Dünya

ABŞ Suriyanı “terroru dəstəkləyən dövlətlər” siyahısından çıxarıb

25 Avqust, 2026
16

Tramp/"Truth Social"

Amerika Birləşmiş Ştatları 47 ildən sonra Suriyanı “terroru dəstəkləyən dövlətlər” siyahısından çıxarıb.

ABŞ Maliyyə Nazirliyinin rəsmi internet saytında dərc olunan qərar prezident Donald Trampın iyulun 8-də Konqresə etdiyi müraciətdən sonra başlayan 45 günlük baxış müddətinin başa çatması ilə qüvvəyə minib.

Qərardan sonra ABŞ-nin “terroru dəstəkləyən dövlətlər” siyahısında yalnız Kuba, İran və Şimali Koreya qalıb.

Vaşinqtonun bu addımı Əhməd əş-Şaraa hökuməti ilə uzun müddətdir aparılan danışıqlardan sonra atılıb. “Reuters” agentliyinin məlumatına görə, Dəməşq terror siyahısından çıxarılma müqabilində Rusiya neftinin idxalını kəskin şəkildə azaltmağa razılıq verib.

Trampın NATO Sammiti çərçivəsində Ankarada Əhməd əş-Şaraa ilə keçirdiyi görüşdə "Suriyanın yenidən qurulması yolundakı bütün maneələri aradan qaldırmaq" sözü verdiyi bildirilir.

ABŞ-nin Dövlət katibi Marko Rubio qərarın "Suriyanın beynəlxalq terrordan tamamilə uzaqlaşmaq istiqamətində atdığı konret addımlar və öhdəliklər" əsasında qəbul edildiyini vurğulayıb. O, bu addımın "Suriyanın qlobal iqtisadiyyata inteqrasiyası və xüsusi sektor investisiyalarının qarşısındakı son böyük maneənin aradan qalxması" demək olduğunu bildirib.

Dəməşq rəhbərliyi qərarı "tarixi dönüş nöqtəsi" kimi qiymətləndirib. Suriyanın Xarici işlər naziri Həsən əş-Şeybani “Reuters”ə açıqlamasında ölkəsinin 47 ildən sonra terror siyahısından çıxarılmasının "qlobal maliyyə sisteminə yenidən qoşulmaq və investisiyaların sürətlənməsi üçün son maneəni aradan qaldırmaq" mənasına gəldiyini deyib.

Vaşinqton 2025-ci ildə Suriyaya qarşı tətbiq edilən hərtərəfli sanksiyaları ləğv etsə də, ölkənin terror siyahısında qalması ABŞ bankları və beynəlxalq investorlar üçün ciddi hüquqi risklər yaratmaqda davam edirdi.

Sabiq prezident Bəşər Əsəd və ətrafı, insan hüquqlarını pozmaq ittiham edilənlər, narkotik alverçiləri və radikal qruplarla əlaqəsi olan şəxslərə qarşı hədəfli sanksiyalar isə qüvvədə qalır.

Bəşər Əsəd sonrası Suriyanın müvəqqəti dövlət başçısı olan Əhməd əş-Şaraa əvvəllər “Əl-Qaidə” ilə əlaqəli “Ən-Nusra Cəbhəsi”nin komandiri olub. Təşkilat 2016-cı ildə qlobal cihad şəbəkəsindən ayrılıb. Suriyanın terror siyahısından çıxarılması ilə “Ən-Nusra Cəbhəsi”nin də "Qlobal Terror Təşkilatı" statusu ləğv olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Koçaryan və oğlu həbs olunub

25 Avqust 2026

Yerevan Today

Ermənistanın keçmiş prezidenti, "Ermənistan" alyansının lideri Robert Koçaryanın həbs olunduğu deyilir. "Armenpress"in məlumatına görə, bundan əvvəl eks-prezidentin evində axtarış aparılıb. Oxşar istintaq hərəkətləri onun oğlu, Milli Assambleyanın deputatı Levon Koçaryanın mənzilində də həyata keçirilib. Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən bildirilib ki, korrupsiya xarakterli cinayət işi çərçivəsində onlarca ünvanda axtarış və digər prosessual tədbirlər icra olunub. Qurumun sonradan yaydığı məlumata görə, Robert Koçaryan və onun digər oğlu Sedrak Koçaryan da daxil olmaqla ümumilikdə 6 nəfər saxlanılıb. Saxlanılan digər şəxslərin adları hələlik açıqlanmayıb. İstintaqın versiyasına görə, Robert Koçaryan vəzifə səlahiyyətlərindən istifadə edərək yaxın ətrafı ilə qabaqcadan əlbir olub və müxtəlif uydurma bəhanələrlə...
Dünya

ABŞ 200 minə yaxın əcnəbinin vizasını ləğv etməyə hazırlaşır

25 Avqust 2026

sosial media

ABŞ Dövlət Departamenti bu ölkədə sığınacaq üçün müraciət etmiş 200 minə yaxın əcnəbinin vizalarını ləğv etməyə hazırlaşır. Bu barədə avqustun 24-də "Associated Press" (AP) agentliyi adını açıqlamadığı Dövlət Departamenti rəsmilərinə istinadən məlumat yayıb. Plan baş tutarsa, bunun ölkə tarixində bir dəfəyə ən çox insanın vizasının ləğv edilməsi kimi qeydə alınacağı bildirilir. Dövlət Departamentinin qərarı qarşıdakı bir neçə həftə ərzində açıqlayacağı gözlənilir. Plan çərçivəsində son 10 ildə ABŞ-yə biznes və turist vizaları ilə gəlmiş, sonradan sığınacaq üçün müraciət etmiş əcnəbilərin hədəf alınacağı deyilir. Dövlət katibinin müavini Kristofer Landau da avqustun 24-də sosial media hesabında belə bir planın olduğunu dolayı yolla təsdiqləyib:...

Seçilmiş Videolar

Toplum TV loqo