Siyasət

Siyasi şərhçi: ""Gürcü Arzusu"nun son qərarı Avropa Birliyinin nə qədər dişsiz qurum olduğunu göstərir"

28 İyul, 2021
3020

Rəsmi səhifə

Bu gün, iyulun 28-də Gürcüstanın hakim "Gürcü arzusu - demokratik Gürcüstan" partiyası növbədənkənar parlament seçkilərin təyin olunması şərtindən imtina edib və Avropa Şurası prezidenti Şarl Mişelin vasitəçiliyi ilə müxalifətlə razılaşdırılan sazişdən çıxıb. 

Gürcüstan KİV-inin məlumatına görə, bu barədə partiyanın sədri İrakli Kobaxidze bəyanat verib. 

Şarl Mişel ilə razılaşdırılan saziş Gürcü müxalifətinin parlamenti boykot etməsini dayandırmaq məqsədiylə imzalanmışdı. Müxalifət hökuməti parlament seçkilərini saxtalaşdırmaqda ittiham edirdi. Sazişdəki əsas müddəalardan biri "Gürcü arzusu" yerli idarələrə seçkilər zamanı (2 oktyabrda keçiriləcək) 43%-dən az səs toplayarsa, növbədənkənar parlament seçkilərin keçirilməsi barədəydi. 

Kobaxidze bildirib ki, hakim partiya aprelin 19-da imzalanan sazişdən çıxmaqla konstitusyon nizama və Konstitusiya çərçivəsindəki siyasi proseslərə qayıdır. 
Bununla yanaşı o qeyd edib ki, partiya növbədənkənar parlament seçkiləri təyin edə bilər, amma bu sırf hökumətin könüllü iradəsi ilə baş tuta bilər. 

“Gürcü Arzusu”-nun bu qəfil qərarının arxasında hansı niyyətlər dayanır? 

Siyasi şərhçi Şahin Cəfərli məsələ barəsində özünün sosial media hesabında yazı paylaşıb. Materialı təqdim edirik:

""Gürcü Arzusu" Avropa Birliyinin rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə müxalifətlə əldə olunmuş razılaşmadan birtərəfli qaydada çıxdı.

“Şarl Mişel razılaşmaları”nda seçki və məhkəmə islahatlarının keçirilməsi nəzərdə tutulurdu, eyni zamanda qeyd olunmuşdu ki, payızda yerli idarəetmə orqanlarına seçkilərdə hakim partiya 43%-dən az səs alsa, 2022-ci il üçün erkən parlament seçkiləri təyin olunacaq. Seçkilərin saxtalaşdırıldığını bildirən müxalifət “Gürcü Arzusu”nun bu öhdəlikləri götürməsindən sonra könülsüz də olsa, parlamentin işində iştiraka qərar vermişdi. (Parlamentdə iqtidar partiyasının 84, müxalifət partiyalarının 66 millət vəkili var.)

Şahin Cəfərli - Sosial Media

“Gürcü Arzusu”nun son qərarı Avropa Birliyinin və Şarl Mişelin reputasiyasına ağır zərbə olmaqla, bir daha bu təşkilatın nə qədər dişsiz qurum olduğunu göstərir. Özü də bu qərarı AB ilə assosiativ saziş imzalamış, vizasız gediş-gəliş hüququ əldə etmiş, postsovet məkanında Qərbdən ən çox asılılığı olan, ondan yardımlar alan 2 ölkədən biri edir. Hələ üstəlik, AB-nin Gürcüstana qarşıdakı 5 ildə 3,9 milyard avro investisiya sözü verdiyi bir məqamda... Görünür, hiyləgər və iti zəkalı İvanişvili AB-dən hər hansı sərt cavab (sanksiya xarakterli) gözləmir və qərblilərin ənənəvi narahatlıq, qınama bəyanatlarından o tərəfə keçməyəcəklərinə inanır. (AB-nin öz nüfuzunu xilas etmək üçün hansısa addım atıb-atmayacağını şəxsən maraqla gözləyirəm.)

Ümumən həm Gürcüstanda, həm də Ukraynada Qərbin siyasətindən məyusluq yavaş-yavaş artır. Bu ölkələr böyük itkilər hesabına avroatlantik inteqrasiya kursu seçib, 2014-cü ildə AB ilə assosiasiya sazişi imzalasalar da, təşkilat hələ də onlara üzvlük perspektivi vermir. Kiyev və Tiflis illərdir xahiş edirlər ki, gəlin, rəsmi sənədlərin birində yazaq ki, bu ölkələr AB-nin bütün kriteriyalarına uyğunlaşarsa, gələcəkdə Avropa Birliyinə üzv qəbul olunacaqlar. Lakin AB (təbii ki, Almaniya və Fransa) hər dəfə bu xahiş və tələbləri rədd edir. Bənzər vəziyyət bu ölkələrin NATO-ya üzvlüyü məsələsində də yaranıb. Doğrudur, AB-dən fərqli olaraq, NATO Ukrayna və Gürcüstana üzvlük perspektivi verib. 2008-ci il Buxarest zirvəsində Buş hökuməti bu ölkələrə üzvlükdə son mərhələ olan Üzvlük üçün Fəaliyyət Planı (MAP) verilməsini istəyirdi, Merkel və Sarkozi isə buna qəti şəkildə qarşı idilər, sonda kompromis variant kimi yekun Kommünikedə konkret tarix göstərilmədən “Ukrayna və Gürcüstan gələcəkdə NATO-ya üzv qəbul ediləcək” cümləsi yazıldı.

