Sosial

Nazirin “tam ştatlı müəllim” layihəsi: “Köhnə modeli mütərəqqi sistem kimi tətbiq etmək istəyir”

27 Noyabr, 2025
244

Foto: açıq mənbə

Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 17-də jurnalistlərə açıqlamasında orta məktəb müəllimlərini tam ştata keçirmək haqda layihədən danışdı

Nazir bildirdi ki, layihə hələ konsept olaraq hazırlanmaqdadır və ən tez 2027-ci ilin sentyabrından tətbiq oluna bilər:

“Məqsədimiz ondan ibarətdir ki, Azərbaycan müəllimi məktəbin tamhüquqlu bir hissəsi olduğunu hiss etsin. Əməyin ödənilməsi ilə bağlı suallar da sadə deyil. Hazırda üzərində işlədiyimiz yanaşma ondan ibarətdir ki, tam ştatlı müəllimin əməkhaqqı ölkə üzrə orta əməkhaqqından azı iki dəfə yüksək olmalıdır. Bu gün müəllim öz əməkhaqqını artırmaq üçün daha çox dərs deməlidi ki, bu da doğru deyil.”

Nazirin açıqlaması sosial şəbəkələrdə, xüsusilə müəllimlər arasında birmənalı qarşılanmadı. Xeyli sosial şəbəkə istifadəçisi bunu müəllimlərin dərsləri olmadığı halda iş gününün sonuna qədər məktəblərdə qalmalı olacağı kimi şərh etdi. 

Suallara aydınlıq gətirmək istəyən E.Əmrullayev noyabrın 20-də İctimai Televiziyaya (İTV) geniş müsahibə verdi. 

Nazirin dediyinə görə, ənənəvi saat hesabı tədris sistemi müəllimlərin maaşlarını artırmağa imkan vermir: 

“Məsələnin mahiyyəti budur ki, müəllimin əməkhaqqını dərs dediyi sinif sayı müəyyən edir. Siniflərin sayı çoxaldıqca, dərs dediyi saatlar artır və müəllim daha çox əməkhaqqı alır. Amma bu coğrafi olaraq hər yerdə mümkün deyil. Azərbaycanda sayca yüzlərlə kiçik həcmli, cəmi bir sinif olan məktəblər var. Ucqar kəndlərdir, uşaq azdır. Belə məktəbdə işləyən kimya müəlliminin həftədə 6 saat dərsi var. Sinif yoxdur ki, biz ona 7-ci saat verib əməkhaqqını artıraq.”

E.Əmrullayev müəllimləri tam ştata keçirmək ideyasını belə müdafiə edib ki, saat hesabı dərs deyən müəllimlərin “təhsil prosesinə bağlılığı yoxdur”.

“Təsəvvür edin ki, siz bu binada həftədə 10 saat işləyirsiniz. Bu o deməkdir ki, siz məktəbə həftədə üç gün səhər saat 8-9-da gəlib, 11-12-də çıxıb gedirsiniz evə. Mən anlayıram, kimsə öz işini görə bilir, uşaqlarına baxa bilir, ola bilər ki, kiminsə həyat yoldaşı üçün bu yaxşıdır ki, yoldaşı həm işləyir, həm işləmir. Amma biz axı Azərbaycan təhsilindən, gələcək nəslin tərbiyəsindən danışırıq”, - o qeyd edib. 

Nazir təklifin müəllimlərin iş gününün sonuna qədər məktəblərdə qalacağı kimi şərh olunmasından “təəssüf” ifadə edib və deyib ki, əslində, belə olmayacaq:

“Nazirlik niyə müəllimləri axşam saat 6-ya qədər məktəbdə saxlasın? Fikir bildirəndə məntiq ortaya qoymaq lazımdır. Məsələ bundan ibarət deyil. Hazırda hüquqi baza yoxdur. Amma biz bunu həftədə 30-36 saatlıq iş yükü kimi görürük. Bəs müəllim öz dərsindən başqa iş saatları ərzində nə edə bilər? Məsələn, təcrübəli müəllimlər gənc həmkarlarının dərsini dinləyib onlara məsləhət verə bilər, şagirdlərin məktəbdənkənar fəaliyyəti üçün metodoloji tövsiyələr hazırlaya bilər, onları müsabiqələrə, olimpiadalara, turnirlərə hazırlaşdıra bilər.”

E.Əmrullayev deyib ki, pilot layihədə 20 min müəllimin könüllü əsaslarla tam ştata keçirilməsi nəzərdə tutulub. 

Nazirin ideyası iqtisadçılar və təhsil ekspertləri tərəfindən tənqid olunub. 

“Facebook” səhifəsində mövzuya toxunan iqtisadçı Rövşən Ağayev bildirib ki, belə bir model inkişaf etmiş ölkələrdə artıq uzun illərdir tətbiq edilir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının tədris və öyrənmə ilə bağlı keçirdiyi beynəlxalq sorğuya (TALIS) istinad edən iqtisadçı xatırladıb ki, təşkilata üzv ölkələrdə müəllimlərin həftəlik iş saatı 38,8 saat təşkil edir, bunun isə yalnız 60%-ini (təxminən 21 saat) müəllim sinif otaqlarında dərsə, yerdə qalanını qeyri-tədris fəaliyyətinə sərf edir. 

“Məsələ “o əjdahadan niyə bizdə olub-olmaması"nda deyil. Vacib olan budur ki, artıq təhsil sektorunun "eksperiment dovşanı"na çevrilməsi üçün vaxt limiti bitib. Təklif olunan mexanizmin nəticə əsaslı idarəetməyə keçidə, bütövlükdə təhsilin inkişafına hansısa töhfəni verib-verməyəcəyi mümkün olduğu qədər dəqiq qiymətləndirilməlidir”, - o qeyd edib. 

2018 və 2024-cü illərdəki TALIS nəticələrinə istinad edən ekspert vurğulayıb ki, inkişaf etmiş ölkələrdə tətbiq olunan, E.Əmrullayevin isə hələ indi tətbiq etmək istədiyi bu modellə bağlı rəylər birmənalı deyil: 

“Avropada, Yaponiyada, ABŞ-də müəllimlərin məktəbə bağlı iş saatlarının yüksək olması faktdır, amma son illər bu coğrafiyalarda müəllimlərin böyük əksəriyyətinin iş yükünün ağırlığından şikayət etməsi, hökumətləri bu sahədə islahatlar aparmağa çağırmaları da faktdır. Biz artıq köhnə, müəyyən narazılıq doğuran və dəyişiklik tələb edən modeli mütərəqqi sistem kimi indi tətbiq etmək istəyirik. TALIS-in nəticələri də iş yükünün ağırlığını, bunun müəllimlərin sağlamlığına ciddi şəkildə ziyan vurduğunu, xüsusən gənclər arasında müəllim peşəsindən uzaqlaşma meyllərinin gücləndiyini göstərir. TALIS-in ortaya çıxardığı əsas nəticələrdən biri budur ki, uzun iş saatının içərisində keyfiyyətli, nəticəyə aparacaq məzmunlu fəaliyyət, qeyri-tədris saatlarını planlaşdırmaq üçün müəllimin azadlığı yoxdursa, ancaq administrativ əmrləri yerinə yetirməyə sərf olunursa, bu sadəcə formal və yorucu bir mexanizmə çevrilir.”

R.Ağayev müəllimlərin qeyri-tədris prosesi ilə məşğul olması üçün məktəblərdə lazımi infrastrukturun olub-olmamasına da diqqət edib. 

“Müəllimləri tədrisdən kənar saatlarda məktəbə bağlayan mexanizmin işlək və nəticəverən olması üçün hər bir müəllimin fərdi, eləcə də onların komanda şəklində işləməsi üçün uyğun infrastruktur (rahat və səssiz iş otaqları), texniki təminat (kompüter, internetə çıxış və s.) olmalıdır. Yüksək maddi şərtlər də öz yerində - yəni hökumətin müəllimə yüksək maaş verməyə büdcəsi və istəyi varmı? Bunlar olmadıqda yorucu və uzun iş rejimi müəllimlərdə mental problemlərlə müşayiət olunan "tükənmişlik", peşədən imtina hissini gücləndirər”, - o əlavə edib. 

