Əbu-Dabidə Rusiya-Ukrayna-ABŞ danışıqları: Əsas fikir ayrılığı ərazi məsələsidir
sosial media
Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqların ilk günü başa çatıb. Təxminən dörd saat davam edən görüşdə humanitar məsələlər, əsir mübadiləsi, saxlanılan mülki şəxslərin və Ukraynadan aparıldığı bildirilən uşaqların geri qaytarılması, eləcə də təhlükəsizlik təminatları müzakirə olunub.
Bu barədə noyabrın 10-da “Associated Press” (AP) məlumat yayıb.
Agentliyin yazdığına görə, ABŞ-nin vasitəçiliyi ilə keçirilən görüş fevraldan sonra Rusiya, Ukrayna və ABŞ arasında bu formatda baş tutan ilk danışıqlardır. Müzakirələrin noyabrın 11-də davam etdirilməsi gözlənilir.
Ukrayna nümayəndə heyətinə ölkənin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov, Rusiya nümayəndə heyətinə isə prezident Vladimir Putinin müşaviri Vladimir Medinski rəhbərlik edib. ABŞ tərəfini prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner təmsil ediblər.
Ukrayna prezidenti Volodimir Zelenski danışıqların ilk gününü “konstruktiv və məzmunlu” qiymətləndirib. O bildirib ki, tərəflər əsasən humanitar məsələlər, xüsusilə əsir mübadiləsi və Ukrayna vətəndaşlarının geri qaytarılması üzərində dayanıb.
ABŞ dövlət katibi Marko Rubio isə müzakirələri məhsuldar adlandırsa da, razılaşma üçün hələ çox iş görülməli olduğunu vurğulayıb.
Danışıqlarda əsas fikir ayrılıqları ərazi məsələsi və Ukraynanın gələcək təhlükəsizlik statusu ilə bağlıdır.
Rusiya Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərindən qoşunlarını çıxarmasını, NATO-ya üzvlük planından imtina etməsini və ordusuna məhdudiyyətlər qoyulmasını tələb edir. Moskva, həmçinin Ukraynada rus dilinə və Moskva Patriarxlığı ilə əlaqəli Pravoslav Kilsəsinin fəaliyyətinə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasını istəyir.
Kiyev isə Rusiyanın nəzarətinə keçməyən ərazilərdən geri çəkilmək tələbi ilə razılaşmır. Ukrayna hakimiyyəti ordunun imkanlarının məhdudlaşdırılmasına qarşı çıxır və Rusiyanın gələcəkdə mümkün yeni hücumunun qarşısını alacaq etibarlı təhlükəsizlik təminatları tələb edir.
Ukrayna tərəfi genişmiqyaslı sülh sazişindən əvvəl atəşkəsin əldə olunmasını vacib sayır.
Danışıqlarda təkcə Ukraynada müharibənin dayandırılması deyil, Avropanın ümumi təhlükəsizlik arxitekturası da müzakirə edilir. Cared Kuşner bildirib ki, ABŞ Rusiya və Ukrayna arasındakı fikir ayrılıqlarını azaltmaq üçün yeni mexanizm hazırlamağa çalışır.
Onun sözlərinə görə, uzunmüddətli sülh razılaşması Rusiya ilə Avropa ölkələri arasında təhlükəsizlik məsələləri üzrə birbaşa dialoqu da zəruri edir. Moskva bu yanaşmanı müsbət qarşılasa da, Avropa nümayəndələrinin hazırkı üçtərəfli danışıqlarda iştirakına qarşı çıxır və onların prosesə sonrakı mərhələdə qoşula biləcəyini bildirir.
Diplomatik təmaslara baxmayaraq, tərəflər arasında hərbi əməliyyatlar davam edib. Danışıqların keçirildiyi gecə Rusiyanın Ukraynaya 162 müxtəlif tipli dron və bir ballistik raketlə hücum etdiyi bildirilib. Rusiya Müdafiə Nazirliyi isə ölkənin səkkiz regionu və ilhaq edilmiş Krım üzərində 155 Ukrayna dronunun vurulduğunu açıqlayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
İran Argentina Hərbi Dəniz və Hərbi Hava Qüvvələrini “terror təşkilatı” elan edib
sosial media
sosial media
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib
Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan şəxslərdən 79 min manat tələb edir