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2016-cı ildə paytaxtın Yasamal rayonunda mənzilləri sökülmüş sakinlərin şikayətinə baxıb.  Vəkil Fariz Namazlının yaydığı məlumata görə, oktyabrın 13-də verilən qərarda ərizəçilərə qarşı hüquq pozuntuları tanınıb və onlar üçün ümumilikdə 135 min avrodan çox məbləğdə təzminat kəsilib. Qərarın mətnində göstərilir ki, Yasamal rayonunda yaşayan beş şikayətçinin mənzillərinin bir hissəsi 2016-cı ilin iyulunda yerli icra hakimiyyəti tərəfindən sökülüb. İcra hakimiyyəti söküntünü icra edərkən Nazirlər Kabinetinin 2015-ci ilin noyabrına aid olan qərarına istinad edib. Yerli məhkəmələr ərizəçilər üçün 33-90 min manat aralığında məbləğlərdə təzminat təyin edib.  AİHM isə müəyyən edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin xüsusi mülkiyyətdə olan...

Seçilmiş Videolar

Toplum TV loqo