Sosial

“Elgün İbrahimovla bağlı videoya görə saxlanıldım” deyən gəncə 3 il həbs cəzası verilib

4 avqust, 2026
428

Sosial media

Oğuz rayonunun Dəymədərə kənd sakini olan 20 yaşlı gənc narkotik ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmədə ittihamı qəbul etməyərək saxlanılmasının ötən ilin mayında Gəncədə vəfat edən 18 yaşlı Elgün İbrahimovla bağlı paylaşdığı videoya görə baş verdiyini bildirib.

"Abzas Media" yazır ki, hökm iyunun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə çıxarılıb.
İttihama görə, gənc satış məqsədi olmadan 5,586 qram metamfetamin əldə edib, saxlayıb və daşıyıb. İstintaq materiallarında qeyd olunur ki, o, 2025-ci ildə Bakının Nizami rayonunda "özünü şübhəli apardığına" görə polis əməkdaşları tərəfindən saxlanılıb.

İttiham aktına əsasən, 24-cü Polis Şöbəsində aparılan şəxsi axtarış zamanı onun gödəkçəsinin cibindəki pul kisəsindən metamfetamin aşkarlanıb.

Təqsirləndirilən şəxs isə məhkəmədə fərqli ifadə verib. O bildirib ki, Neftçilər metrostansiyası yaxınlığındakı çanta mağazasında satıcı işləyərkən iki nəfər mağazaya gələrək oğurluq baş verdiyini deyib və müşahidə kameralarının görüntülərini tələb edib. Daha sonra həmin şəxslər özlərini polis əməkdaşı kimi təqdim edərək telefonunu götürüb və onu 24-cü Polis Şöbəsinə aparıblar.

Gəncin sözlərinə görə, polis şöbəsində ona Elgün İbrahimovla bağlı "YouTube"da paylaşdığı video göstərilib və saxlanılmasının səbəbinin həmin paylaşım olduğu bildirilib.

"O videonu "TikTok"dan götürüb "YouTube"da paylaşmışdım. Polis əməkdaşları mənə fiziki təzyiq göstərərək narkotiki üzərimə götürməyimi tələb etdilər. Təzyiq altında olduğum üçün ibtidai istintaqda verdiyim ifadəni qəbul etdim", - o, məhkəmədə deyib.

O həmçinin polis əməkdaşlarının təzyiqi ilə bağlı müstəntiqə müraciət etdiyini, bundan sonra Nizami Rayon Prokurorluğunda izahatının alındığını bildirib. Məhkəmə sənədlərində qeyd olunur ki, tibbi ekspertiza zamanı onun bədənində hər hansı xəsarət və ya xəsarət izi aşkarlanmayıb.

Saxlanmada iştirak edən polis əməkdaşları isə məhkəmədə bildiriblər ki, gənc Neftçilər metrostansiyası yaxınlığında özünü şübhəli aparıb, polisdən yayınmağa çalışıb və üzərində metamfetamin olduğunu etiraf edib. Onların sözlərinə görə, narkotik maddə vəkilin iştirakı və videoçəkilişlə aparılan şəxsi axtarış zamanı aşkarlanıb.

Ekspertiza rəyinə əsasən, götürülən maddə 5,586 qram metamfetamin olub. Narkoloji ekspertiza isə gəncin əvvəllər opioid və psixostimulyatorlardan istifadə etdiyini, lakin onda narkomaniya xəstəliyinin əlamətlərinin aşkar edilmədiyini müəyyən edib.

Məhkəmə polis əməkdaşlarının ifadələrini, şəxsi axtarış protokolunu və ekspertiza rəylərini mötəbər sübut hesab edib. Təqsirləndirilən şəxsin narkotikin ona məxsus olmaması və polis təzyiqinə məruz qalması barədə iddiaları hökmə təsir göstərməyib.

Nəticədə o, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi (satış məqsədi olmadan külli miqdarda narkotik vasitə və ya psixotrop maddə əldə etmə, saxlama və daşıma) ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib.

18 yaşlı Elgün İbrahimov ötən il mayın 12-də Gəncədə ağır yaralı vəziyyətdə tapılıb, ertəsi gün xəstəxanada vəfat edib. Ailəsi onun döyüldüyünü bildirsə də, hüquq-mühafizə orqanları ölümün hündürlükdən yıxılma nəticəsində baş verdiyini açıqlayıb. Hadisənin şəffaf araşdırılmadığı iddiaları sosial mediada geniş müzakirələrə səbəb olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo