İqtisadiyyat

Kartlardan pul oğurluğu: Banklar nə qədər günahkardır?

7 May, 2025
870

Toplum Tv

Azərbaycanda son həftələrdə bank kartlarından dələduzluq yolu ilə pulların oğurlanması halları artıb.

Daxili İşlər Nazirliyi hər gün “fişinq” deyilən İnternet fırıldaqçılığından zərər çəkən vətəndaşların sayını və onlara dəyən zərərin miqdarını dərc edir. Məsələn, 3 və 4 may tarixlərində 33 vətəndaşın kartlarından ümumilikdə 46757 manat pul oğurlanıb. 

Bu barədə nazirliyin mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat verib. O bildirib ki, vətədaşlar kartlarının üzərindəki CVV/CVC və ya OTP kodlarını müxtəlif kiber üsullarla dələduzluq edən şəxslərə veriblər və polis bu faktların hər biri ilə bağlı araşdırma aparır.

Hacıyev qeyd edib ki, kartından 10010 manat oğurlanan bir şəxsə xarici nömrədən zəng edən dələduz özünü bank əməkdaşı kimi təqdim edib və bildirib ki, onun adına kredit götürülüb. Zərərçəkən həyat yoldaşının telefonu ilə “WhatsApp” üzərindən görüntülü zəng edib və öz telefonundakı bütün kart məlumatlarını, eləcə də mesaj olaraq gələn təsdiq kodlarını qarşı tərəfə göstərib.

Nazirlik sözçüsü digər bir “Facebook” postunda bildirib ki, polis problemin həllinə çalışdıqca kibercinayətkarlar yeni üsullar icad edib vətəndaşları aldadırlar. 

“Yüzlərlə vətəndaş şübhəli zəngləri açmır, mesajlarda göndərilən saxta linklərə daxil olmur. Bunu görən kiber cinayətkarlar əsasən tanınan brend mağazaların saxta saytlarını yaradıb ucuz qiymətə məhsulları satışa qoyub onlayn ödəniş, əlavə qazanc vədi ilə depozitlər formasında bank kart məlumatlarını əldə etməyə çalışırlar”, - o yazıb. 

Nazirliyin mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev isə “ASAN Radio”ya bildirib ki, aprelin 1-dən 24-ə qədər vətəndaşların kartlarından ümumilikdə yarım milyon manata yaxın vəsait oğurlanıb. 

Bəs bu halların baş verməsində bankların nə dərəcədə rolu var? Banklar dələduzlara məlumat ötürürmü? 

Əliyev müsahibəsində bildirir ki, polisin apardığı araşdırmalar zamanı banklardan məlumat sızıntısı faktlarına rast gəlinməyib. 

Ekspertlər isə bu iddianın əsasları olduğunu düşünürlər. 

Bank sahəsi üzrə hüquqşünas Əkrəm Həsənovun Toplum TV-yə deməsinə görə, elə hallar da var ki, vətəndaş kart məlumatlarını heç kimə verməyib, lakin kartından pul çıxılıb. 

“Və ya tutaq ki, vətəndaş məlumatları özü verib. Bu zaman sual yaranır ki, dələduzlar haradan bilirlər vətəndaşın hansı bankda hesabı var? Mən demirəm ki, bankda kimsə oturub dələduzlara məlumat ötürməklə məşğuldur. Amma bu, o deməkdir ki, bu bankın informasiya təhlükəsizliyində ciddi problemlər var. Həmçinin, ola bilər ki, bankda çalışmış şəxs işdən çıxanda məlumat bazasını özü ilə aparır, kiməsə satır və s.”, - o qeyd edir. 

Həsənov əlavə edir ki, ikinci şübhəli məsələ bəzi kartlardan məbləğlərin hissə-hissə oğurlanmasıdır. 

“Qanunvericiliyə əsasən, bankların müvafiq qaydaları olmalıdır ki, kartdan şübhəli əməliyyat icra olunduqda, külli miqdarda məbləğ çıxıldıqda bank əməliyyatı bloklasın”, - hüquşünqs deyir. 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də bu fikirdədir. O, mayın 5-də “Facebook” səhifəsindəki yazısında qeyd edib ki, bu cür kibercinayətkarlıq sxemlərinin effektivliyi “bankların müştəri məlumatlarının haradansa sızması ilə birbaşa bağlıdır”. 

“Təsadüfi nömrələrə zəng vurulmur. Əksinə, dövriyyəsi olan, kartında pul olan "yağlı müştərilər" hədəf seçilir. Bu isə bizə əsas verir ki, məlumat sızıntısı ehtimalını ciddi şəkildə araşdıraq. Əgər bu qədər kütləvi şəkildə, yüksək məbləğli və dəqiq hədəflərlə dələduzluqlar həyata keçirilirsə, bu artıq adi bir bank əməkdaşının fərdi bir müştəri məlumatını sızdırması-satışı ola bilməz. Bu, yüksək səviyyədə məlumat bazasına çıxışı olan şəxslərin, bəlkə də sistemli şəkildə bu məlumatları fırıldaq şəbəkələrinə ötürməsi ilə bağlı ola bilər”, - o bildirib. 

