Siyasət

Naxçıvana hücum: Azərbaycan İranla bağlı mövqeyini dəyişəcək?

6 Mart, 2026
318

Foto: president.az

Martın 5-də Naxçıvana edilən dron hücumları Azərbaycan tərəfindən sərt reaksiya ilə qarşılandı. 

Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını çağıraraq hücuma görə İranı günahlandırdı, cavab tədbirlərinin görüləcəyini dedi. 

Bununla belə, Əliyev hazırda İran və ABŞ-İsrail cütlüyü arasında davam edən hərbi münaqişə ilə bağlı mövqeyinin də dəyişmədiyini bildirdi. 

O, hələ ötən ilin iyununda ABŞ və İsrail İrana hücum edərkən İrana qarşı hərbi əməliyyatlarda Azərbaycan ərazisindən istifadəyə imkan verilməyəcəyi ilə bağlı İran tərəfinə söz verdiyini xatırladıb. 

“Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək. Çünki bizim mövqeyimiz bundan ibarətdir. Bizim qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağımız var, nə də siyasətimiz buna imkan verir”, - o qeyd edib. 

İran isə Naxçıvana dron hücumlarının arxasında olduğunu təkzib edib. İran xarici işlər naziri Seyid Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığında hücumun İsrail tərəfindən həyata keçirilə biləcəyi fikrini irəli sürüb. 

“Əraqçi, xüsusilə, İsrail rejiminin ictimai rəyi yayındırmaq və İranın qonşuları ilə yaxşı münasibətlərini pozmaq məqsədi daşıyan bu cür hücumlarda roluna işarə edərək, son günlərdə bu cür digər halların da müşahidə olunduğunu əlavə edib”, - İran Xarici İşlər Nazirliyinin pres-relizində deyilir. 

Keçmiş diplomat, siyasi şərhçi Nahid Cəfərov “Toplum TV”-yə deyir ki, hər iki ehtimal - hücumun İran və ya İsrail tərəfindən edilməsi mümkündür, amma birinci versiya daha ağlabatandır. 

“Biz bilirik ki, bu gün İranın həm siyasi, həm hərbi rəhbərliyində təmsil olunan şəxslər ABŞ və İsrail tərəfindən bir-bir hədəf alınaraq öldürülür. Bu da, şübhəsiz ki, İranın hərbi strukturlarında xaotik vəziyyət yaradır və proseslərin nəzarətdən çıxma ehtimalını artırır. Belə halda hansısa yanlış seçilmiş hədəfin vurulma ehtimalı çoxalır”, - o qeyd edib. 

Vaşinqtonda mənzillənən Kuinsi İnstitutunun qeyri-rezident elmi işçisi Eldar Mamedov da düşünür ki, İranın hücumun arxasında olması ehtimalı daha güclüdür. 

“Tehranın əsas məqsədi ABŞ və İsrail, eləcə də İrana qarşı istifadə edilə bilən radarlar, hava limanları, hərbi bazalar və s. kimi ABŞ və ya İsrail qurğularına malik qonşu ölkələrə müharibənin bədəlini ödətməklə regionda stabilliyi pozmaqdır. Strategiya ilk növbədə Fars körfəzindəki ölkələrə təzyiq göstərməkdir ki, onlar da öz növbəsində ABŞ-yə müharibəni dayandırmaq üçün təzyiq göstərsinlər”, - o deyib. 

Fevralın 28-dən etibarən ABŞ və İsrail tərəfindən hücumlara məruz qalan İran Yaxın Şərqdəki ABŞ hərbi bazalarına, İsrailə və ərəb ölkələrinə raket və dron zərbələri endirməklə cavab verir. 

E.Mamedov deyir ki, hücumun arxasında kimin dayanmasından asılı olmayaraq, Azərbaycan artıq prosesdə istəmədən yer alıb. 

“İlham Əliyevin İran sərhədindən yük maşınlarının keçidlərini bağlamaqla kifayətlənməsi, hərbi cəhətdən vəziyyəti gərginləşdirməməsi onun bu ana qədər təmkinli olduğundan xəbər verir. Bu həm də göstərir ki, o, İran raketlərinin onun neft platformalarına bir neçə dəqiqə ərzində çatmaq gücündə olduğunu başa düşür. Sual isə budur ki, Vaşinqton müharibəni planlayarkən vəziyyətin bu cür nəzarətdən çıxa biləcəyini nəzərə alıbmı və buna hazırlaşıbmı? Hələlik proseslər göstərir ki, hazırlaşmayıblar”, - o əlavə edib. 

ABŞ-nin İrana hücumda məqsədləri hələ də birmənalı deyil. Prezident Donald Tramp fevralın 28-də hücumun başlamasını xəbər verdiyi çıxışında iranlılara müraciət edərək onları hakimiyyəti ələ keçirməyə çağırmışdı. Elə həmin gün İranın ali lideri Seyid Əli Xamenei havadan zərbə nəticəsində öldürüldü. 

Sonradan isə müdafiə naziri Pit Heqset açıqlamasında məqsədin rejim dəyişikliyi yox, İranın nüvə, raket və hərbi donanma ehtiyatlarının məhv edilməsi olduğunu deyib. 

