Sosial

Azərbaycan müəllimi öz nazirindən təxminən 15-16 dəfə az əmək haqqı alacaq

20 Mart, 2026
1049

Azərbaycan hökuməti məmur heyəti üçün yüksək maaşlar müəyyən edib. Məsələn, baş nazir bundan sonra rəsmi olaraq ayda 17160 manat (təxminən 10 min dollar) maaş alacaq. Baş nazirin müavinlərinin məvacibi 15-16 min manat, nazirlərin əmək haqqı 13,7 min manat, rayon və şəhər icra başçılarının maaşları isə 9-10 min manat intervalında təsdiqlənib.

Əslində, indiyədək də məmurlar elə də aşağı məbləğdə aylıq qazanca işləmirdilər. Sadəcə, aylıq vəzifə maaşından əlavə daha yüksək məbləğlərdə ödənişlər (mükafat formasında) almaq imkanları vardı. Məsələn, deputatların rəsmi aylıq maaşları 2500 manata yaxındır, lakin bu məbləğin təxminən iki misli (5000 manata yaxın) həcmində əlavə ödəniş alırlar. Üstəlik, bir çox qurumlar büdcədənkənar gəlirlər hesabına qeyri-rəsmi formada öz aralarında “paket” adlandırılan ödənişlər həyata keçirirdilər.

İndi isə bütün əlavələr birləşdirilərək, daha yüksək artımla vahid aylıq maaş məbləğinə çevrilir.

Müstəqil ekspertlər hesab edir ki, məmur heyəti üçün tətbiq edilən yüksək maaş sistemi bir sıra məqamlara görə ciddi problem yaradır. Əvvəla, “yüksək maaş korrupsiyanın qarşısını almaq üçündür” tezisi hər zaman özünü doğrultmur. Bu yanaşma yalnız o halda effekt verir ki, siyasət biznesdən tamamilə ayrılır, maraq toqquşmasının qarşısını alan mexanizmlər işlək olur və yüksək vəzifəli məmurların, eləcə də onların birinci dərəcəli yaxınlarının dövlət imtiyazları hesabına biznesdə zənginləşməsi tamamilə mümkünsüz edilir. Eyni zamanda, azad seçkilərlə formalaşan parlamentin məmurlar üzərində effektiv nəzarəti, dövlət idarəçiliyinə davamlı nəzarət edən müstəqil media və vətəndaş cəmiyyəti, həmçinin onların aşkar etdiyi qanunsuzluqları nəzərə alan müstəqil məhkəmə sistemi mövcud olmalıdır.

Bu cür institusional mexanizmlərin formalaşmadığı şəraitdə yüksək maaşların məmurları qeyri-qanuni gəlirlərdən çəkindirməsi gözlənilən effekti vermir. Nəticədə rəsmi məvaciblər vəzifədən əldə edilən qeyri-rəsmi gəlirlərlə yanaşı əlavə və davamlı gəlir elementi kimi qalır. Bəzi hallarda yüksək maaşlar korrupsiya riskləri ilə bağlı müzakirələrdə müəyyən qoruyucu arqument kimi istifadə oluna bilir. Məsələn, aylıq 10-15 min manat maaş alan məmurun bir neçə milyon manatlıq sərvətinin üzə çıxması ictimai müzakirələrdə fərqli şəkildə dəyərləndirilə bilər, nəinki rəsmi maaşı 2-3 min manat olan şəxs üçün. Bundan əlavə, məmurların gəlir və sərvət bəyannaməsi sisteminin tətbiq olunmaması ümumi şəffaflıq səviyyəsinə əlavə suallar yaradır.

İkinci mühüm məqam ondan ibarətdir ki, məmur maaşları ölkə iqtisadiyyatının real imkanları ilə uzlaşmalıdır. Məsələn, Estoniyada adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) təxminən 30 min dollardır və nazirlərin maaşı 10 min dollar civarındadır. Yəni, bir nazirin illik məvacibi adambaşına ÜDM-in maksimum 4 misli qədərdir. Azərbaycanda isə yeni sistemə görə nazirlərin illik maaşı 100 min dollara yaxındır ki, bu da adambaşına ÜDM-in 13-14 mislinə bərabərdir. 

