Siyasət

YAP-da nə baş verir? – “Ləyaqət məsələsi önə çəkilməlidir”

10 Sentyabr, 2021
4183

Rəsmi səhifə

“Məsul vəzifələrə təyinatda və müəyyən qurumlarda fəaliyyət məsələsində də daha ləyaqətli şəxslərə üstünlük veriləcək. Ləyaqət məsələsi önə çəkilir və çəkilməlidir də. Artıq kəmiyyət dalınca qaçmağa ehtiyac yoxdur. Çünki YAP Cənubi Qafqaz və regionun tərkibinə görə ən böyük partiyasıdır”. 

Bu sözləri “Toplum Tv”-yə Yeni Azərbaycan Partiyasının üzvü, deputat Elman Məmmədov son günlər partiya üzvləri ilə bağlı yaranmış xoşagəlməz hadisələri şərh edərkən deyib.

Bir neçə gün öncə YAP-ın Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşovun sosial mediada intim görüntüləri yayılmışdı. YAP-ın bu gün keçirilən İdarə Heyətinin iclasında Ramiz Göyüşov vəzifəsindən azad edilib. 

Siyasi-şərhçi Anar Məmmədli YAP-da baş verən son hadisələrlə bağlı danışarkən belə deyib: “Baş verən hadisələri gülüşlə qarşılamağın tərəfdarıyam. Düşünmürəm ki, bu hadisələrin cəmiyyətə hansısa isti-soyuğu olsun”.

Anar Məmmədli

Bundan əvvəl də sabiq deputat Hüseynbala Mirələmov YAP-ın və YAP Veteranlar Şurasının üzvlüyündən çıxarılmışdı. O, həm də YAP-ın Xətai rayon təşkilatının sədri idi.

Avqustun 2-də isə partiyanın nüfuzuna xələl gətirən hərəkətlər iddiası ilə deputat Eldəniz Səlimov YAP üzvlüyündən xaric edilmişdi. O polis zabitinə şiddət göstərdiyi üçün daha sonra məhkəmə qərarı ilə həbs edilib.

Ümumiyyətlə, YAP-da nə baş verir? 

Anar Məmmədli YAP-da nə baş verdiyi deməkdə çətinlik çəkdiyini bildirir: “YAP kifayət qədər qapalı siyasi partiyadır. Hazırda ölkə necə qeyri-şəffaf, qapalı və hesabatsız formada idarə olunursa, eyni şəkildə YAP-da da oxşar idarəetmə hökm sürür. Açıqlıqdan, şəffaflıqdan uzaq partiya olduğu üçün partiyanın daxilində baş verən proseslərlə bağlı tutarlı fikir demək çətindir".   

YAP-ın sadəcə "mövcud hakimiyyət üçün mozaika olduğunu" deyən siyasi şərhçi Azərbaycanda çoxpartiyalı sistemin mövcudluğu və YAP-ın da hakim partiya olması barədə süni görüntünün yaradıldığını bildirir.  A.Məmmədli əslində isə, məsələnin belə olmadığını və bunu təyin etmək üçün YAP-ın fəaliyyətinə baxmağın kifayət etdiyini qeyd edir. Onun qənaətincə, əgər YAP iqtidar partiyasıdırsa, onda onun hakimiyyətə bu və ya digər formada təsiri olmalıdır: “Parlamentdə çoxluq kimi çalışmalıdır və ya ölkənin idarə olunması ilə bağlı təkliflərlə çıxış etməlidir. Yəni bu hallar müşahidə edilmədiyi üçün YAP-ı hakim siyasi partiya adlandırmaq çətindir. Mənim üçün YAP ölkədəki digər partiyalardan seçilmir”.

Elman Məmmədov - Rəsmi səhifə

Deputat Elman Məmmədovsa YAP-ın yüz minlərlə üzvü olan siyasi partiya olduğunu deyir. Onun sözlərinə görə, keçmişdə, ola bilsin ki, gələcəkdə də müəyyən səhvlərə yol verənlər, hətta cinayət tərkibli hərəkətlər edənlər tapılacaq, amma “təbii ki, partiyamız öz sıralarını sağlamlaşdırmaq üçün tədbirlər görür". 

Elman Məmmədov deyir ki, YAP-a qəbul məsələlərində müəyyən ciddi şərtlərin qoyulması mümkündür. 

Bu gün keçirilən iclas zamanı edilən vəzifə dəyişikliyinə də toxunan deputat bunların partiya daxili struktur dəyişikliyi olduğunu qeyd edir: “O ki qaldı bu gün olan vəzifə dəyişiklərinə, bu, YAP-da aparılan struktur nizamnaməsi və proqram dəyişikliyi ilə əlaqədardır. Vəzifəsindən azad olunanlar arasında deputat həmkarlarımız da var. Yeni nizamnaməyə əsasən, YAP rayon təşkilatının sədri heç bir rəsmi vəzifə tutmayacaq və müstəqil partiya üzvü olacaq”.

