RSF
Vahid Azad Mətbuat Koalisiyası 3 May - Dünya Media Azadlığı Günü münasibətilə illik hazırladığı “10 Ən Vacib” siyahısını dərc edib.
“Həqiqəti söylədiklərinə görə həbs olunan jurnalistlərə” diqqət çəkmək üçün hazırlanan siyahıya bu il Azərbaycandan “Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızı daxil edilib.
“Vaqifqızı və onun “Abzas Media”dan beş həmkarı Qərb donorlarından qeyri-qanuni şəkildə maliyyə alması adı ilə, çoxsaylı maliyyə cinayətləri ittihamı ilə həbs olunublar və bildirildiyinə görə “dəhşətli şəraitdə” saxlanılmağa davam edirlər. Polis axtarış zamanı media qurumunun ofisində 43 min dollardan çox pul tapdığını iddia edib. Vaqifqızı və həmkarları ittihamları rədd edir və qeyd edirlər ki, onlardan siyasətçilərin sərvəti ilə bağlı dərc olunmuş araşdırma seriyasına görə qisas alınır”, - koalisiyanın yazısında bildirilir.
Siyahıya, həmçinin Çin, Türkiyə, Rusiya, Belarus, Qırğızıstan, Vietnam, Filippin, Myanmar və Honq-Konqdan olan jurnalistlər daxil edilib.
Siyahı Jurnalistlərin Müdafiə Komitəsi, Beynəlxalq Qadın Mətbuatı Fondu və “Sərhədsiz Reportyorlar” təşkilatları ilə birgə hazırlanıb.
Koalisiya bildirir ki, 2024-cü ilin sonunadək dünyada həbsdə olan 361 jurnalist var. Müqayisə üçün, 2023-cü ildə 320 jurnalist həbsdə olub.
“Sadəcə olaraq öz işlərini gördüklərinə və həqiqəti söyləməyə çalışdıqlarına görə həbs edilən jurnalistlərin sayının artdığını nəzərə alaraq qəti şəkildə səsimizi birləşdirməliyik”, - bəyanatda deyilir.
“Abzas Media” işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb. Əvvəl nəşrin təsisçisi və direktoru Ülvi Həsənli və koordinatoru Məhəmməd Kekalov, daha sonra baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.
Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova, iqtisadçı Fərid Mehralızadə ilə davam edib.
İlkin olaraq onlar qaçaqmalçılıqda ittiham ediliblər, daha sonra isə ittiham ağırlaşdırılıb.
Jurnalistlərə qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə olunan vəsaitlərin leqallaşdırılması, vergidən yayınma və s. ilə bağlı əlavə ittihamlar verilib.
Qanunvericiliyə görə, bu maddələrə görə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Reuters
sosial media