İqtisadiyyat

Ekspert: “Azərbaycanda demək olar ki, hər ailədə ən azı bir nəfərin kredit borcu var”

4 Avqust, 2026
29

Açıq mənbə

Azərbaycanda əhalinin banklara olan kredit borcu 19,1 milyard manata çatıb. Bu məbləğin təxminən 9,4 milyard manatını istehlak kreditləri təşkil edir. Bu isə əhalinin banklara olan ümumi borcunun təxminən yarısının istehlak kreditlərindən ibarət olduğunu göstərir.

Müqayisə üçün qeyd etməyə dəyər ki, 2024-cü ildə istehlak kreditlərinin həcmi 8,445 milyard manat, 2025-ci ildə isə 9,354 milyard manat olub. Bu göstəricilər istehlak kreditlərinin artan tendensiyada olduğunu göstərir.

İstehlak kreditlərinin həcminin artması əhalinin kreditlərə daha çox müraciət etməsinin səbəbləri ilə bağlı suallar yaradır. İnsanlar kreditləri əsasən hansı ehtiyaclarını qarşılamaq üçün götürür və bu borclanmanın artmasına nə təsir edir?

Mövzu ilə bağlı “Toplum TV”-yə danışan iqtisadçı Vahid Məhərrəmli hesab edir ki, Azərbaycanda insanların kredit götürməsinin əsas səbəblərindən biri işsizlik və gəlirlərin aşağı olmasıdır. Ekspertin fikrincə, hökumət işsizlərin sayını az göstərməyə çalışsa da, ölkədə əmək qabiliyyətli insanların böyük bir hissəsi işsizdir.

Onun sözlərinə görə, belə vəziyyətdə insanlar ailəsini, övladını qida və gündəlik lazım olan məhsullarla təmin etmək üçün çıxış yolu axtarırlar və bankların kredit təklifləri də insanların kredit götürməsinə təsir edib: “Bir müddət əvvəl insanların telefonlarına kredit təklifləri ilə bağlı mesajlar gəlirdi, bankların qarşısında isə ucuz kreditlərlə bağlı reklamlar yerləşdirilirdi. Lakin bu kreditlər əslində o qədər də ucuz deyildi. Banklar aylıq faiz dərəcəsini göstərsələr də, kreditlər yüksək faiz ödənişi ilə başa gəlirdi”.

V.Məhərrəmli hesab edir ki, vəsait axtaran insanlar bu təkliflərdən asanlıqla istifadə edirdilər və onlar düşünürdülər ki, bir neçə ildən sonra iş tapacaqlar, haradasa işləyəcəklər və kredit borclarını qaytara biləcəklər. Mütəxəssis bildirir ki, hazırda kredit götürən insanların böyük bir hissəsi borclarını qaytara bilmir və bu borcları uzun müddət ərzində ödəməkdə çətinlik çəkir.

“Get-gedə ölkənin gəlirləri azalır, neft hasilatı azaldığı üçün bizim gəlirlərimiz azalır. Neftin qiyməti yüksəkdir, amma ümumi baxanda gəlirlər azalır. Yəni, neftin qiymətinin yüksək olması o demək deyil ki, bizim gəlirlərimiz çoxalır. Ona görə ki, hasilat azaldığı üçün biz az həcmdə neft ixrac edirik və bu da bizim ümumi gəlirlərimizi azaldır. Digər tərəfdən, ölkə iqtisadiyyatında bir artım yoxdur. Biz görürük ki, ÜDM-də artım demək olar ki, yoxdur, bu yarımillikdə də çox aşağı səviyyədədir, təxminən birdən aşağıdır, sıfır ətrafındadır. Bu da ondan xəbər verir ki, bizim gəlirlərimiz azalır, ümumi ölkənin gəlirləri azalır”, - o qeyd edir.

V.Məhərrəmli hesab edir ki, ölkənin gəlirlərinin azalması insanların büdcəsinə ciddi təsir edir. O bildirir ki, istehlak məqsədilə kredit götürən insanların əsas xərclərindən biri ərzaqdır və son illərdə ərzağın qiyməti dayanmadan artır. Rəsmi rəqəmlərə görə, bu ilin ilk yarısında da ərzaq qiymətləri 6 faizdən çox artıb. Ekspert qeyd edir ki, əvvəlki dövrdə ərzaq inflyasiyası hətta 19 faizə qədər yüksəlib.

