Məhkəmə Fazil Qasımovun lehinə qərar verib: “Müstəntiq imzaları saxtalaşdırıb”
sosial media
Həbsdə olan iqtisadçı Fazil Qasımovun Baş Prokurorluqdan etdiyi şikayət məhkəmə tərəfindən təmin olunub.
F.Qasımovun yaxınlarının “Toplum TV”-yə verdiyi məlumata görə, proses iyulun 30-da Səbail Rayon Məhkəməsində baş tutub. İqtisadçı Baş Prokurorluğu onun şikayəti əsasında hüquqi tədbirlər görmədiyinə görə məhkəməyə verib.
F.Qasımov ərizəsində göstərib ki, bu ilin martında Baş Prokurorluğa müraciət edərək ibtidai istintaq orqanının 2023-cü ilin sentyabrına aid olan qərarını ləğv etməyi xahiş edib. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi Yusif Yusifovun imzaladığı həmin qərarda isə F.Qasımovun vəkilləri Eldar Qədimi və Araz Allahverdiyevin öz ərizələri ilə prosesdən kənarlaşdığı qeyd olunur.
İqtisadçı daha əvvəl də iddia edib ki, vəkilləri onun müdafiəsindən imtina üçün ərizə yazmayıb və müstəntiq onların yerinə saxta imzalar atıb.
F.Qasımov məhkəməyə iyun ayında yazdığı şikayətdə bildirib ki, Baş Prokurorluğa etdiyi müraciətdən 3 ay keçməsinə baxmayaraq, “müstəntiqin əməllərinə hüquqi qiymət verilməmişdir”. O, aprel ayında hazırlanmış alternativ ekspertiza rəyinə istinad edərək əlavə edib ki, həmin ərizədəki imzaların başqa şəxslər tərəfindən atılmasına dair ciddi şübhələr var.
Hakim Pərviz Muradovun sədrlik etdiyi məhkəmə heyəti F.Qasımovun şikayətini əsaslı sayaraq onun təmin edilməli olduğuna qərar verib. Məhkəmə eyni zamanda müstəntiq tərəfindən imzaların saxtalaşdırıldığına dair iddianın gerçək olduğunu müəyyənləşdirib.
“Müdafiəçidən imtina yalnız şəxsin sərbəst, könüllü və heç bir təzyiq olmadan ifadə etdiyi iradəsinə əsaslana bilər. Belə bir imtinanın saxta sənəd əsasında rəsmiləşdirilməsi isə həmin fundamental hüququ tamamilə mənasız hala gətirir”, - qərarda deyilir.
Məhkəmə Baş Prokurorluq tərəfindən “saxtakarlıq və müdafiə hüququnun pozulması üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılması” barədə qərar verib.
İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov ötən ilin martında 9 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin “satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə” maddəsi ilə ittiham olunub.
Özü isə ittihamı rədd edir.
Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub, “satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma və dini ekstremist materialları hazırlama, saxlama və ya yayma” maddələri ilə ittiham olunur. O da ittihamları rədd edir.
2024-cü ilin aprelində Q.İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri də dəyişdirilib və o, polis nəzarətinə verilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosila media
sosial media
Ələsgər Məmmədli: “Azərbaycanda hüququn aliliyini müdafiə etdiyimə görə qanunsuz həbs edilmişəm”
Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?
İlham Əliyevin açılışını etdiyi hoteli tikən şirkət ödənişini ala bilmədiyini bildirir
İlqar Məmmədov prezidentə: "Sizi dəstəkləyən bir partiya lideri mənə xəbərdarlıq edir"
“Elgün İbrahimovla bağlı videoya görə saxlanıldım” deyən gəncə 3 il həbs cəzası verilib