Ölkə

Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir

2 May, 2025
1781

sosial media

Bakının “Bayırşəhər” adlanan hissəsində tarixi abidələr və məhəllələr sökülmək təhlükəsi altındadır. 

Bu barədə yerli memarlar sosial şəbəkələrdə həyəcan təbili çalırlar. 

Memar Abdul Hüseynovun Toplum TV-yə dediyinə görə, sökülməsi planlaşdırılan, tarixi məhəllələrin olduğu əsas iki ərazi var.

Bunlardan biri Təzəpir və Hacı Sultanəli məscidləri arasında olan ərazidir. 

Hüseynov bildirir ki, bu ərazi Bakının 2040-cı ilə qədər müddəti əhatə edən baş planında “xüsusi mühafizə olunan ərazi” kimi nəzərdə tutulub və İçərişəhərin Qala divarlarından sonra 2-ci ən əhəmiyyətli zonadır. 

Bu ərazinin qorunub mühafizə edilməsi üçün fevralda Hüseynov da daxil olmaqla 200-dən çox Bakı sakini Prezident Administrasiyasına məktub ünvanlayıb. 

Onlar “Bayırşəhər”də yerləşən tarixi və tarixi-memarlıq əhəmiyyətli binaların, həmçinin “son iki əsrdə formalaşmış tarixi məhəllələrin taleyindən” narahat olduqlarını dilə gətiriblər, mədəni irsin qorunması üçün tədbirlər görülməsini xahiş ediblər. 

Buna baxmayaraq, mayın 1-də “Bayırşəhər” sakinləri yaşadıqları məhəllələrin söküləcəyi barədə bildiriş alıblar. 

Bildirişdə qeyd olunur ki, sözügedən ərazidə “20-ci əsrin əvvəllərində tikilmiş və istismar müddətini başa vurmuş, şəhərin görkəminə xələl gətirən tikililərin sökülməsi zərurəti ilə”, orada yerləşən “yaşayış və qeyri-yaşayış obyektlərinin satın alınaraq köçürülməsi” üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən komissiya yaradılıb. 

Ərazidə yaşayan sakinlərdən “sahibi olduqları tikililərə dair müvafiq sənədlərlə Komissiyaya müraciət etmələri xahiş olunur”, - deyə bildirişdə yazılıb. 

Memarlar qeyd edir ki, “Bayırşəhər” sakinlərinə mənzillərini satmaq üçün təzyiqlər olunur və razılaşmayacaqları təqdirdə, evlərinə kommunal xidmətlərin kəsiləcəyi, özləri evdə olmadıqları zaman isə söküntü aparılacağı ilə təhdid olunurlar. 

Mart ayında “TV1” kanalına müsahibəsində daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib ki, “Bayırşəhər” sakinlərinə evləri üçün kvadratı 2300 manatdan 3000 manata qədər qiymətlər təklif olunub. O əlavə edib ki, hökumət aprel ayından bu ərazinin söküntüsünə başlamaq istəyir, lakin bəzi sakinlərin qiymətlə narazılığı prosesi yubadır. 

Fərzəliyev həm də deyib ki, bu ərazidə yeni parklar salınır və gələcəkdə hər hansı inzibati binaların tikintisi də mümkündür. “Hazırda Bakıda dövlətin ehtiyat torpaq fondu tükənmək üzrədir və buna görə də dövlət bu cür əraziləri alaraq park şəklində istifadəyə verir. Əgər gələcəkdə hər hansı inzibati bina tikintisinə ehtiyac yaranarsa, həmin torpaqlardan istifadə edilə bilər”, - o bildirib. 

Bakının baş planında isə qeyd olunub ki, “Bayırşəhər” kimi xüsusi mühafizə olunan ərazilərdə yalnız reabilitasiya işləri aparıla bilər və bu, sakinlərin “gündəlik həyatına mümkün qədər az təsir etməlidir”. 

“Sakinlərin müvəqqəti köçürülməsi qaçılmaz olduqda isə onların yaşadıqları əraziyə yaxın ərazilərə köçürülməsi tövsiyə olunur. Bu, sakinlərin adət etdiyi sosial və əmək mühitində qalmasına imkan verir”, - deyə baş planda yazılıb. 

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin bildirdiyinə görə, “Bayırşəhər”in söküntüsü zamanı dövlət reyestrində tarixi abidə kimi qeydiyyata alınan tikililərə toxunulmayacaq. 