Lakin Tramp hələ də mətbuata açıqlamalarında rejim dəyişikliyi istəyindən söz açır. O, martın 5-də "Axios" nəşrinə müsahibəsində deyib ki, İranın növbəti ali liderinin seçilməsi prosesində şəxsən iştirak etməyə ehtiyac duyur. 

Bəs Azərbaycan münaqişədə hərbi yolla iştirak etməsə belə, İranda rejim dəyişikliyində maraqlıdırmı?

“Ümumiyyətlə, avtoritar liderlər radikal dəyişikliyə açıq deyillər, istər öz ölkələrində olsun, istərsə də qonşu ölkələrdə. Çünki İranda demokratik dəyişiklik baş versə, bu, İran xalqının daha yaxşı yaşamasına səbəb olacaq ki, bu da Azərbaycan xalqının həmin yaşayış səviyyəsini görüb öz hakimiyyətlərindən tələb etməsinə gətirib çıxara bilər. Digər tərəfdən, İranın iqtisadi baxımdan açılması, üzərindən sanksiyaların götürülməsi regional baxımdan Azərbaycanın əhəmiyyətini ciddi şəkildə azalda bilər”, - N.Cəfərov deyir. 

İranda müxtəlif siyasi dairələrin Azərbaycanla bağlı qarşı çıxdığı layihələrdən biri də “Tramp marşrutu”dur. Ötən ilin avqustunda Vaşinqtonda razılaşdırılan nəqliyyat layihəsi Azərbaycanı Ermənistan üzərindən Naxçıvanla birləşdirməyi nəzərdə tutur. Rusiya və İranın Qərb ölkələri tərəfindən sanksiyalar altında olduğu dövrdə “Tramp marşrutu” Şərqlə Qərbi birləşdirəcək beynəlxalq nəqliyyat dəhlizi kimi təqdim olunur. 

“Azərbaycanın strateji mövqeyi Tramp marşrutunun iqtisadi və geosiyasi dəyəri sayəsində formalaşır və bu marşrutun əhəmiyyətini azaldan hər hansı bir ssenari, həqiqətən də, Azərbaycanın yeni qazandığı təsir gücünə xələl gətirəcək”, - E.Mamedov qeyd edir. 

O düşünür ki, ABŞ İran ilə münasibətləri normallaşdırarsa, Azərbaycanın mövqeyinin geosiyasi dəyəri kəskin şəkildə azalacaq.

“"İrana qarşı dayaq" hekayəsi Bakının Vaşinqtonda özünütəsdiq baxımından əsas mövqeyidir. Bu, həmçinin, İsrail və ABŞ-dəki lobbi şəbəkələri üçün Azərbaycanın dəyərini müəyyən edir. Beləliklə, Bakının İranın təcrid olunmuş və Tramp marşrutunun Avrasiya bağlantısı üçün açar olaraq qaldığı status-kvonu üstün tutmaq üçün bütün əsasları var”, - o əlavə edib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Taleh Bağırzadənin həyat yoldaşı: "Oğluma cinayət işi açılmazdan əvvəl ölkədən çıxışına ‘stop’ qoyublar"

5 Avqust 2026

Açıq mənbə

Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdə olan sədri Taleh Bağırzadənin oğluna qarşı cinayət işi açılmamışdan əvvəl onun Azərbaycandan çıxışına "stop" qoyulub.  Bunu ilahiyyatçının həyat yoldaşı Leyla İsmayılzadə "Azadlıq Radiosu"na bildirib.  T.Bağırzadənin 17 yaşlı oğlu Məhəmmədhəsən Bağırzadəyə qarşı cinayət işi aprel ayında açılıb. L.İsmayılzadə isə deyir ki, hələ ötən ilin yayından oğluna "stop" qoyulub.  "2025-ci ilin yayında onu hava limanından buraxmadılar. Dedilər ki, ölkədən çıxışına qadağa qoyulub. Halbuki o zaman nə məktəbdəki dava olmuşdu, nə də hansısa iş üzrə şahid kimi dindirilmişdi. Yeniyetmənin ölkədən çıxışına niyə qadağa qoyulmalı idi? Bu da sübut edir ki, bizim ailə əvvəldən nəzarət altındadır", - o qeyd...
Siyasət

Vəkil: “Müdafiə etdiyim rusiyalı məhkum kəskin psixi pozuntu keçirib, müalicəsi barədə məlumat verilmir”

5 Avqust 2026

Sosial media

Ötən ilin iyulunda Bakıda həbs olunan Rusiya vətəndaşı Dmitri Fyodorovun psixi vəziyyətinin kəskin pisləşdiyi bildirilir. Bu barədə onun vəkili Elçin Sadıqov avqustun 5-də məlumat yayıb. Vəkilin sözlərinə görə, D.Fyodorovda hallüsinasiyalar və düşüncə pozuntuları yaranıb. "Nəticədə onun psixi vəziyyəti həm özü, həm də ətrafındakılar üçün təhlükəli həddə çatıb. Müvəkkilimin anası oğlunun səhhəti ilə bağlı vəziyyəti öyrənmək üçün bir həftədir Bakıdadır və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə dəfələrlə müraciət edib. Bu gün də Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində olduq, lakin bizi onu müayinə edən psixiatr Şəfəq Ağayeva ilə görüşdürmədilər. Bildirdilər ki, onun belə bir səlahiyyəti yoxdur", - deyə vəkil yazıb. E.Sadıqov əlavə...

Seçilmiş Videolar

Toplum TV loqo