Siyasət

“Bakı Moskva ilə əlaqələrini Trampın siyasətinə görə tənzimləyir”

9 May, 2025
742

Toplum TV

Azərbaycan Prezidenti İlham Əliyev İkinci Dünya Müharibəsindəki qələbənin 80-ci ildönümü münasibətilə Moskvada keçirilən hərbi parada getməkdən son anda imtina edib.

Bu, habelə mayın 4-də Milli Məclisin deputatı Azər Badamovun Rusiyaya buraxılmaması iki ölkə arasındakı gərginliyin hələ də davam edib-etmədiyi sualını gündəmə gətirib. 

Azərbaycan və Rusiya arasında gərginlik ötən ilin dekabrın 25-də AZAL təyyarəsinin Aktauda qəzaya uğramasından sonra başlayıb.

Rəsmi Bakı təyyarənin həmin gün Ukrayna dronlarından qorunan Rusiya hərbi hava qüvvələri tərəfindən vurulduğunu iddia edib. 

Azərbaycanın hökumətyönlü media orqanları isə yazıb ki, təyyarənin vurulduqdan sonra Rusiya ərazisində qəza enişi etməsinə icazə verilməyib ki, təyyarə Xəzər dənizinə düşsün və izlər itirilsin. 

Bir neçə gün sonra Rusiya Prezidenti Vladimir Putin hadisənin Rusiya ərazisində baş verməsinə görə üzrxahlıq edib, lakin üzərinə məsuliyyət götürməyib. Həmin vaxt AzTV-yə müsahibə verən Əliyev isə Rusiya “öz günahını etiraf etməli və üzr istəməlidir, günahkarları cəzalandırmalıdır və zərər çəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir” deyib.

Hadisədən dörd aydan çox keçməsinə baxmayaraq, Rusiya Əliyevin tələblərini yerinə yetirməyib. Azərbaycan prezidenti də o vaxtdan bəri etdiyi çıxışlarda və müsahibələrdə bu mövzuya qayıtmayıb. 

III Respublika Platformasının qurucu üzvü Araz Əliyev “Facebook” yazısında xatırladır ki, ötən müddət ərzində Putin Milli Məclisin sədri Sahibə Qafarovaya “Dostluq” ordeni verib və Azərbaycanın hökumətyönlü mediası da münasibətlərin qaydasına düşməsindən yazıb. 

A.Əliyevin fikrincə, Azərbaycan hakimiyyəti hazırda Rusiya ilə əlaqələrini ABŞ Prezidenti Donald Trampın bu ölkəyə münasibətinə əsasən tənzimləyir. 

“Bir neçə həftə əvvəl xəbər çıxmışdı ki, Azərbaycan ən yüksək səviyyədə 9 may paradında iştirak edəcək. Bu o vaxtlar idi ki, Tramp Putin haqqında ağızdolusu danışır, [Ukrayna Prezidenti] Zelenskini isə azarlamaqla məşğul idi”, - o yazıb. 

Bu ayın əvvəli isə Tramp administrasiyası Ukrayna ilə çoxdan gözlənilən “mineral razılaşması”nı imzalayıb və yanvardan bəri ilk dəfə bu ölkəyə silah satışına icazə verib. Eyni zamanda, Tramp da Putini Ukrayna ilə atəşkəsə razı olmadığına görə tənqid edib. 

“Elə həmin andaca Azərbaycanda qiyamət qopdu. Birdən Rusiyanın vurduğu təyyarə yada düşdü, Azər Badamovun deportasiya məsələsi gündəm oldu. Qəribədir, Azər Badamovu deportasiya etsələr də, ona yoldaşlıq edən deputatlar səfəri davam etdirdi. Axırda qərar çıxdı ki, paradda Azərbaycan təmsil olunmayacaq”, - A.Əliyev qeyd edib. 

Onun müşahidəsinə görə, Azərbaycan xarici siyasətində son aylarda Trump administrasiyasını əsas siyasi "orientir" kimi götürüb.

“Çünki Tramp hələ Azərbaycanla bağlı konkret mövqe qoymayıb. Trampın emosional və qeyri-rasional xarakteri də hakimiyyəti narahat edir. Yəqin ki, "birdən olmaz elə, olar belə, Allah xatasını bizdən uzaq eləsin" deyilir. Ona görə də Tramp rəsmi mövqeyini göstərməmiş Azərbaycan-Rusiya münasibətləri eniş yoxuşlu olacaq. Ruslar Tramp Putini tərifləyəndə "dost", Trampın Putinlə arası dəyəndə isə "təyyarə vuran" olacaqlar. Rusiya kimi bir dövlətin qonşusu olub, hər hansı orientirsiz hərəkət etmək çox çətindir. Hakimiyyət üçün də eyni dəyərləri bölüşdükləri Trampdan daha yaxşı orientir ola bilərmi?!”