Eyni zamanda, Azərbaycandakı nazir və icra hakimiyyəti başçılarının aylıq maaşları qonşu Ermənistan və Gürcüstanla müqayisədə 1,5-2 dəfə yüksəkdir. Halbuki bu ölkələrdə orta statistik vətəndaşın maaşı Azərbaycandakı göstəricidən təxminən 50% çoxdur.

Üçüncü vacib məsələ ondan ibarətdir ki, məmur maaşları artırılırsa, onların fəaliyyətinin nəticələrini ölçən effektiv mexanizmlər də mövcud olmalıdır. Məsələn, ayda 10 min manat maaş alan icra başçısının fəaliyyətinin bu məbləğə uyğun olub-olmadığını vətəndaşlar necə müəyyən edəcək? Vətəndaş məmnuniyyətini kim obyektiv şəkildə qiymətləndirəcək? 

Fəaliyyətinin vətəndaşlara təsiri kifayət qədər müsbət qiymətləndirilməyən vəzifə sahiblərinin yüksək maaşla təmin olunmasının iqtisadi və məntiqi əsasları aydın şəkildə müəyyənləşdirilməlidir.

Nəhayət, ekspertlərin fikrincə, daha bir vacib məqam müxtəlif sosial qruplar - xüsusilə müəllimlər və məmurlar arasında daha optimal maaş nisbətinin qorunmasıdır. Son artımlardan sonra orta məktəb müəlliminin aylıq maaşı öz nazirinin (təhsil naziri) məvacibindən təxminən 15-16 dəfə az olacaq. Halbuki müqayisə üçün göstərilən ölkələrdə müəllim və nazir maaşları arasındakı fərq adətən 4-6 dəfəni keçmir.

Qeyd etmək lazımdır ki, sosial bərabərsizliyin Azərbaycandakı kimi yüksək olduğu ölkələrdə maaş fərqlərinin dövlət qərarları ilə artması gəlir fərqlərinin genişlənməsinə təsir göstərə bilər. Məsələn, mövcud artımlar fonunda aparılan ehtimal xarakterli qiymətləndirmələrə görə, ən aşağı maaş alan 10% əhali qrupu ilə ən yüksək maaş alan məmurlar arasında fərqin 30-35 dəfəyə qədər yüksələ biləcəyi istisna edilmir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?

6 Avqust 2026

president.az

Milli Məclis Azərbaycanda kənd təsərrüfatı torpaqlarının konsolidasiyası (birləşdirilməsi) üçün qanunlara dəyişikliklər etməyə hazırlaşır.  Bu barədə qanun layihəsi iyulun 10-da parlamentin iclasına çıxarılıb. Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. Layihənin müzakirəsində çıxış edən deputatlar dəyişiklikləri “torpaq ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin edilməsi” məqsədi ilə əsaslandırıblar.  Məsələn, deputat Siyavuş Novruzov çıxışında bildirib ki, torpaqların birləşdirilməsi ilə “ərzaq bolluğu və ərzaq təhlükəsizliyinə nail olacağıq”. O, qanun layihəsinin zərurətini kiçik torpaq sahələrinin əkilib-becərilməsinin çətin olması ilə əsaslandırıb. Deputat bu mövzuda inkişaf etmiş ölkələrin təcrübəsini öyrənməyi təklif edib.  Avqustun 3-də “Azərtac”a danışan Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib...
Sosial

“Elgün İbrahimovla bağlı videoya görə saxlanıldım” deyən gəncə 3 il həbs cəzası verilib

4 Avqust 2026

Sosial media

Oğuz rayonunun Dəymədərə kənd sakini olan 20 yaşlı gənc narkotik ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmədə ittihamı qəbul etməyərək saxlanılmasının ötən ilin mayında Gəncədə vəfat edən 18 yaşlı Elgün İbrahimovla bağlı paylaşdığı videoya görə baş verdiyini bildirib. "Abzas Media" yazır ki, hökm iyunun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə çıxarılıb. İttihama görə, gənc satış məqsədi olmadan 5,586 qram metamfetamin əldə edib, saxlayıb və daşıyıb. İstintaq materiallarında qeyd olunur ki, o, 2025-ci ildə Bakının Nizami rayonunda "özünü şübhəli apardığına" görə polis əməkdaşları tərəfindən saxlanılıb. İttiham aktına əsasən, 24-cü Polis Şöbəsində aparılan şəxsi axtarış...

Seçilmiş Videolar

Toplum TV loqo