açıq mənbədən götürülüb
Yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror hakimdən “İşçi Masası” Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Afiəddin Məmmədova 10 il həbs cəzası verilməsini istəyib.
Prokuror bildirib ki, Afiəddin Məmmədovun Səfər Hüseynov adlı şəxsi bıçaqlaması ilə bağlı ittiham məhkəmə istintaqı zamanı sübuta yetirilib.
Vəkil Zibeydə Sadıqova isə məhkəmənin onun heç bir vəsatətini təmin etmədiyini diqqətə çatdırıb. Vəkilin sözlərinə görə, vəsatətlərin təmin edilməməsi müvəkkilinin müdafiəsinin qurulmasında ona əngəl yaradıb:
“Əgər məhkəmə istədiyimiz görüntülərin, sənədlərin alınmasına görə qaldırdığımız vəsatətləri təmin etsəydi, bu gün məlum olardı ki, əksinə, müvəkkilim özü hücuma məruz qalıb və ona saxta ittiham verilib. Biz vəsatətlər qaldırmışdıq ki, məhkəmə Xətai rayonu, 34-cü polis bölməsindən kamera görüntülərini alıb araşdırsın. Zərərçəkmiş qismində tanınan Səfər Hüseynovun üzərində əvvəllər aparılmış cərrahiyyə əməliyyatı ilə bağlı xəstəlik tarixçəsi məhkəməyə təqdim edilsin. Onun bıçaqlandığı iddia edilən ərazidəki kamera görüntüləri məhkəməyə təqdim olunsun və məhkəmə zalında baxış keçirilsin. Ancaq bu vəsatətlərin heç biri təmin olunmadı. O zaman bir daha sübut olunacaqdı ki, müvəkkilim heç kəsi bıçaqlamayıb. İstintaq orqanı başqa işlərdə dərhal ərazidəki kamera görüntülərini alır, işə əlavə edir. Bu işdə niyə əlavə olunmayıb? Deməli, belə bir hadisə olmayıb, Afiəddin heç kimi bıçaqlamayıb”.
Vəkil bildirib ki, sübut kimi göstərilən zərərçəkmişin bədənindəki çapıq izləri əvvəllər keçirdiyi appendisit əməliyyatından qalmış ola bilər. Ona görə də onun məhkəmədə qaldırdığı xəstəlik tarixçəsinin alınması ilə bağlı vəsatəti təmin olunmalıydı:
“Polis bölməsindəki kamera görüntülərini isə ona görə tələb edirdik ki, müvəkkilim ora aparıldıqdan sonra döyüldüyünü iddia edir. Ancaq o görüntülər də məhkəmə tərəfindən alınmadı”.
Vəkildən sonra Afiəddin Məmmədov ayağa qalxaraq məhkəmənin ədalətsizliyindən danışıb: “Siz burada obyektiv məhkəmədən danışırsız. Amma sizdə obyektivliyin o hərfi də yoxdur. Mən nə belə məhkəmə, nə də onun qərarlarını tanıyıram”.
Prokurorla təqsirləndirilən şəxs arasında mübahisə düşüb. Hakim tələsik şəkildə növbəti məhkəmə iclasını yanvarın 14-nə təyin edərək məhkəmə zalını tərk edib.
Afiəddin Məmmədov 2023-cü il sentyabrın 20-dən həbsdədir. Cinayət işinin materiallarında iddia olunur ki, o, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ilə gedərkən Səfər Hüseynov adlı şəxslə toqquşub, aralarında mübahisə yaranıb. Bu zaman cibindən bıçaq çıxarıb və ona xəsarət yetirib.
A.Məmmədova Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyətilə qəsdən bədənə ağır xəsarət yetirmə) və 221.3 (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham verilib.
O, ittihamı rədd edir, kimsəyə xəsarət yetirmədiyini bildirir. A.Məmmədovun sözlərinə görə, S.Hüseynov onu həbs etməkdən ötrü öncədən qurulmuş planın icraçısıdır:
“Sentyabrın 20-də toya getməyə hazırlaşırdım. Blokdan çıxanda bir kişi mənə tərəf gəldi, yanında bir qadın da vardı. Üstümə hücum eləyib, yaxamdan yapışdı. Əlində bıçaq vardı, onu almağa çalışanda əlim də kəsildi. Sifətimdən vurdu, burnumdan qan açıldı. Yerə yıxıldım, indi də kürəyimdə izlər qalıb. Təxminən 3 dəqiqə sonra polislər gəldi”.
A.Məmmədov ilk dəfə 2023-cü ildə kuryerlərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasıyla əlaqədar avqustun 1-də keçirilən etiraz aksiyası zamanı saxlanılmış, 30 sutka inzibati həbs cəzası almışdı. Bir neçə gün sonra “İşçi Masa”sının digər üzvləri Elvin Mustafayev və Ayxan İsrafilov narkotik ittihamı ilə həbs ediliblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
“Toplum TV işi” üzrə həbs edilən Akif Qurbanov və İlkin Əmrahovun apellyasiya şikayəti təmin edilmədi
Toplum TV
Azadlıq.org
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Suriyada kim qalib gəldi?
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.