Dünya

Əbu-Dabidə Rusiya-Ukrayna-ABŞ danışıqları: Əsas fikir ayrılığı ərazi məsələsidir

11 noyabr, 2026
15

sosial media

Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqların ilk günü başa çatıb. Təxminən dörd saat davam edən görüşdə humanitar məsələlər, əsir mübadiləsi, saxlanılan mülki şəxslərin və Ukraynadan aparıldığı bildirilən uşaqların geri qaytarılması, eləcə də təhlükəsizlik təminatları müzakirə olunub.
Bu barədə noyabrın 10-da “Associated Press” (AP) məlumat yayıb.
Agentliyin yazdığına görə, ABŞ-nin vasitəçiliyi ilə keçirilən görüş fevraldan sonra Rusiya, Ukrayna və ABŞ arasında bu formatda baş tutan ilk danışıqlardır. Müzakirələrin noyabrın 11-də davam etdirilməsi gözlənilir.

Ukrayna nümayəndə heyətinə ölkənin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov, Rusiya nümayəndə heyətinə isə prezident Vladimir Putinin müşaviri Vladimir Medinski rəhbərlik edib. ABŞ tərəfini prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner təmsil ediblər.

Ukrayna prezidenti Volodimir Zelenski danışıqların ilk gününü “konstruktiv və məzmunlu” qiymətləndirib. O bildirib ki, tərəflər əsasən humanitar məsələlər, xüsusilə əsir mübadiləsi və Ukrayna vətəndaşlarının geri qaytarılması üzərində dayanıb.
ABŞ dövlət katibi Marko Rubio isə müzakirələri məhsuldar adlandırsa da, razılaşma üçün hələ çox iş görülməli olduğunu vurğulayıb.

Danışıqlarda əsas fikir ayrılıqları ərazi məsələsi və Ukraynanın gələcək təhlükəsizlik statusu ilə bağlıdır.
Rusiya Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərindən qoşunlarını çıxarmasını, NATO-ya üzvlük planından imtina etməsini və ordusuna məhdudiyyətlər qoyulmasını tələb edir. Moskva, həmçinin Ukraynada rus dilinə və Moskva Patriarxlığı ilə əlaqəli Pravoslav Kilsəsinin fəaliyyətinə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasını istəyir.

Kiyev isə Rusiyanın nəzarətinə keçməyən ərazilərdən geri çəkilmək tələbi ilə razılaşmır. Ukrayna hakimiyyəti ordunun imkanlarının məhdudlaşdırılmasına qarşı çıxır və Rusiyanın gələcəkdə mümkün yeni hücumunun qarşısını alacaq etibarlı təhlükəsizlik təminatları tələb edir.
Ukrayna tərəfi genişmiqyaslı sülh sazişindən əvvəl atəşkəsin əldə olunmasını vacib sayır.
Danışıqlarda təkcə Ukraynada müharibənin dayandırılması deyil, Avropanın ümumi təhlükəsizlik arxitekturası da müzakirə edilir. Cared Kuşner bildirib ki, ABŞ Rusiya və Ukrayna arasındakı fikir ayrılıqlarını azaltmaq üçün yeni mexanizm hazırlamağa çalışır.
Onun sözlərinə görə, uzunmüddətli sülh razılaşması Rusiya ilə Avropa ölkələri arasında təhlükəsizlik məsələləri üzrə birbaşa dialoqu da zəruri edir. Moskva bu yanaşmanı müsbət qarşılasa da, Avropa nümayəndələrinin hazırkı üçtərəfli danışıqlarda iştirakına qarşı çıxır və onların prosesə sonrakı mərhələdə qoşula biləcəyini bildirir.

Diplomatik təmaslara baxmayaraq, tərəflər arasında hərbi əməliyyatlar davam edib. Danışıqların keçirildiyi gecə Rusiyanın Ukraynaya 162 müxtəlif tipli dron və bir ballistik raketlə hücum etdiyi bildirilib. Rusiya Müdafiə Nazirliyi isə ölkənin səkkiz regionu və ilhaq edilmiş Krım üzərində 155 Ukrayna dronunun vurulduğunu açıqlayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fransa 700-dən çox supermarketə kiberhücumda İranı ittiham edir

10 noyabr 2026

sosial media

Fransa hakimiyyəti ölkədə yüzlərlə supermarketə qarşı həyata keçirilən genişmiqyaslı kiberhücumun arxasında İranın dayandığını iddia edir. Hücum nəticəsində soyuducu və dondurucu sistemlərin fəaliyyəti pozulub, milyonlarla avro dəyərində ərzaq məhsulu yararsız hala düşüb, azı 15 yanğın baş verib. Fransa Xarici İşlər Nazirliyinin noyabrın 9-da yaydığı bəyanata görə, oktyabrın 11-dən 12-nə keçən gecə baş verən hücum ölkə üzrə 700-dən çox ticarət obyektini əhatə edib. Paris hadisəyə görə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələndirilən “Şəhid Kaveh” adlı kiberqrupu məsul hesab edir. Fransa tərəfinin bildirdiyinə görə, hakerlər mağazalardakı soyuducu avadanlıqların uzaqdan idarəetmə sistemlərinə daxil olaraq onların iş rejimini dəyişdiriblər. Nəticədə soyuducularda ərimə prosesi...
Dünya

İran XİN: “Ermənistan TRIPP layihəsinin sərhədləri dəyişməyəcəyinə təminat verib”

10 noyabr 2026

sosial media

Ermənistan İranı əmin edib ki, Ermənistanın Sünik vilayətindən keçəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi regionun sərhədlərini və geosiyasi mənzərəsini dəyişməyəcək. “Mehr” agentliyinin məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib. “Biz dəfələrlə mövqeyimizi ifadə etmişik. Nəqliyyat yollarının blokadadan çıxarılmasını alqışlamışıq və vurğulamışıq ki, bu layihələr regionun geosiyasətinin dəyişməsinə gətirib çıxarmamalıdır”, - deyə Bəqai qeyd edib. İran rəsmisinin sözlərinə görə, ABŞ-nin regiondakı mövcudluğu və təsiri həmişə “təhlükəsizlik problemləri ilə müşayiət olunub”. “Biz narahatlıqlarımızı Ermənistana bildirmişik və bu layihənin sərhədlərin dəyişməsinə səbəb olmayacağına dair əmin edilmişik”, - o əlavə edib. TASS agentliyi də...

Seçilmiş Videolar

Toplum TV loqo