Elnarə Qasımova təcridxanadan yazır: “Nazir bu səsləri eşitməyəcək qədər yolunu uzaqdan salmışdı”
Elnarə Qasımova/şəxsi arxiv
“Bəzən isə məhbuslar psixoloji və ya fiziki zorakılıqla üzləşir”
Abzas Media-nın həbsdə olan əməkdaşı Elnarə Qasımova saxlanıldığı Bakı İstintaq Təcridxanasından (BİT) ictimaiyyətə ünvanladığı məktubda qadın məhbusların üzləşdikləri fiziki və psixoloji zorakılıqlar haqqınbda yazıb.
E.Qasımova BİT-də məhbusların hüquqlarının tapdalandığını, məhrumiyyətlərlə üzləşdiklərini, “müəssisənin rəhbəri Elnur İsmayılovun da dediyi kimi, bura yazılı olmayan qanunlarla idarə olunduğunu” bildirir.
Jurnalist məktubda məhbusların yazılı qanunlarda göstərilən hüquqlarının pozulmasına diqqət çəkir:
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqda” Qanunun 4-cü maddəsinin 3-cü bəndində yazılıb: “Həbs yerlərinin fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilir”. Yəni, məhbusların insan hüquqlarının pozulması ilə müşayiət edilən şəraitdə saxlanılması vəsaitin çatışmaması ilə şərtləndirilə bilməz. Müəssisədə məhbuslara çatmalı olanların yoxluğu məhbusların problemi deyil. Bu çatışmazlıqları aradan qaldırmaq müəssisə rəhbərinin öhdəliyindədir.
Abzas Media-da daha əvvəl yayımlanan yazıdakı problemlər hələ də olduğu kimi qalır. Qadın məhbuslar hələ də onlara çatmalı olan mal və məhsullarla təmin edilməyib. Görünür, bayramlarda təbrik məktubunun yanında geridönüş etsinlər deyə boş A4 vərəqi göndərdiyi qadın məhbusların onun rəhbərlik etdiyi müəssisələrdəki taleləri Elnur İsmayılovu çox da maraqlandırmır”.
Jurnalist daha sonra sözügedən qanunun 15.1.3 maddəsini xatırladır: “Həbs yerlərinə qəbul etdikdən sonra və həbsdə saxlanılma zamanı Azərbaycan hüquq və vəzifələri daxili intizam qaydaları, o cümlədən həbs yerlərində rejim təkliflərin, ərizələrin və şikayətlərin verilməsi qaydası ilə yazılı şəkildə onlara aydın olan dildə tanış olmaq, bu barədə yazılı məlumatı özündə saxlamaq”.
Elnarə Qasımova yazır ki, BİT-də məhbusların bu hüququ da pozulur:
“Ünsiyyətdə olduğum digər məhbus qadınlar da daxil olmaqla, heç birimizə həmin bənddə qeyd edilən məlumatlar, o cümlədən “Daxili intizam qaydaları” təqdim edilmir.
14 noyabr 2024-cü il tarixində isə tanış edilmədiyim daxili qaydaları pozmaqda ittiham edilirdim. Bununla bağlı söhbətdə müavin Əhəd Abdiyevdən həmin qaydaları istəyəndə heç bir müsbət nəticə əldə etmədim. Müavin sonrakı günlərdə qeyd etdi ki, qaydaların yalnız məhbuslara aid hissəsini verə bilər. Yəqin əməkdaşların əlavə qayda pozuntularını görməyək deyə. Bu qaydalar məhbuslara “rəva görülmür”.
Jurnalist məhbusların “Psixoloji yardım haqqında” Qanunla müəyyən edilmiş qaydada ödənişsiz yardım almaq hüququna toxunur:
“BİT-ə gətirildiyim ilk günlərdə psixoloji narahatlığımın olub-olmamağı ilə maraqlanan, lazım olsa ona müraciət edə biləcəyimi deyən pxisoloq Təranə Quliyeva ilə tanış oldum. Lakin sonrakı günlərdə vəkillə görüşə, məhkəmələrə gedib gələndə üzərimizi axtaran, koridorda digər qadın məhbuslara necə qışqırdığını eşitdiyimi bu əməkdaşa psixoloji yardıma ehtiyacım yaranarsa, psixoloq kimi müraciət etməməli olduğum qənaətinə gəldim. Psixoloq otağı isə psixoloji xidmətdən daha çox digər məsələlərə “ev sahibliyi” edir. Qadınların müxtəlif əməkdaşlar tərəfindən təhdid edilməsi, onlardan pul götürülməsi və sairə”.
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqda” qanunun 19-cu maddəsinin 7-ci bəndinə əsasən, həbs edilmiş şəxslərin həftədə iki dəfə 15 dəqiqəyədək telefonla danışmaq hüququ var. Amma jurnalist yazır ki, məhbusların əksəriyyəti yalnız 10 dəqiqə danışdırılır və əməkdaşların təkidilə 10-cu dəqiqədə telefondan qalxmaq məcburiyyətində qalırlar.
