Siyasət

İlham Əliyev: “Nə üçün təyyarə Aktau istiqamətinə göndərilmişdir?”

6 Yanvar, 2025
20

açıq mənbədən götürülüb

“Bu, bir daha onu göstərir ki, burada çox ciddi cinayət tərkibli məsələlər var” 

Yanvarın 6-da Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-yə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb.

Prezident təyyarənin Qroznı şəhərinin yaxınlığında kənar müdaxilə nəticəsində idarəetməni itirdiyini, zədələndiyini və demək olar ki, idarəolunmaz vəziyyətə salındığını bildirib. O, məhz pilotların peşəkarlığı, fədakarlığı nəticəsində təyyarənin Aktau şəhərində qəza enişi etdiyini, buna görə də pilotların və bütün ekipaj üzvlərinin mükafatlandırıldığını vurğulayıb. 

İ.Əliyev bir daha təyyarənin vurulması ilə bağlı suallara qayıdıb: 

“Qroznı şəhərində “kavyor əməliyyatı”, yəni, hava sahəsinin bağlanması əməliyyatı təyyarə yerdən vurulandan sonra elan edilib. Bu, bir daha onu göstərir ki, burada çox ciddi cinayət tərkibli məsələlər var. Adətən hər hansı bir ölkənin hava məkanında təhlükə yaranırsa, dərhal o ölkənin hava məkanı bağlanır. Bu, bütün ölkələrdə var və bunun müxtəlif adları var. Rusiyada buna “kavyor əməliyyatı” deyirlər. Əgər Rusiyanın hava məkanı üçün təhlükə var idisə, dərhal təyyarə kapitanına bu barədə məlumat verilməli idi. Dərhal hava məkanı bağlanmalıydı və təyyarə geri dönməli idi. Onu da bildirməliyəm ki, baş vermiş qəzadan təqribən 10 gün əvvəl oxşar hadisə Qroznı şəhərinin yaxınlığında baş vermişdi. AZAL-a məxsus təyyarə yarı yoldan geri dönmüşdü. Nə üçün bu dəfə təyyarə ekipajına xəbərdarlıq edilməmişdi? Bunu təbii olaraq istintaq göstərəcək”. 

Prezident deyib ki, Rusiyanın dövlət qurumlarının bu hadisəni ört-basdır etməsi və cəfəng versiyalar üzərində dayanması Azərbaycan tərəfdə həm təəccüb, həm təəssüf, həm də hiddət hissi doğurur. 

İlham Əliyev artıq “qara qutu”ların açılmağa başlandığını və Azərbaycanın təkidi ilə prosesin Braziliyada həyata keçirildiyini də vurğulayıb. 

O, “maraqlar toqquşması”na görə bütün təklif və təkidlərə baxmayaraq Dövlətlərarası Aviasiya Komitəsinin “qara qutu”ları açmasına qəti etiraz edildiyini xatırladıb. 

 

Prezident “qara qutu”lar açıldıqdan sonra bu günə qədər hələ də açıq olmayan bütün məsələlərin üzə çıxacağını qeyd edib. 

“Gün kimi aydın olan məsələlər ondan ibarətdir ki, təyyarə radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bizə bəlli olan digər məsələ ondan ibarətdir ki, təyyarə yerdən açılan atəş nəticəsində zədələnmişdir. Ancaq nə üçün təyyarə Aktau istiqamətinə göndərilmişdir? Bu barədə bizdə hələ ki, məlumat yoxdur. Bu, yerli dispetçerlər tərəfindən qəbul edilmiş qərar əsasında baş verib, yoxsa pilotlar özləri başa düşərək ki, artıq Rusiyanın hava məkanında radioelektron mübarizə vasitələri onlara eniş etmək üçün imkan verməyəcək və özləri bu seçimi ediblər. Bu barədə hələ ki, bizdə məlumat yoxdur. Təbii ki, “qara qutu”lar açılandan sonra bütün bu məlumatlar olacaq”.

 

İlham Əliyev Azərbaycanın təqsirkarların cəzalandırılmasını tələb edəcəyini bir daha vurğulayıb.

“Əgər Qroznı şəhəri öz ərazisində Rusiyanın hava məkanının bağlanması üzrə vaxtında tədbirlər görsəydi, yerüstü xidmətlərin bütün qaydalarına əməl olunsaydı, həmçinin Rusiya Federasiyasının silahlı qüvvələri və mülki xidmətləri arasında koordinasiya olsaydı, onda bu faciə də baş verməzdi.

Mən hələ ki, cinayət işinin bütün materiallarını açıqlamaq istəmirəm, onun ilkin təhqiqatı və nəticələri mənə məruzə edilib. Amma əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik”.

Dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb. 62 sərnişin və 5 ekipaj üzvündən yalnız 29-u sağ qalıb. 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Gürcüstan 25 əcnəbini “nümayişlərdə iştiraka görə” ölkədən çıxarıb

7 Yanvar 2025

OC-MEDİA

Gürcüstan Daxili İşlər Nazirliyi noyabr və dekabr aylarında hökumət əleyhinə nümayişlərdə iştirak etdiyi iddia edilən 25 əcnəbinin ölkədən çıxarılmasına qərar verib (OC Media).  Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi 25 əcnəbidən artıq 10 nəfərin Gürcüstanı tərk etdiyini bildirsə də, onların hansı ölkədən olduğunu açıqlamayıb. Miqrasiya İdarəsi bildirib ki, 2024-cü ilin son iki ayı ərzində İran, Əlcəzair, Hindistan, Mərakeş, Şri-Lanka, Misir, Pakistan, Nigeriya, İraq, Türkiyə, Azərbaycan, Rusiya vətəndaşları da daxil olmaqla, müxtəlif ölkələrdən olan 91 əcnəbi Gürcüstandan çıxarılıb.  İdarədən verilən açıqlamaya görə, deportasiya edilən 91 nəfər arasında etiraz aksiyalarında iştirak etdiyi deyilən və buna görə də "müxtəlif inzibati cərimələrə" məruz qalan 25...
Siyasət

Keçmiş icra başçısının qohumlarının torpaq sahələri satışa çıxarılıb

7 Yanvar 2025

pressklub.az

Əbülfəz Elçibəy hakimiyyəti dövründə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı olmuş, indi Rusiyada yaşayan ictimai fəal Saleh Rüstəmovun həyat yoldaşının, qardaşının və bacısının adına olan torpaq sahələri satışa çıxarılıb. Bu barədə onun oğlu Elturan Rüstəmli Facebook hesabında yazıb. "Bir qədər fasilədən sonra, yanvarın 6-da Azərbaycanın dövlət orqanları tərəfindən bizim ailəyə və yaxın qohumlarımıza qarşı müsadirə adı altında yenidən soyğunçuluq həmlələrinə start verilib. Əvvəlcə, atamın adına olan, hal-hazırda yaşadığımız mənzil, əmim Valeh Rüstəmovun yaşadığı babamdan qalma ev və atamın etibarnamə ilə təxminən 10 il əvvəl satdığı mənzil hədəf olub. Həmin mülklərdə yaşayış olduğundan, ciddi cəhdlərə baxmayaraq müsadirənin icrası mümkünsüz olub. İndi isə...

Seçilmiş Videolar

Toplum TV loqo