Lakin Almaniya və Fransanın mövqeyində hər hansı dəyişiklik yoxdur və onların Ukrayna ilə Gürcüstana nə vaxt yaşıl işıq yandıracaqları bəlli deyil. Heç ABŞ-ın da bu məsələdə istəkli və israrlı olduğunu söyləmək doğru olmaz. Seçki kampaniyasında Putin tiraniyasına son qoyacağını vəd edən Bayden hakimiyyətə gəldikdən sonra isə Rusiya daha geniş meydan əldə edib. Bayden hətta ABŞ qanunlarını qulaqardına vuraraq Rusiyaya qarşı sanksiya tətbiq etməkdən vaz keçib, üstəlik rusiyalı hakerlərin ABŞ-ın enerji və qida təhlükəsizliyini hədəf alan hücumlarına da cavab verməyərək “bunlar Rusiya hökumətinə bağlı hakerlər deyil” bəhanəsinə sığınıb. (Dünən isə rusiyalı hakerlərin gələn il Konqresə keçiriləcək seçkilərə müdaxilə etdiyini söylədi. Artıq ciddiyyətini və inandırıcılığını tamam itirib.)

İkinci Dünya müharibəsi ərəfəsində Britaniya və Fransanın Almaniya ilə münasibətlərdə yeritdiyi təcavüzkarı “sakitləşdirmə” siyasətini ("политика умиротворения" - "politics of appeasement") bu gün Almaniya, Fransa və qismən ABŞ-ın timsalında Qərb Rusiya ilə münasibətlərdə təkrarlayır. Putin bundan cəsarətlənərək Ukrayna ilə bağlı məqaləsində Kiyevin qarşısında iki seçim qoydu: ya avroatlantik inteqrasiyadan imtina edib, bizimlə razılaşırsız və sizə toxunmuram; ya da “tarixi rus torpaqları”nı geri qaytarmaq və oradakı Rusiya vətəndaşlarını qorumaq üçün güc işlətməyə məcbur olacağam.

Zelenski indi ona ümidlidir ki, ölkəsinə güclü ikipartiyalı dəstəyin mövcud olduğu ABŞ Konqresi və “dərin dövləti” Baydenin Putinlə bu təhlükəli alverini (ya da alver niyyətini) əngəlləyərək Ukraynaya hansısa şəkildə təhlükəsizlik təminatı verəcək.

Əks halda, Ukraynanın Rusiya ilə kompromisə getməkdən başqa yolu qalmayacaq. Bidzina İvanişvilinin isə Rusiya ilə əlaqələri hamıya məlumdur və onun Moskva ilə gizli kanallarla müntəzəm məsləhətləşmələr apardığını bilmək üçün məxfi informasiyalara ehtiyac yoxdur. Əgər Qərb hazırkı siyasətini davam etdirərsə, Gürcüstanın və Ukraynanın avroatlantik inteqrasiya kursu "avroatlantik skeptisizm"lə əvəzlənə bilər.

P. S. Belə bir fonda Azərbaycan-Ermənistan sərhədində baş verənlərin arxasında guya Fransa və ABŞ-ın dayandığı barədə fikirlər komik görünür".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Azərbaycan hökuməti ölkədə sərbəst toplaşmaq azadlığının pozuntusunu tanıyıb

17 İyun 2026

VOA

Azərbaycan hökuməti bir sıra siyasi fəalların sərbəst toplaşmaq azadlığının pozuntusunu tanıyıb, onlara təzminat ödəməyə razılaşıb.  Bu barədə "Azadlıq Radiosu" xəbər yayıb. Hüquqlarının pozulduğunu iddia edən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Təşkilat şöbəsinin rəhbəri Saqif Qurbanov, partiyanın Ali Məclisinin keçmiş sədri Nurəddin Məmmədli, hazırda fəaliyyətini dayandırmış Azərbaycan Demokratiya və Rifah Partiyasının üzvləri Arif Əzizzadə, Arifə Hüseynli və Dilarə Miriyeva bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət ediblər.  Şikayətçilər ərizələrində ölkədə dinc toplantıların və etiraz aksiyalarının keçirilməsinə imkan verilmədiyini, bununla bağlı şikayətlərinə isə baxılmadığını bildiriblər. Ərizəçilər məhkəmədən Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci (yığıncaqlar və birləşmək azadlığı) və 13-cü (səmərəli hüquqi müdafiə...
Siyasət

"Human Rights Watch" Azərbaycan hakimiyyətini Rüfət Səfərovu azad etməyə çağırır 

17 İyun 2026

Sosial media

"Human Rights Watch" beynəlxalq insan hüquqları təşkilatı Azərbaycan hakimiyyətini həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovu azad etməyə çağırıb.  Təşkilat yayımladığı bəyanatda bildirib ki, R.Səfərovun iyunun 12-də səkkiz il müddətinə azadlıqdan məhrum edilməsi Azərbaycanda "artıq ciddi şəkildə məhdudlaşdırılmış vətəndaş cəmiyyəti məkanına vurulan növbəti zərbədir".  Bəyanatda xatırladılır ki, R.Səfərov 2024-cü ilin dekabrında ABŞ-nin Bakıdakı səfirliyindən viza götürdüyü gün həbs edilib. O, həmin viza ilə ABŞ Dövlət katibinin "İnsan Hüquqları Müdafiəçisi Mükafatı"nı almaq üçün Vaşinqtona səfər edəcəkdi.  "Rüfət Səfərovun mühüm beynəlxalq insan hüquqları mükafatını almağa hazırlaşdığı ərəfədə həbs edilməsi bu işin onun insan hüquqları sahəsində fəaliyyətinə görə qisas xarakteri daşıdığına dair ciddi əsaslar...

Seçilmiş Videolar

Toplum TV loqo