İqtisadiyyat

ABA tənqid olunan kart limitləri ilə bağlı: “Yenidən baxılması istisna edilmir”

10 Avqust, 2026
8

sosial media

Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov bildirib ki, gələcəkdə kartdan-karta əməliyyatlara tətbiq olunan limitlərə yenidən baxılması və alternativ tədbirlərin görülməsi istisna edilmir.

O, bunu avqustun 1-dən qüvvəyə minən kartdan-karta köçürmə limitləri ilə bağlı “APA-Economics”-ə açıqlamasında deyib.
Abdulovun sözlərinə görə, limitlərin tətbiqində məqsəd risklərin idarə olunmasını gücləndirmək, nağdsız ödənişlərin payını artırmaq və qanunsuz mərc əməliyyatlarının qarşısını almaqdır.
İcraçı direktor qeyd edib ki, mövcud limitlər baza xarakteri daşıyır və banklar öz risk qiymətləndirmələrinə əsasən müştərilərə fərqli yanaşma tətbiq edə bilirlər.

ABA-nın məlumatına görə, hər bir ödəniş aləti (kart) üzrə gündə maksimum 5 mədaxil əməliyyatına icazə verilir. Aylıq mədaxil limiti isə 20 min manat müəyyən edilib. Bildirilir ki, bu məhdudiyyət vəsaitin kartdan çıxarılmasına və kartdan-karta köçürmələrə şamil olunmur.

Qurum rəsmisi 5 əməliyyat limitini belə əsaslandırıb:
“Köçürmələrə hər hansı limit tətbiq edilmir. Limit yalnız mədaxil əməliyyatlarının sayına, yəni karta vəsaitin qəbuluna şamil olunur və gündə 5 əməliyyatla məhdudlaşdırılıb. Risklərin idarə olunması məqsədilə bu limitlər müəyyən edilməzdən əvvəl orta statistik göstəricilər, müştərilərin tipik davranışları, eləcə də ödəniş əməliyyatlarının sayı və məbləği təhlil olunur”.

Abdulov müxtəlif bankların kartlarından istifadə edən şəxslərə limitlərin necə tətbiq olunacağı ilə bağlı suala cavab olaraq bildirib ki, məhdudiyyətlər VÖEN və ya FİN üzrə deyil, hər bank daxilində hər bir ödəniş aləti (kart) üzrə ayrıca tətbiq edilir. Onun sözlərinə görə, sahibkarlıq hesabına bağlı kartlara edilən mədaxil əməliyyatları isə bu limitlərdən istisna oluna bilər.
İcraçı direktor əlavə edib ki, bu cür məhdudiyyətlər indiyədək də müştərilərin risk profilinə uyğun şəkildə tətbiq olunub və beynəlxalq təcrübədə də mövcuddur. 

O bildirib ki, ödəniş ekosisteminin inkişafı və beynəlxalq təcrübə nəzərə alınaraq, gələcəkdə limitlərə yenidən baxılması və alternativ tədbirlərin görülməsi istisna edilmir.

Bununla yanaşı, ekspertlər hesab edirlər ki, yeni məhdudiyyətlər ən çox kiçik onlayn satıcılara, sərbəst çalışanlara, ianə toplayanlara və kartına müxtəlif şəxslərdən mütəmadi köçürmə qəbul edən şəxslərə təsir göstərə bilər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Kartdan karta köçürmələrə limit nəyi dəyişəcək?

7 Avqust 2026

Toplum TV

Azərbaycanda avqustun 1-dən kart əməliyyatlarına məhdudiyyət tətbiq olunur.  Azərbaycan Banklar Assosiasiyasının (ABA) yaydığı məlumata görə, bank xidmətləri istifadəçiləri kartdan karta əməliyyatı ilə gündəlik ən çox 5 dəfə öz kartlarına köçürmə qəbul edə bilər. Aylıq ümumi köçürmə məbləği isə 20 min manatı keçməməlidir. Məxaric əməliyyatlarına isə hələlik məhdudiyyət qoyulmadığı bildirilir.  ABA prezidenti Zakir Nuriyev “AzTV”-yə müsahibəsində deyib ki, limit bütün kart köçürmələrinə şamil olunmayacaq. "Söhbət şəxsi köçürmə kanalı ilə biznes məqsədi üçün, uçotdan kənar dövriyyə üçün aparılan, şübhəli və ya dələduzluq xarakterli əməliyyatlardan gedir. Sağlam xarakterli normal köçürmələrə hər hansı limit olmayıb və olmayacaq", - o qeyd edib. Z.Nuriyev “sağlam xarakterli”...
İqtisadiyyat

Ekspert: “Azərbaycanda demək olar ki, hər ailədə ən azı bir nəfərin kredit borcu var”

4 Avqust 2026

Açıq mənbə

Azərbaycanda əhalinin banklara olan kredit borcu 19,1 milyard manata çatıb. Bu məbləğin təxminən 9,4 milyard manatını istehlak kreditləri təşkil edir. Bu isə əhalinin banklara olan ümumi borcunun təxminən yarısının istehlak kreditlərindən ibarət olduğunu göstərir. Müqayisə üçün qeyd etməyə dəyər ki, 2024-cü ildə istehlak kreditlərinin həcmi 8,445 milyard manat, 2025-ci ildə isə 9,354 milyard manat olub. Bu göstəricilər istehlak kreditlərinin artan tendensiyada olduğunu göstərir. İstehlak kreditlərinin həcminin artması əhalinin kreditlərə daha çox müraciət etməsinin səbəbləri ilə bağlı suallar yaradır. İnsanlar kreditləri əsasən hansı ehtiyaclarını qarşılamaq üçün götürür və bu borclanmanın artmasına nə təsir edir? Mövzu ilə bağlı “Toplum TV”-yə danışan iqtisadçı...

Seçilmiş Videolar

Toplum TV loqo