“Türkiyə və Azərbaycanla bütün marşrutların açılması regional sabitliyin təminatıdır” - Ermənistanın Xarici Kəşfiyyat Xidməti
azernews
Azərbaycanın irimiqyaslı hərbi əməliyyatlar keçirəcəyi gözlənilmir, amma Ermənistan sərhədlərində eskalasiya mümkün variantdır.
Ermənistan Xarici Kəşfiyyat Xidmətinin ilk açıq hesabatında belə deyilir.
XKX 2023-cü ilin oktyabrında yaradılıb. Ekspertlər hesab edirlər ki, Ermənistan hakimiyyəti bu strukturu “KQB-nin varisi olan və onun ənənələrini qoruyub saxlayan Milli Təhlükəsizlik Xidmətinə etibar etmədiyi üçün” yaradıb.
Qurum “Ermənistan üçün xarici təhlükəsizlik riskləri haqqında” adlı hesabatında qeyd edir ki, “Sülh müqaviləsinin imzalanmadığı və dövlətlərarası münasibətlərin qurulmadığı bir şəraitdə sərhəddə lokal gərginlik və eskalasiya riski qalmaqdadır. Bu, Azərbaycanın Ermənistanı güc tətbiqiylə hədələmək siyasətinin tərkib hissəsidir. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin davam etdirilməsi risklərin müəyyən dərəcədə azalmasına zəmanət verə bilər”.
XKX bildirib ki, Ermənistan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü ilə bağlı “Azərbaycandan gələn zərərli bəyanatların” monitorinqini davam etdirəcək. Vurğulanır ki, söhbət Ermənistanın bütün ərazisini nəzərdə tutan, Qərbi Azərbaycanla bağlı getdikcə daha tez-tez səsləndirilən fikirlərdən, həmçinin Ermənistanın hərbiləşdirilməsi və revanşizmi haqda bəyanatlardan gedir. XKX “Azərbaycanın bu fikirləri ardıcıl şəkildə yaymasının Ermənistana qarşı güc tətbiqini legitimləşdirmək cəhdi olub-olmadığını” qiymətləndirmək niyyətindədir.
Hesabatda Azərbaycanla münasibətlərin normallaşması məsələsinə xüsusi yer ayrılıb. Bildirilir ki, Bakının süni gecikdirmələri Azərbaycanın sülhü bərqərar etmək niyyətinə şübhələr yaradır.
“Azərbaycanın aqressiv rəsmi ritorikası, Ermənistanın daxili işlərinə qarışmaq cəhdləri, danışıqlar prosesində birtərəfli tələblər irəli sürməsi, yeni süni mövzular açması münasibətlərdə gərginliyi artırır”, hesabatda qeyd olunur.
Ermənistanın KTMT-yə qayıtmayacağını bildirən XKX hesab edir ki, “böyük ehtimalla, qurum Cənubi Qafqazdakı problemlərə reaksiya vermək iqtidarında olmayacaq. Bu baxımdan təşkilatın səlahiyyəti şübhəli olaraq qalacaq və alyansın digər üzvlərinin nəticə çıxarması üçün əsas olacaq”.
Sənəddə qeyd olunur ki, bəzi mərkəzlər Ermənistan və Azərbaycan arasında marşrutların açılması məsələsinə regionda öz siyasi təsirlərini saxlamaq və ya gücləndirmək məntiqilə yanaşırlar.
“Türkiyə və Azərbaycanla bütün marşrutların açılması təkcə regional sabitliyin mühüm təminatı deyil, həm də mövcud geosiyasi situasiyada regionu Avrasiyanın mühüm və təhlükəsiz logistika mərkəzlərindən birinə çevirmək üçün real imkandır”, Xarici Kəşfiyyat Xidməti belə hesab edir.
Hesabatda bildirilir ki, 2024-cü ildə xarici kəşfiyyat xidmətləri Ermənistanın maraqlarına qarşı “aqressiv əməliyyatlar” həyata keçiriblər. Xüsusilə, Ermənistanda konstitusiya quruluşunun devrilməsi əməliyyatında iştirak etmək üçün prosesə ölkə vətəndaşlarının cəlb edilməsi, psixoloji, ideoloji və hərbi cəhətdən hazırlanması cəhdləri qeydə alınıb.
Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, qarşıdan gələn parlament seçkilərilə əlaqədar 2026-cı ildə risklər artacaq. Qurum müxtəlif xarici aktorların kiberhücumlarının mümkün artışı barədə xəbərdarlıq edib:
“Ermənistana qarşı informasiya kampaniyaları həm də ölkədə qeyri-sabitlik yaratmaq və cəmiyyəti qütbləşdirmək məqsədi daşıyacaq”.
Ehtimal olunur ki, Azərbaycanla danışıqlar prosesinin müəyyən komponentləri üzrə, xüsusilə də sülh sazişinin müddəaları və kommunikasiyaların açılmasıyla bağlı Ermənistana təzyiq ediləcək.
XKR hesab edir ki, Ermənistanın beynəlxalq reputasiyasına və iqtisadi potensialına xələl gətirən fəaliyyətlər davam edəcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Amerikanın səsi
Bakıda həbs edilən rusiyalı hakim polis nəzarətinə verilməklə azadlığa buraxılıb
sosial media
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
Regionları inkişaf etdirmədən Bakını tıxacdan xilas etmək olarmı?
Kənd təsərrüfatında durğunluq: istehsal azalır, idxal artır
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək