Sosial

Psixoloq: “Qadın səbirli olmalıdır”

25 Fevral, 2021
4907

Sosial Media

Psixoloq Elnarə İsazadənin “Qadınlar nə istəyir?” adlı yazısı sosial şəbəkədə müzakirəyə səbəb olub. Qadınların 10 əsas istəyindən bəhs edən məqaləni bəyənməyənlər də var, düzgün məqamlara toxunulduğunu düşünənlər də.

Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllimi Elnarə İsazadə 2014-cü ildən psixoloq kimi də fəaliyyət göstərir. 

- Elnarə xanım, qadınların sadəcə 10 istəyi varmı?

- “Qadın nə istəyir” sualı əsrlər boyu müzakirələrə səbəb olub. Müxtəlif fikirlər səsləndirilsə də, böyük əksəriyyət bu suala cavab tapa bilməyib. Hətta psixoanalizin banisi Ziqmund Freyd də belə bir fikir səsləndirib: “Qadın qəlbini 30 il öyrənməyimə rəğmən, əslində, qadınların hələ də nə istədiyini bilmirəm”. 

Düzdür, Allah qadını zərif, incə məxluq yaradıb. Eyni zamanda, qadınlar həm də güclü və dözümlüdürlər. Bəs nə üçün kişilər qadınların çətin xaraketli olduğunu və nə istədiklərini bilmədiklərini, hətta istəklərinin bitmədiyini düşünürlər? Məncə, hər şey bu qədər  mürəkkəb deyil. Ona görə də "Qadınlar nə istəyir?" sualını belə də vermək olar: “Əslində, qadınlar kişilərdən nələri gözləyir və nə istəyirlər?” Yazdığım məqalədə də 10 istək tək bir qadına aid deyil, ümumilikdə qadınların istəklərinə, gözləntilərinə əsaslanıb...

- Yazırsız ki, qadın müstəqil olmaq istəyir. Azərbaycanda qadınlar nə qədər müstəqildirlər?

- Tarixə qısaca nəzər salaq. Orta əsrlərdən bəri Azərbaycan hökmdarlarının xanımlarının, analarının, qızlarının ölkənin tarixində nə qədər böyük iz qoyduğunu bilirik. Sovet hakimiyyəti illərində də Azərbaycan qadını çox mürəkkəb və şərəfli yol keçib. Qadın emansipasiyası, qısa bir müddətdə qadınlar arasında savadsızlığın ləğvi, qadınların müəllim, həkim, mühəndis və s. peşələrə yiyələnərək cəmiyyətdə kişilərlə bərabər hüquqları malik olması, öz istedad və bacarıqlarını gerçəkləşdirə bilməsi həmin dövrün başlıca nailiyyətləridir. 1921-ci il Azərbaycan tarixinə qadınların ilk qurultayı ili kimi daxil olub. Nəriman Nərimanovun məruzə ilə çıxış etdiyi bu qurultayın əsas qayəsini qadın azadlığı ideyaları təşkil edirdi. Qurultaydan keçən qısa bir müddət ərzində Azərbaycan qadınlarının maariflənməsi, ictimai fəallığının artırılması sahəsində böyük işlər həyata keçirildi. Azərbaycan qadınları müstəqillik yollarında gedən mübarizələrin ön sıralarında idilər. I Qarabağ müharibəsinin aktiv fazası dövründə Azərbaycanın 74 min hərbi personalından 2 mini qadın idi və onlardan 600-ü hərbi əməliyyatlarda iştirak edib. Azərbaycanın milli qəhrəmanları - Qarabağ müharibəsində həlak olmuş jurnalist Salatın Əsgərova və həkim Gültəkin Əsgərova yeni dövrün fədakarlıq rəmzi oldular. 

1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyası qadınların kişilərlə bərabər dövlət quruculuğu prosesində fəal iştirakının hüquqi bazasını yaratdı. Konstitusiyanın 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olması birmənalı şəkildə təsbit edildi. Həmin maddənin üçüncü hissəsi cinsindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verməklə yanaşı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılmasını da qadağan edir.

- Çox zaman cəmiyyət  qadının necə davranması ilə bağlı standartlar müəyyən edir. Sizcə, bu doğrudurmu?

- Fikrimcə, Azərbaycan qadını milli-mənəvi dəyərlərə hörmət edən,  sədaqətli, ailəcanlı, müdrik, sağlam əqidəli, iradəli, baxımlı, mərd, intellektual və ziyalı biri olmalıdır. Həyat yoldaşına sadiq və həmsirdaş olmağı bacarmalıdır. Kişilərin arzuladığı qadın fəal və ağıllı olmalıdır. Çünki ağıllı qadınlar münasibətlərdəki münaqişələri həll etməyə, olduqları yerdə rahatlıq, harmoniya və sevgi atmosferi yaratmağa meyilli olurlar. Bildiyimiz kimi, qadın psixikası kişidən qat-qat daha güclü olur və kişilərin davranışı məhz 80 faiz qadından asılıdır. Boş yerə deyilməyib ki, hər bir güclü kişinin arxasında güclü bir qadın dayanır. Qadın səbirli olmalıdır. Səbirli qadın isə bir növ kişini idarə edir.

Bu metodla o, öz istədiyini əldə etməklə bərabər, həm də kişidə güclü şəxsiyyət formalaşdırır. Motivə olmuş kişi öz qadınına daha sıx bağlanır və onun arzularını yerinə yetirməyə çalışır.

- Yəni deyirsiniz ki, qadınlar ambisiyalı olmalıdır?
 
- Bəli, hesab edirəm ki, qadınlar ambisiyalı olmalıdır. Belə qadınlar çox güclü olurlar. Onların aydın və sağlam məqsədləri, hədəfləri olur və onlar həmin məqsədlərinə nail olurlar. Belə qadınların həyatları monoton olmur. Təslim olmaq, çətinlikdən qorxmaq və geri çəkilmək onlara yad xüsusiyyətdir. Onların hobbiləri, fəal məşğuliyyətləri və yaxşı işləyən beyinləri olur. Bu cür qadınlarla bir yerdə olan kişilər heç sıxılmırlar. Həmin qadınlar olduqları yerdə yaxşı mənada seçilməkləri ilə fərqlənirlər.

Qadınlar intellektual cəhətdən inkişaf etməlidirlər. Yekə dodaqlar, dolğun sinə, gözəl saçlar, cazibədar bədən quruluşu əsas meyar sayıla bilməz. Bu, daha çox zəif və bədbəxt kişilərin  yeganə istəyi ola bilər. Ehtiras azalandan və kompliment ensiklopediyasındakı bütün sözlər deyildikdən sonra qadınla kişinin ortaq mövzuları yoxdursa, o münasibət pis vəziyyətə düşür. İnsanın kitablardan, filmlərdən, teatrdan, ümumi həyatdan - bir sözlə, intellektual məsələlərdən danışan partnyorunun olması xoşbəxtlikdir. Ümumiyyətlə, qadın kitab oxumursa, işıqlı insan ola bilməz. O qadın ki ağıllı deyil, ona idealın heç 'i' hərfini də aid etmək olmaz. Əlbəttə, həm gözəlliyi, həm də intellekti olan  qadın daha möhtəşəm sayılır. İntellekt çox vacib xüsusiyyətdir. Çünki qadın nə qədər baxımlı və gözəl olsa da, təkcə bununla kifayətlənmək mümkün deyil. Təkcə gözəlliyi olan qadın kişini darıxdıracaq, söhbətə ehtiyac duyduğu vaxtlarda qadın onu məyus edəcək.

- Qadınların özünü təsdiq etmək istədiyini yazmısınız. Buna mane olan nədir?

- Qadınlar ailəsindən, həyat yoldaşından mənəvi dəstək istəyir, ona güvənilməsini, etibar edilməsini gözləyir. Bunlar qadında özgüvənin formalaşmasına gətirib çıxarır. Əks təqdirdə isə qadınlarda özünəinam əskikliyi yaranır və bu da qadının həyatda özünü təsdiq etməsinə mane olur.

- Qadın xoşbəxtliyindən danışdınız. Sizcə, bunun sirri nədədir?

- Məncə, xoşbəxtliyin açarı bizim öz əlimizdədir. Xoşbəxt olmaq insanların öz seçimləridir. Xoşbəxtlik hissinin olduqca çox mənbəyi var. Hər bir insan müxtəlif şeylərdən zövq alır və müxtəlif səbəblər onu xoşbəxt edə bilər. Məsələn, məni xoşbəxt edən şeylər başqasına adi, sıradan bir şey kimi görünə bilər. Bu, insanların xarakterindən,  istəklərindən asılıdır. Aparılan tədqiqatların böyük hissəsi onu göstərir ki, ailə üzvləri və yaxın dostlarla əhatə olunmuş insanlar özlərini həyatda daha xoşbəxt hiss edirlər. Eyni zamanda, iş və məşğuliyyət də xoşbəxtliyin əsas mənbəyi kimi göstərilir. Həyatda məqsədi, nəyə isə güclü inamı olan insanların çoxu özlərini daha xoşbəxt hiss edir. Qarşımıza müəyyən məqsəd qoymaqla, biz qabiliyyətlərimizi inkişaf etdiririk, daha doğrusu, müvəffəqiyyətə gedən yolda bütün mərhələləri təhlil etməyə başlayır və maneələri aradan qaldırmağa çalışırıq.

- Məqalənizdə qeyd etmisiniz ki, qadın sabaha inamlı olmaq istəyir. Bu mümkündürmü? İnsan sabahkı günə necə arxayın ola bilər ki?

- Ölkəmizdə bir çox qadın aiıə qurandan sonra məşğuliyyətlərindən tamamən uzaqlaşdırılır. Bir çox ailələrdə isə qadınları övladlarını evdə qoyub işə getdiklərinə görə qınayırlar. Buna dair dəqiq rəqəmlər olmasa belə, qadınların ev və uşaq qayğısını uzlaşdırmaq üçün ancaq ictimai və dövlət sektorunda işlərə üstünlük verilir. Özəl sektordan kənarda saxlanmaları onların iş və məşğuliyyət seçimlərini limitləyir. Özünə inamlı ana övladının da gələcəyə inamla addımlamasına səbəb olacaq. 

- Qadın nə istədiyini bilirsə, cəmiyyət qadından nə istəyir?

- Kişilərin qadınlardan gözləntilərini qeyd edə bilərik. Onlar ən çox həyat yoldaşlarının və ya sevgililərinin hörmətsizlik etməsindən şikayət edirlər. Kişilər onlara dəyər verilməsini istəyirlər. Buna görə də qadın münasibətdə olduğu şəxsə hörməti unutmamalıdır. İkinci amil kişiyə qarşı mehriban davranmaqdır. Kişilər qadınlardan mehribanlıq gözləyirlər,  onlarla qürur duymalarını istəyirlər.

Ən əsas məsələlərdən biri də qadının kişini olduğu kimi qəbul edə bilməsidir. Hamı istəyir ki, olduğu kimi sevilsin. Sevdiyimiz şəxsi dəyişdirmək üçün çox səy göstərməməliyik. Digər bir vacib məqam isə sədaqətli olmaqdır. Münasibətdə sədaqətli qalmaq hamı üçün vacibdir.

- Bizdə həm də "qadın işi", "kişi işi" anlayışı var. Gender bərabərliyi baxımından buna münasibətiniz necədir?

- Bu, bizim mentalitetimiz, mental dəyərlərimizlə bağlıdır. Ailə psixologiyasında qadının öz işi,  kişinin öz işi var. Kişinin qadına,  qadının kişiyə bu işlərdə dəstək verməsi gözəl olar. Gender bərabərliyi isə qadınla kişinin baxışlarında, övlad tərbiyə etməsində, söz haqlarında və sairədə olmalıdır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?

6 Avqust 2026

president.az

Milli Məclis Azərbaycanda kənd təsərrüfatı torpaqlarının konsolidasiyası (birləşdirilməsi) üçün qanunlara dəyişikliklər etməyə hazırlaşır.  Bu barədə qanun layihəsi iyulun 10-da parlamentin iclasına çıxarılıb. Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. Layihənin müzakirəsində çıxış edən deputatlar dəyişiklikləri “torpaq ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin edilməsi” məqsədi ilə əsaslandırıblar.  Məsələn, deputat Siyavuş Novruzov çıxışında bildirib ki, torpaqların birləşdirilməsi ilə “ərzaq bolluğu və ərzaq təhlükəsizliyinə nail olacağıq”. O, qanun layihəsinin zərurətini kiçik torpaq sahələrinin əkilib-becərilməsinin çətin olması ilə əsaslandırıb. Deputat bu mövzuda inkişaf etmiş ölkələrin təcrübəsini öyrənməyi təklif edib.  Avqustun 3-də “Azərtac”a danışan Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib...
Sosial

“Elgün İbrahimovla bağlı videoya görə saxlanıldım” deyən gəncə 3 il həbs cəzası verilib

4 Avqust 2026

Sosial media

Oğuz rayonunun Dəymədərə kənd sakini olan 20 yaşlı gənc narkotik ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmədə ittihamı qəbul etməyərək saxlanılmasının ötən ilin mayında Gəncədə vəfat edən 18 yaşlı Elgün İbrahimovla bağlı paylaşdığı videoya görə baş verdiyini bildirib. "Abzas Media" yazır ki, hökm iyunun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə çıxarılıb. İttihama görə, gənc satış məqsədi olmadan 5,586 qram metamfetamin əldə edib, saxlayıb və daşıyıb. İstintaq materiallarında qeyd olunur ki, o, 2025-ci ildə Bakının Nizami rayonunda "özünü şübhəli apardığına" görə polis əməkdaşları tərəfindən saxlanılıb. İttiham aktına əsasən, 24-cü Polis Şöbəsində aparılan şəxsi axtarış...

Seçilmiş Videolar

Toplum TV loqo