“Telefon dəftərçəsinə isə çox vaxt məhbusların yerinə özləri imza atan əməkdaşlar onların danışıq müddətini 15 dəqiqə qeyd edir. Üstəlik telefonların qoyulduğu masa nəzarətçilərin masasının çox yaxınındadır. Qadın məhbuslar demək olar ki, nəzarətçilərlə dib-dibə oturaraq telefonla danışmaq məcburiyyətində qalır. Halbuki telefon danışıqları üçün kabin ayrılmalı və bu, əməkdaşların masasından aralıda olmalıdır. Əməkdaşlar həmçinin qadın məhbuslar telefonla danışarkən dəstəyi qaldırıb zəngdə danışılanlara qulaq asırlar və bunu açıq-aşkar edirlər. Əgər monitorinq aparılsa (çox güman) ortaya çıxar ki, Baş Prokurorluq, Ombudsman və sair qurumların qaynar xəttinə BİT-in qadın korpusundan çox az zəng daxil olub. Səbəb isə belə zənglərdən xəbər tutduğu zaman əməkdaşların çox vaxt buna icazə verməməsidir. Məsələn, öz işilə bağlı Prokurorluğun qaynar xəttinə yığan qadının telefonunu xəbər tutduqları an kəsdiklərinin şahidi olmuşam. Vəkillərlə telefon danışıqları isə ümumiyyətlə qadağan edilə bilməz. Lakin müəssisə rəhbəri Elnur İsmayılovun göstərişi ilə bizə qarşı bu qanunsuz qadağa hələ də davam edir”.
Sözügedən qanunun 28-ci maddəsinə əsasən, həbs yerlərinin işçiləri tutulmuş və ya həbs edilmiş şəxslərlə münasibətdə nəzakətli olmalıdırlar, onlara qarşı təhqiramiz hərəkətlərə yol verilməsi isə qadağandır. Amma jurnalist qadın məhbusların ayrı-seçkiliyə məruz qaldığını, əksər əməkdaşların məhbuslarla kobud və ya alçaldıcı formada danışdığını bildirir:
“Bəzən isə məhbuslar psixoloji və ya fiziki zorakılıqla üzləşir və bunu edən əməkdaşlar əməllərinə görə cavab vermir, işlərinə davam edirlər. Qadınlar üçün təhdid hesab edilən Ədalət Qurbanovun 14 noyabrdan sonra yenidən qadın korpusunda işinə davam etməsi kimi. Ədalət Qurbanov qadın məhbuslardan birini döymüşdü.
Bundan əlavə, BİT-in əməkdaşları dəyənək və qandalları qanunun (Maddə 45.2.1 və Maddə 45.2.2) nəzərdə tutduğu halların qarşısını almaqdan çox, təhdid vasitəsi kimi istifadə edirlər. “Əsaslandımaları” isə o olur ki, “o dəyənək əməkdaşlara elə-belə verilməyib”.
Bunlar BİT-də saxlanılan qadınların pozulan hüquqlarının sadəcə bir hissəsidir. Onlar hüquqlarının pozulmasına etiraz edəndə təcridxana işçilərindən çox vaxt bu cavabı eşidirlər:“Mən xahiş etmişdim cinayət törədib tutulasan?” Bu cümlədə növbəti hüquq pozuntusuna yol verilir. Təcridxanada saxlanılan şəxslər hələ apellyasiya məhkəməsi bitməyən insanlardır. Məhkəmə qərarı qüvvəyə minmədən heç kimə cinayətkar demək olmaz. Bu, təqsirsizlik prezumpsiyasının pozuntusudur. Amma bu pozuntu təcridxana işçilərini qayğılandırmır. Onlar qapalı yerdə həbs edilmiş şəxslərlə istədikləri kimi davranacaqlarını düşünürlər. Bu əminliyi onlara nəzarətsizlik verir.
Ədliyyə naziri Fərid Əhmədov bu il təcridxanaya gələndə qadın korpusuna baş çəkmədi. Nəzarətçilər isə qadınları tənbeh edirdilər ki, qapıları döyməsinlər. Qapılar döyülsə belə, nazir bu səsləri eşitməyəcək qədər yolunu uzaqdan salmışdı”.
Bundan öncə də Abzas Media-nın həbsdə olan əməkdaşları Bakı İstintaq Təcridxanasındakı qanun pozuntularından, çatışmazlıqlardan, əməkdaşların davranışlarından yazıblar. Amma rəsmi qurumlar bu haqda hər hansı açıqlama vermədən üstündən sükutla keçiblər, yalnız bəzi deputatlar həbsxanalardakı vəziyyətin normal olması haqda hökumətyönlü KİV-lərə danışıblar.
“Abzas Media işi” üzrə intrenet nəşrin direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və iqtisadçı jurnalist Fərid Mehralızadə həbs ediliblər.
Təqsirləndirilın şəxslərin barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib. Sonradan ittiham ağırlaşdırılıb. Jurnalistlərə qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə olunan vəsaitlərin leqallaşdırılması, vergidən yayınma və s. ilə bağlı əlavə ittihamlar verilib.
Abzas Media-nın əməkdaşları ittihamları rədd edir, korrupsiya araşdırmalarına görə həbs edildiklərini, həbslərini siyasi sifariş olduğunu bildirirlər.
Azərbaycan hakikmiyyəti isə ölkədə heç kimin peşə fəaliyyətinə görə təqib olunmadığını, bütün təməl hüquq və azadlıqların təmin edildiyini bəyan edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
açıq mənbədən götürülüb
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Suriyada kim qalib gəldi?
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.