Siyasət

Beynəlxalq Cinayət Məhkəməsi Belarus hakimiyyətinə qarşı istintaqa başlayıb

13 Mart, 2026
154

Foto: Reuters

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokurorluğu Belarus hakimiyyətinin, o cümlədən ölkə prezidenti Aleksandr Lukaşenkonun insanlığa qarşı ehtimal olunan cinayətlər törətməsi ilə bağlı araşdırmaya başlayıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin yazdığına görə, Belarus BCM-nin üzvü deyil, lakin iddia Roma Statutunu ratifikasiya etmiş Litva tərəfindən qaldırılıb. Şikayətdə Belarus hakimiyyətinin siyasi rəqiblərin deportasiyasına səbəb olduğu iddia edilən cinayətlərdən bəhs olunur.

BCM prokurorluğu müəyyən edib ki, ehtimal olunan cinayətlərin azı bir hissəsi Litva ərazisində törədilib. Bu isə beynəlxalq məhkəməyə həmin işi araşdırmaq üçün yurisdiksiya verir.
Məhkəmənin məlumatına görə, Minsk hakimiyyətinin hərəkətləri Lukaşenkonun “real və ya ehtimal olunan rəqiblərinə” qarşı yönəlib. Qərarda qeyd olunur ki, bu cinayətlərin genişmiqyaslı və sistemli şəkildə mülki əhaliyə qarşı təqiblər çərçivəsində törədildiyini düşünmək üçün əsaslar var. Bu nəticə hadisələrin miqyası, qurbanların sayı və hərəkətlərin təşkilatlanmış xarakteri ilə əsaslandırılır.

Belarus müxalifətinin liderlərindən biri Svetlana Tixanovskaya BCM-nin qərarını alqışladığını bildirib. Onun sözlərinə görə, “yüz minlərlə belaruslu rejimin hərəkətləri nəticəsində zərər çəkib və çəkməyə davam edir. Lukaşenkonun siyasəti həmçinin Belarusun qonşu ölkələri üçün də təhlükələr yaradır”.

2020-ci ilin avqustunda Belarusda prezident seçkilərinin nəticələrinə etiraz olaraq kütləvi küçə aksiyaları başladı. Seçkilərin qalibi kimi Aleksandr Lukaşenkonun ardıcıl altıncı dəfə prezident elan olunması geniş narazılığa səbəb oldu. Etirazçılar onun istefasını və yeni seçkilərin keçirilməsini tələb edir, hakimiyyəti misli görünməmiş seçki saxtakarlığında və müxalifət aksiyalarının iştirakçılarına qarşı sərt davranmaqda ittiham edirdilər.

Hüquq müdafiəçilərinin məlumatına görə, etirazların dağıdılması zamanı azı səkkiz nəfər həlak olub. Hakimiyyət rəqiblərinə qarşı minlərlə cinayət işi açıb, yüzlərlə insan, o cümlədən müxalifət liderləri uzunmüddətli həbs cəzalarına məhkum edilib. Bir sıra fəallar isə ölkəni tərk etməyə məcbur qalıb. Kütləvi repressiyalardan sonra küçə etirazları faktiki olaraq səngiyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Ruslan İzzətli: “Hakim Zəfər Əhmədov adi etiket qaydalarına belə əməl etmir”

23 Sentyabr 2026

şəxsi arxivi

Sentyabrın 21-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə 12 ildən 15 ilədək həbs cəzasına məhkum olunan 9 nəfərin apellyasiya şikayətlərinə baxılıb. Hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən iclasda hakimlə təqsirləndirilən şəxslər arasında mübahisə yaranıb. Buna Zəfər Əhmədovun Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanova “sən” deyə müraciət etməsi səbəb olub. Qurbanov hakimdən nəzakət qaydalarına riayət etməsini tələb etdikdən sonra zaldan çıxarılıb. Daha sonra III Respublika Platformasının qurucu heyətinin üzvü Ruslan İzzətli çıxışında məhkəmə prosesinin gedişini və hakimlərin davranışını tənqid edib. Hakim onunla mübahisə zamanı İzzətlini “tərbiyəsiz” adlandırıb. Ruslan İzzətli məhkəmə iclasından sonra hakim Zəfər Əhmədovun davranışına münasibət bildirib: “Viktor Frankl...
Siyasət

“Sülh körpüsü” görüşü təxirə salınıb 

23 Sentyabr 2026

Armenpress

Azərbaycanlı və erməni ekspertlərin “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Yerevanda  keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-nın məlumatına görə, Azərbaycan tərəfi hazırkı mərhələdə görüşün keçirilməsini məqsədəuyğun hesab etmir. Ermənistan Mətbuat Klubunun rəhbəri Boris Navasardyan “Azadlıq Radiosu”nun erməni xidmətinə bu məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Azərbaycan tərəfi görüşün “gərginlik səngiyənədək” keçirilməməsini təklif edib. “Bu vəziyyətdə görüşmək, qarşılıqlı anlaşmaya nail olmağa çalışmaq və ictimai-siyasi, informasiya mühitində formalaşmasını istədiyimiz ab-hava barədə razılaşmaq lazım idi. Görünür, Azərbaycandakı tərəfdaşlarımız bu mərhələdə dialoqu məqsədəuyğun hesab etmirlər”, - Navasardyan deyib. Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən sammitdən sonra başlayıb. Həmin sammitdə sülh...

Seçilmiş Videolar

Toplum TV loqo