Sosial

Bayırşəhər sakinləri tarixi binaların ianə hesabına təmirini istəyir 

23 İyul, 2025
875

Foto: sosial media

Paytaxtın Yasamal rayonunun Bayırşəhər adlanan hissəsində yaşayan sakinlər ərazidəki tarixi binaların sökülməməsi və təmir olunması üçün aiddiyatı qurumlara müraciət edib. 

Memar Abdul Hüseynovun ictimailəşdirdiyi müraciətdə sakinlər binaların öz yığdıqları ianə hesabına bərpasına razılıq verilməsini istəyir. 

“Məqsədimiz Bakının Bayırşəhər ərazisində yerləşən tarixi abidə və tarixi abidə olmayan, lakin tarixi abidələr kimi uzunömürlü, möhkəm, zəlzələ və digər təbii fəlakətlərə dözümlü, baxımsız binaların bərpası üçün ianə əsasında təşəbbüs göstərməkdir. Hazırda baxımsızlıqdan bəzi tarixi və qeyri-tarixi binalar ciddi texniki aşınma və memarlıq deformasiyasına məruz qalıb ki, bu da onların tamamilə sıradan çıxmasına səbəb ola bilər”, - müraciətdə bildirilir. 

“Bütün bu məsələləri nəzərə alaraq şəxsi təşəbbüs və ianə hesabımıza əsaslanaraq bu binaların ilkin layihələndirmə, konservasiya və bərpa işlərini həyata keçirmək istədiyimizi bildiririk. Bərpa zamanı bütün memarlıq orijinallığı qorunacaq, işlər peşəkar memar və restavratorların iştirakı ilə aparılacaqdır”, - deyə əlavə olunub. 

Müraciət Mədəniyyət Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Turizm Agentliyi, Memarlar İttifaqı və Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanıb. 

Artıq bir neçə aydır ki, Bayırşəhərdə tarixi binaların və məhəllələrin söküntüsünə hazırlıq gedir və yaşı 100-dən çox olan bir neçə bina artıq sökülüb. 

Hökümətyönlü media söküntünün ərazidəki Qış Parkının genişləndirilməsi üçün aparılacağını yazır. 
Bakının 2040-cı ilə qədər nəzərdə tutulmuş baş planına əsasən, Bayırşəhərdə Təzəpir məscidi ətrafındakı ərazi "xüsusi mühafizə olunan ərazi" statusuna malikdir. 

Bu statusa əsasən isə, ərazidə söküntü deyil, yalnız yenidənqurma və reabilitasiya işləri aparıla bilər. Sakinlər isə yalnız zəruri olduqda müvəqqəti şəkildə yaxınlıqdakı ərazilərə köçürülə bilərlər. 
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin bildirdiyinə görə, Bayırşəhərin söküntüsü zamanı dövlət reyestrində tarixi abidə kimi qeydiyyata alınan tikililərə toxunulmayacaq. 
Hüseynov isə daha öncə Toplum TV-yə deyib ki, ərazidə 120-130 yaşlı tarixi abidələr var ki, 2015-16-cı illərdə reyestrdən çıxarılıb. “Onda belə çıxır ki, onlar bu abidələri sökəcəklər?”, - o sual edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Yağıntıların görünməyən üzü: İşçi istismarı və azalan təhlükəsizlik xərcləri

8 Aprel 2026

Foto: Sosial media

Son günlər intensiv yağan yağışlar paytaxt Bakıda ciddi fəsadlara səbəb olub. Şəhərin mərkəzi küçələri, eləcə də şəhərətrafı yaşayış məntəqələrində yerləşən küçə və həyətlər su altında qalıb. Yaranmış vəziyyət ilk növbədə şəhər infrastrukturunun güclü yağıntılar qarşısında dayanıqsızlığını göstərib. Bununla yanaşı, baş verənlər bir sıra digər sosial problemləri də üzə çıxarıb. Sosial şəbəkələrdə yayılan bəzi videogörüntülərdən məlum olur ki, su basmış küçələrin təmizlənməsinə texniki vasitələr əvəzinə kommunal xidmət işçiləri, əsasən də qadınlar cəlb olunub. Videogörüntülərdə süpürgəçi qadınlar əmək şəraitindən və iş saatlarından narazı olduqları dilə gətirirlər. İşçilərdən birinin sözlərinə görə, işçilər yağışlı hava şəraitinə baxmayaraq, küçələrin artıq sulardan təmizlənməsi işinə cəlb olunublar....
Sosial

Bəraət alan kənd sakini: "DSX əməkdaşları qabırğalarımı sındırdı"

8 Aprel 2026

Foto/kollaj: Toplum TV

2024-cü ildə narkotik ittihamı ilə saxlanılan Beyləqan sakini bu yaxınlarda məhkəmə tərəfindən bəraət alıb.  "Azadlıq Radiosu"nun xəbərinə görə, Beyləqan rayonunun İkinci Şahsevən kəndinin sakini, 38 yaşlı İlkin Cəfərov 2024-cü ilin noyabrında kənddəki su kanalına gedərkən Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən saxlanılıb.  Sərhədçilər kənd sakininin ərazidəki narkotik maddəni götürmək üçün oraya gəldiyini iddia ediblər.  İ.Cəfərov isə Lənkəran Ağır Cinayətlər Məhkəməsində ifadəsində deyib ki, Beyləqan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin işçisi kimi su kanalına suyun verilməsini nizamlamaq, həm də sonra balıq tutmaq üçün həmin əraziyə gedib.  "Elə tilovu atıb ipi bağlamaq istəyəndə sərhədçilər məni tutub, əllərimi, gözlərimi bağladılar. Təxminən 50 metr...

Seçilmiş Videolar

Toplum TV loqo