ua.depositphotos.com
ABŞ Senatı iyunun 23-də prezidentin hərbi səlahiyyətlərini məhdudlaşdıran qətnamə layihəsini qəbul edib. Sənəd prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlar aparmaq imkanlarını məhdudlaşdırmağı nəzərdə tutur.
Bundan əvvəl analoji qətnamə Nümayəndələr Palatasında da təsdiqlənmişdi.
Senatda sənədin lehinə 50 qanunverici səs verib. Onların arasında dörd respublikaçı senator da olub. Qətnamənin əleyhinə isə 48 senator çıxış edib.
Bu, ABŞ Konqresinin hər iki palatası tərəfindən qəbul edilən ilk belə hərbi səlahiyyət qətnaməsidir. Sənədə əsasən, administrasiyadan Konqresin razılığı olmadan İrana qarşı hərbi əməliyyatlarda ABŞ silahlı qüvvələrindən istifadə etməmək və bu cür əməliyyatları yenidən başlatmamaq tələb olunur.
Bununla belə, qətnamə qanunvericilik proseduruna uyğun olaraq prezidentin imzasına göndərilməyəcək. Administrasiya hesab edir ki, bu səbəbdən sənəd əsasən tövsiyə xarakteri daşıyır. Ağ Evin mövqeyinə görə, əgər qətnamə adi qanun layihəsi kimi prezidentin imzasına təqdim olunsaydı, Donald Tramp ona veto qoya bilərdi.
Demokratlar isə qətnamənin hüquqi qüvvəyə malik olduğunu bildirirlər.
Konqresin hər iki palatasında çoxluq respublikaçılara məxsus olsa da, həm Senatda, həm də Nümayəndələr Palatasında bəzi respublikaçılar demokratlarla birlikdə sənədi dəstəkləyiblər.
Donald Tramp qətnaməni tənqid edərək onu “mənasız” adlandırıb. Onun sözlərinə görə, sənəd ABŞ administrasiyasının qarşıya qoyduğu məqsədlərə çatmasını çətinləşdirə və Vaşinqtonun mövqeyi ilə bağlı əlavə suallar yarada bilər.
Bundan əvvəl Ağ Ev də qətnaməyə oxşar münasibət bildirmiş, hazırda İrana qarşı hərbi əməliyyatların aparılmadığını vurğulamışdı.
Aprelin əvvəlindən İran və ABŞ arasında atəşkəs rejimi qüvvədədir. Tərəflər bu müddət ərzində rejimi bir neçə dəfə pozsalar da, ötən həftə münaqişənin başa çatmasına doğru addım kimi qiymətləndirilən memorandum imzalayıblar. Hazırda yekun sülh sazişi üzrə danışıqlar davam edir.
Bununla yanaşı, Tramp Tehran güzəştə getməyəcəyi təqdirdə İrana qarşı hərbi zərbələrin yenidən bərpa oluna biləcəyi barədə dəfələrlə xəbərdarlıq edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
kremlin.ru
Sosial media
Akif Qurbanov: “Ya Əliyevə dost olanlar siyahısına qoşulacaqdıq, ya da repressiyaya məruz qalacaqdıq”
Kənd təsərrüfatı üzrə yeni dövlət proqramı nəyi dəyişəcək?
Akif Qurbanovla müsahibə: “‘Tək adam’ rejiminin sahibi Əliyevi daşı ətəyindən tökməyə səsləyirəm”
Paşinyanı qələbəyə aparan iqtisadi uğurları
Prokuror "Toplum TV işi” üzrə həbs olunanlara 13-16 il cəza istəyib