eeas.europe.eu
Rəsmi Bakı Ermənistandakı silahsız avropalı müşahidəçilərin çıxarılmasını tələb etdiyi halda, Rusiya hərbi bazasının adını niyə çəkmir?
Avropa İttifaqı Şurası Ermənistandakı missiyasının (EUMA) mandatını daha 2 il uzadıb. Silahsız mülki müşahidəçilər qrupu 19 fevral 2027-ci il tarixinə qədər Azərbaycanla sərhəd zolağında monitorinq aparmaq üçün Ermənistanda qalacaq. Onlara 44 milyon avro büdcə ayrılıb. Müşahidəçilər 25 üzv dövləti və Kanadanı təmsil edir.
Aİ-nin qərarı Azərbaycan-Ermənistan sülh prosesi və bölgədəki geosiyasi rəqabətin gedişatı baxımından çox vacibdir. Azərbaycan rəhbərliyi müşahidə missiyasının fəaliyyətinə nəinki mənfi yanaşır, hətta bu məsələdə olduqca aqressiv mövqe tutur. Rəsmi Bakı Aİ monitorinq qrupunu kəşfiyyat missiyası adlandıraraq iddia edir ki, onlar sərhəddə Azərbaycana qarşı casusluq fəaliyyəti aparırlar. Hətta prezident İlham Əliyev Rusiyanın dövlət informasiya agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində daha da irəli gedərək Aİ müşahidə missiyasının əslində NATO infrastrukturu olduğunu bəyan etdi. Dövlət başçısının fikrincə, həmin missiyaya Kanadanın da qoşulması onu avtomatik NATO infrastrukturuna çevirir. Müsahibədən çox ciddi bir mətləbi də öyrəndik ki, Azərbaycan Aİ müşahidəçilərinin Ermənistandan çıxarılmasını və ümumiyyətlə, sərhəddə bu tip missiyaların yerləşdirilməməsi öhdəliyinin sülh müqaviləsinə daxil edilməsini istəyir və danışıqlarda razılaşdırılmayan 2 məsələdən biri budur. (Digəri qarşılıqlı beynəlxalq iddialardan imtina etməkdir).
Əvvəla, sual yaranır ki, cəmi 165 avropalı və kanadalı mülki müşahidəçi (əlavə 44 nəfər yerli müşahidəçi də var) hansı əsasla NATO infrastrukturu hesab olunur? Hərbi infrastruktur hərbi birləşmələrin yerləşdirildiyi və istifadə etdiyi hərbi bazalar, silah-sursat və hərbi texnika anbarları, hərbi təlim mərkəzləri, hərbi postlar, fortifikasiyalar və s. deməkdir. Hamıya məlumdur ki, Aİ missiyası heç bir halda hərbi infrastruktur anlayışına uyğun gəlmir. Bu, adi bir monitorinq qrupudur. Əgər sərhəddə hərbi toqquşmalar başlayarsa, bu qrupun Ermənistanı müdafiə etmək üçün nə imkan və qabiliyyəti var, nə də mandatı. Bu halda onlar, sadəcə olaraq, faktı qeydə alıb, ərazidən uzaqlaşacaqlar.
Məsələnin siyasi tərəfinə gəldikdə isə Azərbaycan NATO ilə müxtəlif proqramlar çərçivəsində əməkdaşlıq edən və NATO üzvü Türkiyə ilə müttəfiqlik münasibətlərinə malik ölkə olaraq bu ittifaqı indiyədək özünə qarşı təhdid kimi qiymətləndirməyib. Azərbaycan Müdafiə Nazirliyinin saytında qeyd olunur ki, nazirlik NATO-nun tərəfdaşlıq mexanizmlərindən səmərəli şəkildə istifadə edir və bu mexanizmlərdən faydalanır. Sərhədlərimizdə NATO infrastrukturunun mövcud olduğu fikri doğrudur, amma bu infrastruktur Ermənistanda yox, Türkiyədə yerləşir. Bakı Türkiyədəki NATO infrastrukturunu da təhlükə sayırmı? Yəqin ki, yox. Türkiyənin razılığı olmadan bu infrastrukturdan hansısa ölkəyə qarşı istifadə olunması və ümumən NATO-da hansısa qərarın qəbulu mümkün deyil, çünki bütün üzvlər kimi, Ankaranın da veto hüququ var.
