Foto: Amnesty International
“Amnesty International” beynəlxalq insan haqları təşkilatı Azərbaycanda müstəqil mətbuatın vəziyyəti ilə bağlı hesabat yayımlayıb.
Hesabatda bildirilir ki, Azərbaycanda siyasi motivlərlə həbs olunan media işçilərinin sayı ölkə 2001-ci ildə Avropa Şurasına qoşulandan bəri ən yüksək saydadır və ölkədə müstəqil media qurumu qalmayıb.
2022-ci ilin dekabrında parlamentin “Media haqqında” qanunu qəbul etməsini xatırladan təşkilat qeyd edib ki, bu qanun müstəqil media qurumlarının sıradan çıxarılmasına xidmət edib.
“Abzas Media, Meydan TV, Toplum TV və Kanal 13 kimi müstəqil media qurumları, insan hüquqları da daxil olmaqla həssas mövzulara xüsusi diqqət yetirdikləri üçün illərlə davam edən davamlı təzyiqlərlə üzləşiblər. Bu təzyiqlərə qeydiyyatın əsassız şəkildə rədd edilməsi, redaksiyalara reydlər, bank hesablarının dondurulması kimi hallar daxil olub. Bütün bunlar onların fəaliyyətini boğmaq və maliyyə mənbələrini kəsmək məqsədi daşıyıb”, - deyə qeyd olunub.
Təşkilat, həmçinin, həbs olunan jurnalistlərə qarşı irəli sürülən ittihamların əsassız olduğunu deyir.
“Bu hallarda, adətən, qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, pulların yuyulması və vergidən yayınma kimi ittihamlardan istifadə olunur. Bu ittihamlar çox vaxt əsassız olur və hakimiyyətin tənqidinə yönəlmiş reportajları susdurmaq məqsədi daşıyır. Məsələn, pulların qaçaqmalçılığı ilə bağlı ittihamlar bəzən axtarış zamanı tapılan nağd pullarla “əsaslandırılır” – halbuki həmin məbləğlərin özlüyündə şübhə doğuracaq səviyyədə olmadığı görünür. Bəzi hallarda isə müdafiə tərəfi bildirir ki, müvəkkillərinə qarşı, ümumiyyətlə, heç bir qaçaqmalçılıq sübutu təqdim olunmayıb”, - deyə əlavə olunub.
Hesabatda həbs olunan jurnalistlərin saxlanma şəraitlərinin pis olduğu, habelə bəzilərinin tibbi müayinə almalarına və ailələri ilə əlaqə saxlamalarına maneələr yaradıldığı bildirilir.
“Amnesty International” Azərbaycan hökumətini bütün siyasi motivlərlə həbs olunmuş jurnalistləri qeyd-şərtsiz azadlığa buraxmağa, həmçinin onları lazımi tibbi müayinə ilə təmin etməyə çağırıb.
Təşkilat beynəlxalq ictimaiyyətdən isə hökumətə təzyiqləri artırmağı, Azərbaycanda həbsdə olan jurnalistlərin azadlığı məsələsini gündəmdə saxlamağı tələb edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: EPA
Foto: Reuters