Siyasi şərhçi Şücaət Əhmədzadə Toplum TV-yə bildirir ki, təyyarə qəzasından bəri Azərbaycan kommunikasiya kanallarını açıq saxlamağa çalışır, lakin vəziyyətin gərginliyi hələki azalmayıb. 

“Azərbaycan bildirib ki, bu məsələ Beynəlxalq Mülki Aviasiya Təşkilatı vasitəsilə beynəlxalq məhkəmələrə qədər gedə bilər və belə olan halda, Rusiya həm ciddi maliyyə məsuliyyəti, həm də nüfuz itkisi ilə üzləşə bilər”, - o deyir. 

Əhmədzadə düşünür ki, ABŞ-Rusiya münasibətləri və Ukrayna müharibəsi, “təbii ki, Azərbaycan-Rusiya münasibətlərinə də təsir edir”, lakin ümumilikdə Bakı-Moskva münasibətlərində daha çox reaksiya verən tərəf Bakı olur. 

“Çünki burada açıq-aşkar güc assimetriyası mövcuddur və Azərbaycan heç bir halda Rusiya amilini nəzərdən qaçıra bilməz. Xüsusilə də nəzərə alsaq ki, Rusiya sadəcə bir qonşu deyil, postsovet məkanı, xüsusilə də Cənubi Qafqaz regionu ilə bağlı hegemon iddialara malik bir dövlətdir.”

O, burada Rusiya daxilində “müxtəlif qərarverici qüvvələrin maraqlarına” da diqqət çəkir. 

“Daha praqmatik yanaşan “iqtisadçılar” Ukrayna müharibəsi dövründə Azərbaycan kimi qonşu dövlətlərlə münasibətlərin pozulmamasının və əsasən iqtisadi maraq doğuran birgə addımların atılmasının tərəfdarı olsalar da, hərbi-təhlükəsizlik dairələri məsələlərə daha çox təzyiq göstərmək metodları ilə yanaşmağı üstün tuturlar”, - Əhmədzadə deyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar

6 Oktyabr 2026

Toplum TV

Oktyabrın 5-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən iclasın əvvəlində təqsirləndirilən şəxslərlə hakim arasında mübahisə yaranıb. Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev Z. Əhmədovun danışıq tərzinə və məhkəmə zalındakı mikrofonların işləməməsinə etiraz edib. “Siz burada özünüzü hakim kimi aparmırsınız, küçə uşağı kimi aparırsınız. Heç kimə danışmağa imkan vermirsiniz, hamının sözünü kəsir, təhqir edirsiniz”, - Ramil Babayev deyib. Buna cavab olaraq hakim R. Babayevin məhkəmə zalından çıxarılmasına göstəriş verib. IDI əməkdaşları Əli Zeynal və İlkin Əmrahov da etiraz olaraq zalı tərk ediblər. Daha sonra müdafiə tərəfi hakimin davranışı, təqsirləndirilən...
Siyasət

İlham Əliyev YAP-a müddət məhdudiyyəti olmadan rəhbərlik edəcək

5 Oktyabr 2026

president.az

Hakim Yeni Azərbaycan Partiyası (YAP) nizamnaməsində partiya sədrinin beş illik səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb. Dəyişiklikdən sonra prezident İlham Əliyevin YAP sədri kimi fəaliyyəti konkret müddətlə məhdudlaşdırılmayacaq. APA-nın məlumatına görə, bunu YAP-ın Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov oktyabrın 2-də keçirilən partiyanın VIII qurultayında nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Əvvəlki nizamnaməyə əsasən, YAP sədri beş il müddətinə seçilir və bu müddət başa çatdıqdan sonra qurultayda yenidən seçilməli idi. Nizami Səfərov bildirib ki, sədrin beşillik səlahiyyət müddətini nəzərdə tutan müddəa nizamnamədən çıxarılıb. “Prezident İlham Əliyevin müddətsiz mütəşəkkil qüvvə olan YAP-a rəhbərlik etməsi bizi yeni uğurlara və qələbələrə...

Seçilmiş Videolar

Toplum TV loqo