Belə olan halda, rəsmi Bakı niyə məhdud tərkibli silahsız missiyaya qarşı kəskin mövqe tutur və ona “kəşfiyyat missiyası”, “NATO infrastrukturu” kimi böyük mənalar yükləyir? Səbəb odur ki, Azərbaycan regiondakı mövcud geosiyasi şəraitin və qüvvələr nisbətinin dəyişməsi ilə razılaşmır. Açıq ifadə etsək, Avropa İttifaqının və ümumilikdə Qərbin bölgədə təsirinin genişlənməsi Azərbaycan rəhbərliyinin marağında deyil. Qərb institutlarının və mərkəzlərinin bölgəyə fəal nüfuz etməsi hakimiyyət maraqları baxımından təhlükə hesab olunur. Bölgə problemlərinin 3+3 formatı çərçivəsində Rusiya, Türkiyə və İranın iştirakı ilə həlli rəsmi Bakının prioritetidir, Qərb isə “regiondan kənar güc” kimi qəbul olunur və onun bölgəyə müdaxiləsi yolverilməz sayılır.
Qərb hökumətləri öz siyasətində praqmatizmi önə çıxarıb, insan haqları, demokratikləşmə, hüquq dövləti kimi dəyərləri nə qədər arxa plana atırsa-atsın, Qərbin irəlilədiyi yerlərə əvvəl-axır onun dəyərləri də gəlir. Ən azı qeyri-hökumət strukturları vasitəsilə “demokratik missionerlik” fəaliyyəti həyata keçirilir, avtoritar rejimlər isə bunu özlərinə təhdid hesab edirlər. Digər tərəfdən, Ermənistanın avrointeqrasiya siyasəti uğurla davam edərsə, bu proses onun sosial-iqtisadi inkişafına da müsbət təsir göstərəcək. Ermənistan artıq iqtisadi artım və adambaşına düşən ÜDM səviyyəsinə görə Azərbaycanı üstələyib. Bu inkişaf Aİ-nin dəstəyi ilə daha da sürətlənərsə, Azərbaycan rəhbərliyi üçün ciddi siyasi-psixoloji diskomfort yaranacaq. Ölkə içərisində etirazların beşiyində boğulmasına, hüquq və azadlıqların yox edilməsinə baxmayaraq, Ermənistanda ehtimal olunan çiçəklənmənin Azərbaycanda hakimiyyətə qarşı neqativ ictimai rəyi dərinləşdirəcəyi şübhəsizdir. Azərbaycan iqtidarı qonşuluqda belə bir müsbət nümunənin (üstəlik, aşağıladığı, lağa qoyduğu Ermənistanın timsalında) ortaya çıxmasını təbii ki, istəmir. Ona görə də, Azərbaycan hakimiyyəti hazırda Ermənistanda Rusiyanın boşluğunu Qərbin doldurmasına yol verməməyə çalışır. Eyni səbəbdən Bakı avrointeqrasiyadan imtina etmiş Gürcüstan hökumətinə açıq dəstək verir.
Təyyarə hadisəsi ilə əlaqədar Azərbaycan-Rusiya münasibətlərində yaranmış narazılıq strateji xarakter daşımır. Bu, daha çox eqosu zədələnən Azərbaycan tərəfinin şəxsi incikliyindən irəli gələn bir problemdir. Keçmiş metropoliyanın - indiki müttəfiq dövlətin ona heç də bərabərhüquqlu tərəfdaş kimi yox, ənənəvi imperialist baxış bucağından yanaşdığını görən Bakı, sadəcə olaraq, Moskvadan tələb edir ki, bu disbalansı düzəltmək, bərabərhüquqluluğu təmin etmək lazımdır. Moskva isə Azərbaycan hakimiyyətinin alternativ geosiyasi mərkəzlərlə Rusiya maraqlarını təhdid edəcək səviyyədə münasibətlər qurmayacağını bildiyi üçün arxayın davranır. Cəmi 165 silahsız Qərb müşahidəçisini təhlükə sayıb, onların çıxarılmasını və bir daha gəlməməsini tələb edən Azərbaycan tərəfinin Ermənistandakı Rusiya hərbi bazasının (hərbi infrastrukturunun) adını çəkməməsi təsadüf deyil.
Avropa İttifaqı Şurasının qərarı Ermənistanın Azərbaycanın şərtini yerinə yetirmədiyini göstərir. Bu, o deməkdir ki, sülh müqaviləsi qarşıdakı iki ildə də imzalanmaya bilər - əlbəttə ki, Azərbaycan öz mövqeyini dəyişməsə.
“Toplum TV”
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Əfqan Saqıqov/şəxsi arxiv
Vəkil Famil Xəlilovun işində iştirak edən hal şahidlərinin başqa işlərdə də adlarının keçdiyini bildirib
Toplum TV
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək
2024-cü ildəki sosial vəziyyətin qısa icmalı: varlıların gəlirləri artdı, kasıbların qazancları azaldı
Qazın və elektrik enerjisinin bahalanması sosial vəziyyətə necə təsir edəcək?