Maraqlıdır ki, nazir özü də İTV-yə müsahibəsində məktəblərdə infrastruktur çatışmazlığından danışıb. 

“Müəllimimizin oturmağa yeri belə yoxdur. Ən yaxşı halda çoxlu iş saatı olan sinif rəhbəri müəllimlər var. Amma həftədə 10-12 saat dərsi olan müəllimlərin iş otağı yoxdur. Mənə görə bir işçi üçün ən vacib şeylərdən biri ona aid iş otağının, iş masasının olmağıdır. Bəs müəllim dərsə harada hazırlaşsın, harada öz şagirdlərinin işlərini yoxlasın, harada valideynlə görüşsün?” - o sual edib. 

E.Əmrullayev növbəti gün “Facebook” səhifəsində müsahibədəki fikirlərinin mətbuatda və sosial mediada yanlış yöndə müzakirə olunmasından şikayətlənib. O yazıb ki, infrastruktur haqda dediyi fikirlər sadəcə “detaldır” və bunu sonra da müzakirə etmək olar. 

“Bu müzakirələri Elm və Təhsil Nazirliyi (ETN) yaratmalıdır. Siz harada gördünüz ETN tərəfindən sistemli müzakirələr?”, - iqtisadçı və təhsil eksperti Elçin Rəşid nazirin paylaşımına şərh olaraq sual edib. 

“Sadəcə pərakəndə, əsaslandırılmamış, təhsil məqsədlərinə uyğunlaşdırılmamış rabitəsiz fikirlər. Əksinə, bu barədə uzun müddətdir müzakirələr edirik. ETN tərəfdən müdaxilə heç vaxt konstruktiv olmayıb.

İndi də yeni təklif barədə kütləvi müzakirələr gedir - statuslarda, şərhlərdə. ETN isə heç birində konstruktiv iştirak etmir, müsahibəsində onlara qarşı ikrah nümayiş etdirir, onları boğmağa çalışır və dövlətin resurslarını bu zərərli işə sərf edir”, - o əlavə edib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Sosial

Azərbaycan regionlarında əhali azalır: Rəsmi rəqəmlərin gizlədə bilmədiyi reallıq

11 Yanvar 2026

Foto: Qusar İH

Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, son 5 ildə (2019–2024-cü illər) Azərbaycan əhalisi cəmi 2,3 faiz və ya 243 min nəfər artıb. Bu isə həmin dövrdə orta illik əhali artımının 0,5 faizdən də aşağı olduğunu göstərir. Halbuki 2000–2010-cu illərdə orta illik artım 1,2 faiz, 2010–2020-ci illərdə isə 1,1 faiz təşkil edib. Beləliklə, mövcud artım tempi əvvəlki onilliklərlə müqayisədə təxminən üç dəfə zəifləyib. Ölkə üzrə ümumi əhali sayı zəif templə artsa da, bir sıra regionlarda əks proses - əhalinin azalması müşahidə olunur. Xüsusilə diqqətçəkən məqam odur ki, ən ciddi azalma işğaldan azad edilmiş ərazilərdə qeydə alınıb. Qarabağ iqtisadi rayonunda Ağdərə rayonunun...
Sosial

Yasamalda yanğın olub, 3 nəfər ölüb

22 Noyabr 2025

Foto: sosial media

Noyabrın 21-i axşam saatlarında Bakının Yasamal rayonu, M.Seyidov küçəsində yaşayış binasında yanğın olub. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin məlumatına görə, çağırış ünvanına 18 təcili tibbi yardım briqadası cəlb olunub: "20 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Üç nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb". Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Seçilmiş Videolar

Toplum TV loqo