mod.gov.az
"Etiraz edənlər rəhbərlik tərəfindən hədə-qorxuya məruz qalır"
Naxçıvanda xidmət edən hərbi qulluqçuların maaşlarından “Qarabağa yardım” adı ilə pul tutulur.
Bu barədə bir qrup zabit və gizir “Gündəlik Naxçıvan” səhifəsinə bildirib.
Onlar şikayətlərində deyib ki, pul tutulması artıq bir müddətdir ki, baş verir.
“Biz hərbçiyik, çoxumuz Qarabağda döyüşmüşük. Bir ay 200-300 manat tutulmasına etirazımız da yoxdur. Bu dövlət üçün canımızı qoymuşuq, yenə də qoyuruq. Lakin davamlı olaraq maaşlarımızdan tutulması yolverilməzdir. Biz deyilənlərə inanmırıq. Qarabağın tikintisi adı ilə bizdən alınan pulları mənimsəyirlər. Çünki dövlətimizin Qarabağı tikmək üçün hərbçilərin maaşına ehtiyacı yoxdur, onun kifayət qədər resursları var”, - adının açıqlanmasını istəməyən hərbçilərdən biri deyib.
Hərbçilər etiraz edənlərin rəhbərlik tərəfindən hədə-qorxuya məruz qaldığını da deyiblər.
Açıqlama verən digər hərbçi isə Qarabağın yenidənqurmasında məmurların pullarından istifadə etməyi məsləhət görüb.
“Bizim də öz problemlərimiz var. Hər zaman vətənin keşiyindəyik. Bu maaşı öz zəhmətimiz, alın tərimiz ilə qazanırıq. Gecə-gündüz dağ-daşda oluruq, əziyyət çəkirik. Lakin, Azərbaycanda kifayət qədər zəhmətsiz gəlir əldə edən məmurlar, iş adamları var. Yaxşı olar ki, Qarabağı tikməkdə onların pulundan istifadə olunsun”, - o deyib.
Prezident İlham Əliyev çıxışlarında mütəmadi olaraq işğaldan sonra Qarabağın davam edən bərpasından danışır və vurğulayır ki, Azərbaycanın bunun üçün yetərli sərvəti var.
“Əgər bütün görülən işlərin miqyasını götürsək, sözün düzü, mən bilmirəm hansı ölkədə hazırda bu miqyasda quruculuq, inkişaf işləri aparılır. Yəni bu, yenə də xalqımızın zəhməti hesabına qazanılan nailiyyətdir. Bütün bunları biz öz hesabımıza edirik və bütün işləri də özümüz planlaşdırırıq”, - Əliyev mayın 10-da Ağdamda deyib.
2021-ci ildən bəri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və bərpasına dövlət büdcəsindən 17 milyard manata yaxın vəsait ayrılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Reuters
Toplum TV