Abdul Hüseynov isə Toplum TV-yə deyir ki, ərazidə 120-130 yaşlı tarixi abidələr var ki, 2015-16-cı illərdə reyestrdən çıxarılıb. “Onda belə çıxır ki, onlar bu abidələri sökəcəklər?”, - o sual edir. 

Sökülməsi gözlənilən ikinci ərazi isə Azərbaycan Dövlət Dram Teatrının sağ tərəfində yerləşir və “xüsusi mühafizə olunan” ərazi sayılmır. Bu əraziyə Abdulla Şaiq, Mirzə Fətəli Axundov, Nabat Aşurbəyova, Murtuza Muxtarov və s. küçələr aiddir. 

Hüseynov qeyd edir ki, bu ərazidə də xeyli sayda, reyestrdən çıxarılmış, 1890-cı, 1900-cü, 1902-ci, 1904-cü və başqa illərə aid tarixi binalar var. 

O əlavə edir ki, tarixi abidə olaraq tanınmağa davam edən tikililərin saxlanılması kifayət deyil. 

“Çünki belə çıxır ki, reyestrdə olmayan binalar söküləcək, yanlarındakı tarixi abidələr isə ərazidə tək-tük qalacaq. Halbuki bunların hamısını saxlayıb adaptasiya etmək olar. Bu ərazi özü bütövlükdə tarixi məhəllədir. Bu praktika dünya ölkələrində var, ərazinin məhəllə strukturu saxlanıla bilər”, - memar qeyd edir. 

Hüseynov hər iki ərazi ilə bağlı bildirir ki, bunlar həssas ərazilərdir və adaptiv yanaşılmalıdır. 

“Bayırşəhər”də əvvəlki illərdə də tarixi abidələrin söküntüsü baş verib, Qış parkı və Mərkəzi park salınanda bir çox memarlıq abidələri dağıdılıb. Hüseynov bunlara nümunə olaraq Təhməzov qardaşlarının evi (1900-2016), müəllifi tanınmış memar Qasım İsmayılov olan Hacı Fərəculla hamamı (1888-2016, keçmiş Azərbaycan Dövlət YUĞ teatrının binası), Mehmandarovların mülkünü (1911-2009) sadalayır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Sabiq müdafiə naziri müavininin ittiham olunduğu 15 milyonluq yeyinti işində hökm oxunub 

17 Sentyabr 2025

Foto: açıq mənbə

Sabiq müdafiə naziri müavini Fuad Məmmədov və daha iki şəxsin ittiham olunduğu 15 milyon manatlıq mənimsəmə işi üzrə məhkəmə prosesi yekunlaşıb.  "Report”-un xəbərinə görə, sentyabrın 17-də Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərdən Azər Xəlilov 11 il, Fuad Şeydabəyov 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib. General-leytenant Fuad Məmmədov isə vəfat etdiyi üçün ona cəza təyin edilməyib. Cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. "Qafqazinfo"-nun məlumatına görə, mərhum generalın Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi, Mərdəkandakı bağ evi, avtomobilləri və digər külli miqdarda qiymətləndirilən əmlaklarının  müsadirə edilməsi haqda qərar...
Ölkə

Azərbaycan hərbi büdcəni artırır 

17 Sentyabr 2025

Foto: Azərtac

Maliyyə Nazirliyi müdafiə və təhlükəsizlik büdcəsini 318 milyon manat artıraraq 2026-cı ildə ümumilikdə 8,7 milyard manata çatdırmağı planlaşdırır.  Bu rəqəm nazirliyin sentyabrın 16-da dərc olunan hesabatında öz əksini tapıb. Təsdiq olunacağı təqdirdə, ümumi büdcədə müdafiə və milli təhlükəsizlik xərclərinin payı 21% təşkil edəcək.  "Report.az"ın məlumatına görə, 2026-cı il üçün dövlət büdcəsinin ümumi gəlirləri 38,4 milyard manat, xərcləri isə 42 milyard manat olaraq proqnozlaşdırılır. Azərbaycanın hərbi büdcəsini artırmaq planı Ermənistanla sülh prosesində baş verən irəliləyişlərdən sonraya təsadüf edir.  Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri iki ölkə arasında sülh sazişinin mətnini paraflayıblar. Həmçinin, Azərbaycan, Ermənistan və ABŞ liderləri dövlətlərarası...

Seçilmiş Videolar

Toplum TV loqo