Cinayətkarlar tapılırmı? 

Yanvarda Milli Qəhrəman, AZAL təyyarəsinin qəzasında həlak olmuş Hökumə Əliyevanın atasına məxsus bank kartından 80 min manat pul oğurlansa da, hadisəni törətməkdə şübhəli bilinən şəxs tezliklə müəyyən olunaraq saxlanılmışdı. 

Ümumilikdə isə, kibercinayətkarlıq əməllərini törədənlərin saxlanılması xəbərlərinə az rast gəlinir. 

Nurlan Əliyev “ASAN Radio”ya müsahibəsində deyir ki, bu tip dələduzluq halları, əsasən, ölkə xaricində məskunlaşan şəxs və ya qruplar tərəfindən törədildiyinə görə onların müəyyən edilməsi və məsuliyyətə cəlb olunması vaxt aparır. 

Əkrəm Həsənov isə qeyd edir ki, polis kibercinayətkarlıqla məşğul olan şəxsləri çox vaxt tapa bilmir. Onun dediyinə görə, Hökumə Əliyevanın atasının işində aidiyyatı şəxs ona görə tapılıb ki, məbləğ çox böyük olduğundan bank əməliyyatı bloklaya bilib. 

Ekspert bildirir ki, vəsaitləri oğurlanan vətəndaşlar bankı günahkar bildiyi halda məhkəməyə üz tutub bankdan təzminat tələb edə bilər. Lakin, belə hallarda, Həsənovun dediyinə görə, hakimlər həm siyasi səbəblərdən, həm də mövzu barədə məlumatsızlıqları üzündən bankların xeyrinə qərar verirlər. 

Osman Gündüz isə yazısında təklif edir ki, fərdi məlumatların qorunması haqqında qanunvericilik “təcili şəkildə” sərtləşdirilməlidir və banklarda və mobil operatorlarda müştəri bazasına çıxışı olan bütün əməkdaşlar daxili audit və təhlükəsizlik yoxlamalarından keçməlidir. 

“Əgər bu sahədə ciddi araşdırma və hüquqi mövqe ortaya qoyulmasa, kibercinayətkarlıq daha da sistemli xarakter alacaq. Hər gün açıqlanan statistikalarla yalnız vətəndaşlar yox, dövlətin rəqəmsal etimadı və maliyyə sabitliyi də zərbə altında qalacaq. Belə davam edərsə vətəndaşlar kartlarında pul saxlamaq istəməyəcəklər. Bu dolayısı ilə nəğdsiz ödənişlərə, şəffaflığın zəifləməsinə və rəqəmsal transformasiyaya mənfi təsir göstərəcək”, - o bildirib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Bu ilin ilk 3 ayında Azərbaycan neftinin orta qiyməti 85 dollar olub

8 Aprel 2026

Açıq mənbə

2026-ci ilin yanvar-mart ayları ərzində dünya bazarlarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin orta ixrac qiyməti 85.11 ABŞ dolları olub. Bu müddət ərzində ən yüksək göstərici 128.28, ən minimal isə 64.12 ABŞ dolları səviyyəsində olub. Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15.81), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149.66) qeydə alınıb. Maliyyə Nazirliyinin məlumatına görə, yanvar-mart aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 9 milyard 599 milyon manat təşkil edib. Bu isə proqnozdan 458.9 milyon manat və ya 5 faiz...
İqtisadiyyat

Prezident Azərbaycanın ət və süd ixrac edəcəyini deyir, əslində vəziyyət necədir?

26 Mart 2026

Foto: president.az

Azərbaycan prezidenti İlham Əliyev martın 23-də Şamaxıda heyvandarlıq kompleksinin açılışında ölkənin ət və süd məhsullarına tələbatından danışıb.  O iddia edib ki, Azərbaycan hazırda özünün ət və süd məhsullarına tələbatının 100 %-ini olmasa da, böyük hissəsini daxili istehsal hesabına təmin edir: “Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır. Biz elə etməliyik ki, özümüzü həm ətlə, həm südlə, süd məhsulları ilə 100 faiz təmin edək. Buna yaxınıq, amma hələ ki, buna nail ola bilməmişik. Belə təsərrüfatların fəaliyyətə başlaması bu məqsədi də təmin edəcək və gələcəkdə biz hətta ət və süd məhsullarını ixrac edə də bilərik”. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli...

Seçilmiş Videolar

Toplum TV loqo