Siyasət

Ramil Babayev sivil itaətsizliyə başlayıb

8 oktyabr, 2026
259

sosial media

“Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev sivil itaətsizliyə başladığını elan edib. 

O, buna səbəb kimi avqust ayında ədliyyə naziri Fərid Əhmədova yazdığı açıq məktubdakı tələblərinin təmin olunmamasını göstərib. 

“Toplum TV” R.Babayevin yeni müraciətini olduğu kimi təqdim edir:

“Məhkəmədə niyə iştirak etmirəm? 

Bu suala cavabım ilk ağla gələn cavabdır: Azərbaycanda məhkəmə mövcud olmadığı üçün. Əslində mücərrəd düşünmə vərdişi olan hər bir şəxs Azərbaycanın cari reallığından agahdır. 

Magistratura təhsilim dövründə “Sosial siyasətin hüquqi əsasları” fənnini mənə çoxsaylı dərsliklərin müəllifi olan, ölkənin ən nüfuzlu hüquq professorlarından biri keçirdi. Qrup yalnız məndən təşkil olunmuşdu və mən dərsdə yazılı tapşırıqları icra edərkən bəzən müəllimim həmkarlarına telefon zəngi edirdi. Həmin telefon danışıqlarında o, ölkənin hüquqi vəziyyəti ilə bağlı (qanunun aliliyi, məhkəmələrin müstəqilliyi və s.) açıq şəkildə tənqidi mövqe sərgiləsə də, onun kitablarında və ictimai mövqeyində həmin tənqidlərdən əsər-əlamət görmək mümkün deyildi. İqtisadiyyat, jurnalistika, politologiya və s. ixtisaslarında təhsil alan azad fikirli gənclərlə söhbətlərimdən onların da müəllimləri ilə bağlı oxşar müşahidələrə malik olduğunu görmüşəm. Yəni hamı hər şeyi bilir, amma nələrisə itirməkdən qorxduğu üçün bildiklərini özünə saxlayır. 

Bizə hökm oxuyan hakim Azər Tağıyev də hər şeyi bilirdi. Bəzən çox qəzəblənəndə və iclasdan sonra kamera çəkilişi dayandırılanda işlətdiyi ifadələrdə səlahiyyətsizliyi ilə bağlı açıq sözlü olurdu. Eynilə müstəntiqlər də. Məsələn, “istintaq”ın sonunda 800 səhifəlik istintaq materialları ilə tanış olmağa başlayanda Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi mənə dedi: “Açıq danışacağam. Əgər bu qədər yazını özünlə bağlı nə isə axtarmaq üçün oxuyacaqsansa, oxuma, heç nə yoxdur. Maraq üçün oxumaq istəyirsənsə, oxu. Vaxt məhdudiyyətin yoxdur”. Nəticədə, Azər Tağıyev imzaladığı hökmdə müstəntiqin içi boş olduğunu etiraf etdiyi iş materiallarını olduğu kimi köçürdü. 

Oradakı saxtalaşdırmalarla bağlı onlarla misal çəkmək olar, amma hesab edirəm ki, nümunə üçün birini qeyd etmək kifayətdir. İttihamda saxta sübut kimi mənim banka xarici valyuta satdığım qeyd olunub. Lakin məhkəmə dövründə banka göndərdiyimiz rəsmi sorğunun cavabından aydın görünür ki, mən banka xarici valyuta satmamışam. Əksinə, banka manat valyutası təqdim edərək onu dollar valyutasına mübadilə etmişəm. Buna baxmayaraq, həmin ittiham sübutlar siyahısından çıxarılmadı və Azər Tağıyev hökmdə nə isə yazmağa məcbur olduğu üçün yenə qeyd etdi ki, banka 400 dollar satmışam və bu, qaçaqmalçı olmağımın sübutudur. Belə bir hökmün davamı olan məhkəmədə niyə iştirak edim?!

Məhkəmədə iştirak etməməyimin digər səbəbi hazırda sivil itaətsizlik aksiyası etməyimdir. Avqust ayının sonlarında ədliyyə naziri Fərid Əhmədova göndərdiyim açıq məktubda olan işgəncələrin araşdırılmasını tələb etmişdim. Bu istiqamətdə heç bir addım atılmadığı üçün 22 sentyabr tarixindən etibarən başlatdığım sivil itaətsizliklə sıra yoxlanışına, vəkil görüşünə, telefon danışığına, ailə görüşünə, müəssisə rəisinin qəbuluna və məhkəməyə çıxmayacağımı elan etmişəm. Bu müddət ərzində baş verənlərlə bağlı daha sonra ətraflı məlumat verəcəyəm. 

Bakı Apellyasiya Məhkəməsinin hakimi Zəfər Əhmədov 21 sentyabr tarixindəki hazırlıq iclasında ictimailəşmiş bu işgəncə faktlarına münasibət bildirmək əvəzinə onu tənqid edən Fərid İsmayılovun məhkəmə zalından çıxarılmasına göstəriş verdi. Bu şounun təşkilatçılarının məhkəmə keçirmək niyyətində olmadığını bilirdik, lakin görünür, heç məhkəmə görüntüsü yaratmaq niyyətləri də yoxdur.”


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İsa Qəmbərin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub

21 noyabr 2026

Foto: VOA

Müsavat Partiyasının başqanı İsa Qəmbərin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub.  Bu barədə onun özü sosial media hesabında məlumat verib. Siyasətçinin sözlərinə görə, noyabrın 21-ə keçən gecə Berlinə uçmaq üçün Bakı Beynəlxalq Hava Limanına yollansa da, onun ölkəni tərk etməsinə icazə verilməyib. İ.Qəmbər ölkədən çıxışının məhdudlaşdırılması barədə özünə rəsmi izah verilmədiyini yazıb. O, konfransda iştirak üçün Berlinə uçmalı olduğunu bildirib və noyabrın 23-də Azərbaycana qayıdacağını göstərən təyyarə biletini də paylaşımına əlavə edib.  Bu ilin iyununda Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı da Azərbaycanı tərk etmək istəyərkən çıxışına məhdudiyyət qoyulduğunu öyrənib.  Azərbaycanda son illərdə bir sıra müxalif siyasətçilər, jurnalistlər və ictimai fəalların ölkədən...
Siyasət

Elnarə Qasımovanın yazısından: “Rəis qadın məhkumları döyür, yaraları görünməsin deyə “kars”a göndərir”

21 noyabr 2026

Foto: Ülviyyə Əli

4 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi məhkumları “döyür, ardınca cərimə kamerasına (“kars”) göndərir”.  Bu iddia “Abzas Media”nın həbsdə olan jurnalisti Elnarə Qasımovanın sözügedən həbsxanada saxlanılan məhkumlara istinadən qələmə aldığı yazısında yer alıb.  Aprel ayında 4 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Elgiz İsmayılov ədliyyə naziri Fərid Əhmədovun əmri ilə vəzifəsindən azad olunub. Onun yerinə 5 il əvvəl də bu müəssisəyə rəhbərlik etmiş Vaqif İsmayılov təyin olunub. E.Qasımovanın yazdığına görə, V.İsmayılovun bu müəssisədə ilk rəisliyi 1 il 2 ay çəkib və o, çoxsaylı şikayətlərdən sonra vəzifəsindən azad olunub. O, məhkumlara istinadən əlavə edir ki, V.İsmayılov müəssisəyə qayıtdıqdan sonra məhkumlar önündə ilk çıxışında vaxtilə barəsində...

Seçilmiş Videolar

Toplum TV loqo