Siyasət

“Ombudsmana yazılmış ərizələr tikanlı məftillərdən kənara çıxarılmır”

13 Avqust, 2026
28

sosial media

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) əməkdaşları Ramil Babayev və Əli Zeynal Ombudsman Aparatını həbsxanalarda operativ nəzarəti təmin etməməkdə ittiham ediblər.

Onlar Ombudsman Səbinə Əliyevaya ünvanladıqları müraciətdə bu iddiaları əsaslandıraraq quruma bir neçə tələb irəli sürüblər.

Müraciətdə deyilir:

“‘Yazdım, amma cavab gəlmədi’, ‘Müraciət etdim, iki ay sonra gəldilər. Faydası olmadı’ ifadələri həbsxanalarda ən çox eşidilənlərdəndir.
İşi insan hüquqlarının müdafiəsi olan qurumun fəaliyyətindən hüquqları pozulan şəxslərin xəbəri yoxdur.

Ombudsmana yazılmış ərizələr tikanlı məftillərdən kənara çıxarılmır, zənglər kəsilir, çətinliklə müraciət edən məhbuslarla isə operativ əlaqə saxlanılmır. Həmsöhbət olduğumuz məhbuslardan biri demişdi ki, cəzaçəkmə müəssisəsində döyüləndə Ombudsmanın qaynar xəttinə zəng edib. Lakin müraciətinə iki ay sonra reaksiya veriləndə artıq xəsarət izləri sağalmışdı. Ombudsman Aparatı ilə görüşlərdə hər birimiz operativliklə bağlı etirazlarımızı bildirmişik. Lakin bizə verilən cavab “iş yükümüz çoxdur, sayımız azdır” olub. Bu isə hüquqları pozulan şəxslərin problemi deyil.

Həbsxanalarda təkcə siyasi məhbusların olmadığını bildirərək, aldığınız əmək haqqının qarşılığında aşağıdakı təkliflərin icrasını tələb edirik:

1. Penitensiar Xidmət müəssisələrində ictimai etimad qazanmış şəxslərdən ibarət daimi nümayəndəliklər təyin olunmalıdır.
2. Penitensiar Xidmət müəssisələrində Penitensiar Xidmətin iştirakı olmadan anonim sorğular keçirilməlidir.
3. Penitensiar Xidmət müəssisələrində məlumatlandırıcı lövhələr quraşdırılmalıdır.
4. Penitensiar Xidmətdə insan hüquqlarının qorunması üçün görülən işlərlə bağlı ictimai hesabatlılıq təmin olunmalıdır.

Əks təqdirdə, “Toplum TV”-yə müsahibəsində “Azərbaycanda siyasi məhbus yoxdur” deyən Səbinə xanımı “ölkədə ümumiyyətlə məhbus yoxdur” deməyə çağırırıq”.

“Toplum TV işi“ üzrə təqsirləndirilən şəxslərə iyulun 27-də hökm oxunub. Hökmə əsasən, hər biri 2 il 6 ay müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov 15, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli 14, siyasətçi Ruslan İzzətli 15, IDI əməkdaşları Ramil Babayev 13, Əli Zeynal 14, İlkin Əmrahov 13, “Toplum TV” əməkdaşları Müşfiq Cabbar 13, Fərid İsmayılov 12, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. E. Abbasov məhkəmə zalında həbs olunub.

“Toplum TV işi” üzrə təqsirləndirilən şəxslər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Bu iş üzrə həbs olunan şəxslər ittihamları rədd edir, fəaliyyətlərinə görə siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Bəhruz Səmədov: "Sülh gündəliyinə zidd olaraq həbsdə saxlanılıram”

13 Avqust 2026

sosial media

Həbsdə olan sülh fəalı və akademik tədqiqatçı Bəhruz Səmədov beynəlxalq ictimaiyyətə müraciət edib.  Yaxınlarının avqustun 12-də yaydığı müraciətdə fəal ötən ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan sülh razılaşmalarını xatırladıb.  "Vaşinqton razılaşmasından artıq bir il keçməsinə baxmayaraq, onun bəndlərinin kobud şəkildə pozulması fonunda, sülh gündəliyinə tam zidd olaraq, mən hələ də hər cür məhrumiyyətlər altında həbsdə saxlanılıram", - o qeyd edib.  B.Səmədov həbsdə olduğu dövrdə görmə qabiliyyətində problemlər yarandığını bildirib.  "Gözlərimlə əlaqədar hələ də yanıma həkim gəlməyib. Kor olmaq dərəcəsindəyəm. Bütün beynəlxalq ictimaiyyəti mənim azadlığım üçün daha çox çalışmağa səsləyirəm", - o yazıb.  B.Səmədov əvvəllər də saxlanma şəraitinin pisliyindən...
Siyasət

Məhkəmə Fazil Qasımovun lehinə qərar verib: “Müstəntiq imzaları saxtalaşdırıb” 

12 Avqust 2026

sosial media

Həbsdə olan iqtisadçı Fazil Qasımovun Baş Prokurorluqdan etdiyi şikayət məhkəmə tərəfindən təmin olunub. F.Qasımovun yaxınlarının “Toplum TV”-yə verdiyi məlumata görə, proses iyulun 30-da Səbail Rayon Məhkəməsində baş tutub. İqtisadçı Baş Prokurorluğu onun şikayəti əsasında hüquqi tədbirlər görmədiyinə görə məhkəməyə verib.  F.Qasımov ərizəsində göstərib ki, bu ilin martında Baş Prokurorluğa müraciət edərək ibtidai istintaq orqanının 2023-cü ilin sentyabrına aid olan qərarını ləğv etməyi xahiş edib. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi Yusif Yusifovun imzaladığı həmin qərarda isə F.Qasımovun vəkilləri Eldar Qədimi və Araz Allahverdiyevin öz ərizələri ilə prosesdən kənarlaşdığı qeyd olunur.  İqtisadçı daha əvvəl də iddia edib ki, vəkilləri onun müdafiəsindən...

Seçilmiş Videolar

Toplum TV loqo