Siyasət

İlhamiz Quliyevin anası məhkəmədə: “Möhkəm ol, oğlum, kişinin başına iş gələr”  

12 Dekabr, 2024
14

Dekabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal İlhamiz Quliyevə hökm oxunub. O, 3 il müddətinə azadlıqdan məhrum edilib. 

Hökmdən əvvəl vəkilləri Zibeydə Sadıqova və Rövşanə Rəhimli müdafiə çıxışı edib. Onlar İlhamiz Quliyevin ötən ilin sentyabrında Abzas Mediaya verdiyi müsahibəyə görə qisas məqsədilə həbs olunduğunu, işgəncəyə məruz qaldığını və şərləndiyini bildiriblər. Qeyd ediblər ki, müdafiə tərəfi bunu sübuta yetirmək üçün çoxsaylı vəsatətlər versə də, məhkəmə təmin etməyib. Bundan başqa, istintaq və məhkəmə dövründə İlhamiz Quliyevin hüquqları kobud şəkildə pozulub. 

“İlhamiz Quliyev başına gələnlərlə bağlı Fuad Ələsgərovun qəbuluna yazılmaq üçün evdən çıxanda bir həftə ərzində onu izləmiş polislər tərəfindən hücuma məruz qalıb, döyülüb, 28-ci polis bölməsində işgəncələr davam edib, bu yolla da narkotik onun üzərində sənədləşdirilib. Ancaq məhkəmə bizə imkan yaratmadı ki, bunları sənədlərlə ortaya qoyaq”, vəkil Zibeydə Sadıqova söyləyib. 

Vəkillər İlhamiz Quliyev barəsində bəraət hökmü çıxarılmasını istəyiblər. 

Vəkillərin çıxışından sonra İlhamiz Quliyev son söz deyib. O, başına  gələnlərin kökündə qisasçılıq dayandığını bir daha vurğulayıb: 

“Vəkillərimin də qeyd etdiyi kimi, bu, qisasdır. Həm də şərəfsizcə bir qisasdır. Bu proseslər ötən ilin 5 oktyabrından başlayıb. Həmin gün səhər ölkədən çıxışım məhdudlaşdırıldı, axşamsa saxlanıldım, barəmdə 30 sutkalıq inzibati həbs qərarı çıxarıldı.  Noyabrda həbsdən buraxılandan sonra başladım məni gözləyə biləcək təhlükələrdən müdafiə üçün qabaqlayıcı tədbirlər görməyə. Vəkil tutdum, sonra da noyabrın 17-də Narkoloji Mərkəzə gedib müayinə olundum. Oranın işçiləri təəcüblənmişdilər ki, ilk dəfədir kimsə gəlib könüllü yoxlanılır. Deyə də bilmirdim ki, polislərin şərindən qorunmaq üçün buna məcburam. Mən tutulanda ilkin sənədlərdə istifadə və satış yazılmışdı. Yaxınlarım sosial şəbəkələrdə müayinənin kağızını yayandan sonra istifadəni ləğv etdilər, satışı saxladılar.” 

İlhamiz Quliyev sözünə davam edərək bildirib ki, narkotikin ona məxsus olması ilə bağlı etirafedici video çəkmək istəyiblər: “Mən orda da demişəm ki, bu narkotik mənim deyil, üzərimə qoyulub. Möhtərəm hakim, o videoya bu zalda da baxıldı, siz də baxdınız. Narktoki üzərimə burada şahid kimi ifadə verən 28-ci polis bölməsində Nicat Abdullayev qoymuşdu. Ancaq mən videoda onun adını çəkə bilmədim, çünki daha çox işgəncələrə məruz qalacaqdım”

İhamiz Quliyev özünə xəsarət yetirməsi ilə bağlı iş materiallarında yazılanların da məhkəmədə elə şahid polislər tərəfindən ifşa olunduğunu deyib: “Sənədlərdə yazılıb ki, guya bədənimdəki izlər özümə xəsarət yetirməyim nəticəsində əmələ gəlib. Ancaq sonradan fikirləşiblər ki, adam öz belinə, kürəyinə necə xəsarət yetirə bilər? Ona görə də polis əməkdaşı Rəşad Bəşirov burda bildirdi ki, guya özümü ora-bura çırpmaqdan yaranıb. Yenə yalan danışırdı. Yadınızdadırsa, öz dediyinə özü də güldü, siz də onun üstünə acıqlandınız”. 