YAP-ın bu gün keçirilən iclasında ümumilikdə 9 nəfər rayon təşkilat sədri vəzifəsindən azad edilib və müvafiq olaraq yeni təyinatlar aparılıb.

"Partiyanın zamanla tarixə qovuşması prosesi baş verir"

Bütün bu baş verənlərin partiyanın gələcək fəaliyyətinə necə təsir edəcəyindən danışan A.Məmmədli YAP-ın Azərbaycanda son 27 ildə qurulmuş avtoritar rejimin mahiyyətini ifadə edən partiya olduğunu bildirir. “Ölkədə həqiqi çoxpartiyalı sistem yoxdur. Ona görə də YAP-ın siyasi proseslərdəki rolu 90-cı illərlə müqayisədə olduqca azalıb. Hazırda o, marjinal dövrünü yaşayır. Ölkəni indi tamamilə fərqli və maliyyə maraqları olan siyasi qrup idarə edir. Ona görə də partiyanın gələcəyini barədə danışmaq çətindir. İstənilən halda YAP-ın tarixə qovuşması prosesi baş verir”,- deyə o qeyd edir.

Elman Məmmədovsa tək-tək halların YAP-ın imicinə xələl gətirə bilməyəcəyini deyir: “700 minlik təşkilatın içərisində bir və ya iki nəfərin səhvə yol verməsi ümumilikdə partiyanın nüfuzuna kölgə sala bilməz".

Yeni Azərbaycan Partiyası 1992-ci ildə qeydiyyata alınıb. Bu ilin mart ayından YAP-ın açıqladığı göstəricilərinə görə partiyanın 760 mindən çox üzvü var. 2020-ci il parlament seçkilərindən sonra YAP Milli Məclisdə 70 nəfər deputatla təmsil olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Avropa Məhkəməsi Fuad Əhmədliyə qarşı hüquq pozuntularını tanıyıb 

8 Oktyabr 2026

Toplum TV

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) hüquq müdafiəçisi, 2016-2020-cı illərdə həbsdə olmuş Fuad Əhmədlinin şikayətinə baxıb.  Vəkil Fariz Namazlının yaydığı məlumata görə, məhkəmə hüquq müdafiəçisinə qarşı hüquq pozuntularını tanıyıb.  F.Əhmədli AİHM-ə ərizəsində yerli məhkəmələrin onun barəsində seçdiyi həbs qətimkan tədbirinin zəruriliyini əsaslandıra bilmədiyini qeyd edib. AİHM də oxşar işlərə istinad edərək hüquq müdafiəçisinə qarşı Avropa İnsan Hüquqları Konvensiyasının 5.3-cü maddəsinin (ağlabatan müddət ərzində məhkəmə araşdırmasının keçirilməsi və ya məhkəməyədək azadlığa buraxılması hüququ) pozuntusunu tanıyıb.  F.Əhmədli həmçinin dövlət orqanlarının 2016-cı ilin avqustunda verdikləri bəyanatlar nəticəsində təqsirsizlik prezumpsiyası hüququnun pozuntusunun tanınmasını xahiş edib. Hökümət AİHM-ə göndərdiyi cavabda iddia edib ki, ərizəçi ölkədaxili müdafiə...
Siyasət

Ramil Babayev sivil itaətsizliyə başlayıb

8 Oktyabr 2026

sosial media

“Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev sivil itaətsizliyə başladığını elan edib.  O, buna səbəb kimi avqust ayında ədliyyə naziri Fərid Əhmədova yazdığı açıq məktubdakı tələblərinin təmin olunmamasını göstərib.  “Toplum TV” R.Babayevin yeni müraciətini olduğu kimi təqdim edir: “Məhkəmədə niyə iştirak etmirəm?  Bu suala cavabım ilk ağla gələn cavabdır: Azərbaycanda məhkəmə mövcud olmadığı üçün. Əslində mücərrəd düşünmə vərdişi olan hər bir şəxs Azərbaycanın cari reallığından agahdır.  Magistratura təhsilim dövründə “Sosial siyasətin hüquqi əsasları” fənnini mənə çoxsaylı dərsliklərin müəllifi olan, ölkənin ən nüfuzlu hüquq professorlarından biri keçirdi. Qrup yalnız məndən təşkil olunmuşdu və mən dərsdə...

Seçilmiş Videolar

Toplum TV loqo