İlhamiz Quliyev üzünü məhkəmə salonunda əyləşən anasına tutub: “Mən ömrümdə heç olmasa bircə dəfə patı istifadə etsəydim, anam bu məhkəmə zalına gəlməzdi”. 

Anası ona “Möhkəm ol oğlum, kişinin başına iş gələr” deyib. 

İ.Quliyev sadəcə “Ana, görürsən ki, qadının da başına iş gəlir, sən də möhkəm ol”, söyləyib, qəhərləndiyi üçün sözünü sona çatdıra bilməyib. Sonra üzünü hakimə tutaraq ədalət gözləməsə belə, bəraəti öz haqqı hesab etdiyini deyib. 

Beş dəqiqəlik müşavirədən sonra hakim hökmü elan edib. Məlum olub ki, İlhamiz Quliyevə qarşı irəli sürülmüş 234.4.3 maddəsi (satış məqsədilə külli miqdarda narkotik əldə edib saxlama, gəzdirmə) 234.1-1-ə (satış məqsədi olmadan külli miqdarda narkotik əldə edib saxlama, üzərində daşıma) tövsif edilib. İlhamiz Quliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib. 

Bundan əvvəlki məhkəmə iclasında dövlət ittihamsıçı İlhamiz Quliyevə qarşı satış məqsədilə külli miqdarda narkotik əldə etmə ittihamının məhkəmədə sübuta yetirildiyini bildirmişdi və 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. 

İlhamiz Quliyev ötən il dekabrın 4-də həbs olunub və Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunurdu. Özü ittihamları qəbul etmir və həbsini polisdəki qanunsuzluqlarla bağlı Abzas Media-ya verdiyi müsahibə ilə əlaqələndirir. Daxili İşlər Nazirliyi isə bu deyilənlərin özünü müdafiə xarakteri daşıdığını bildirir.

 

 

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Fazil Qasımovun müdafiəsinə yeni qoşulmuş vəkil məhkəmədən vaxt istədi 

12 Dekabr 2024

açıq mənbədən götürülüb

İqtisadçı-alim Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq Azərbaycana gətirilən İstanbul Universitetinin doktorantı Fazil Qasımovun və eyni iş üzrə həbs olunan Anar Əliyevin məhkəməsi davam edir.  Dekabrın 12-də keçirilən məhkəmə prosesində məlum olub ki, Fazil Qasımov vəkil Fuad Ağayevlə müqavilə bağlayıb. Vəkil iş materialları ilə tanış olmaq üçün hakimdən vaxt istəyib.   Fazil Qasımov da hakimə xatırladıb ki, iş materialları ilə tanış deyil. Buna görə avqustda təqdim etdiyi vəsatət hələ də baxılmamış saxlanılıb. O, vəsatətə baxılmasını tələb edib. Məhkəmə iclası dekabrın 19-dək təxirə salınıb.  Ötən məhkəmə iclasında dövlət ittihamçısı Fuad Musayev ittiham aktını elan etmişdi. Sənədlərdə qeyd olunur ki, bu cinayət...
Siyasət

Ermənistan və Fransa müdafiə sahəsində yeni əməkdaşlıq proqramı imzaladılar

Bakının reaksiyası

12 Dekabr 2024

MassisPost

Yerevanda Fransa və Ermənistan arasında 2025-ci il üçün əməkdaşlıq proqramı imzalanıb (https://t.me/jamnewsru/21027).   Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, proqram müdafiə sahəsində əməkdaşlığa aiddir və silahlı qüvvələrin bu sahədəki bütün fəaliyyət istiqamətlərini  əhatə edir. Aşıqlamada bildirilir ki, Ermənistan-Fransa strateji məsləhətləşmələrində müdafiənin planlaşdırılmasına, hərbi təhsil və təlimlərə, məsləhət dəstəyinə, müxtəlif qoşun növlərinin hazırlığına və hərbi-texniki əlaqələrə xüsusi diqqət yetirilib.  2024-cü ilin iyununda Yerevan və Parisin mövcud hərbi-texniki əməkdaşlığı dərinləşdirdikləri bildirilmişdi. Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekornyu (Sebastien Lecornu) demişdi ki, söhbət “Sezar” (“Caesar”) haubitsalarının tədarükündən gedir. Ermənistan və Fransa 2023-cü ilin oktyabr ayında hərbi əməkdaşlıq sazişi imzalayıblar. Tərəflər Ermənistana “mülki əhalini qoruyacaq və...

Seçilmiş Videolar

Toplum TV loqo