“Ümumi kredit borcu olanların sayı, yəni kredit əldə edənlərin sayı 3 milyon nəfərdən çoxdur. Təsəvvür edirsiniz, 3 milyon adamın kredit borcu var, ölkədə də 2,5 milyon ailə var. Demək olar ki, hər ailədə ən az bir adamın kredit borcu var”, - ekspert deyir.

V.Məhərrəmli deyir ki, imkanlı insanlar nəzərə alınmasa, bir çox ailələrdə iki, hətta üç nəfərin bankdan kredit götürdüyü hallar var və belə ailələrin ödəniş qabiliyyəti zəifdir. İnsanlar əsasən işsizlik, aşağı əməkhaqları və artan xərclər səbəbindən kredit götürməyə məcbur qalırlar, lakin sonradan həmin borcları qaytarmaqda çətinlik çəkirlər.

Ekspertin sözlərinə görə, dəfn mərasimləri, toy və uşaqların təhsili ilə bağlı xərclər də ailələri borclanmağa məcbur edə bilər. Məsələn, yaxın qohumunu itirən insanlar dəfn və məzar xərclərini, imkanı olmayan ailələr isə toy və uşaqların təhsil xərclərini qarşılamaq üçün kredit götürürlər.

Onun sözlərinə görə, hazırda kreditlərlə bağlı risklər böyükdür. Çünki insanların götürdükləri krediti və onun faizini qaytarması üçün hansısa vəsait mənbəyi olmalıdır. Bunun üçün bəzi insanlar torpağını, bəziləri isə qiymətli əşyalarını satırlar.

“Banklar yüksək faizlə kredit resursu təklif etdiyi üçün onların müflis olma ehtimalı çox aşağıdır. Xüsusən banklar imkanlı adamların əlindədir və bir çox halda biz görürük ki, banklar ümumiyyətlə oliqarx məmurlara məxsusdur. Oliqarx məmurların gəlirləri yalnız banklardan deyil, onların digər biznesləri də var. Digər tərəfdən, onlar məmur kimi fəaliyyət göstərirlər və məmurlar üçün də korrupsiya, rüşvət yolu ilə ziyanlarını kompensasiya edə bilirlər.

Ona görə də çox nadir halda Azərbaycanda bankların müflis olduğunu görürük. Amma əhali üçün çox çətindir. Əhali nə vaxta kimi qiymətli əşyalarını satacaq və ya daşınmaz əmlakını satıb kredit borclarını ödəyəcək? Müəyyən bir mərhələdən sonra biz görəcəyik ki, çoxsaylı məhkəmə çəkişmələri var və indi də var. Yəni, bu hallar baş verəcək”, - o deyib.

Ekspert hesab edir ki, Azərbaycanda ÜDM-də artımın olmaması, ölkənin gəlirlərinin və neftdən gələn gəlirlərinin azalması gələcəkdə insanların gəlirlərinin artacağı ilə bağlı gözləntiləri də azaldır. Gələcəkdə yeni iş yerlərinin yaradılacağı və insanların gəlirlərinin artacağı ilə bağlı belə bir illüziya yoxdur.

Vahid Məhərrəmli həmçinin qeyd edir ki, insanları daha çox borca salmaq və asılı vəziyyətdə qoymaq bəzi ölkələrdə də müşahidə olunur. Ekspert sonda əlavə edir ki, insan borc içində və asılı vəziyyətdə qalanda həmin şəxsdən manipulyasiya etmək daha asan olur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycanda kartdan-karta köçürmələrə yeni limitlər tətbiq edilib

3 Avqust 2026

Açıq mənbə

Azərbaycanda avqustun 1-dən kart əməliyyatlarına məhdudiyyət tətbiq olunur.  Azərbaycan Banklar Assosiasiyasının (ABA) avqustun 3-də yaydığı məlumata görə, bank xidmətləri istifadəçiləri "kartdan karta" əməliyyatı ilə gündəlik ən çox 5 dəfə öz kartlarına köçürmə qəbul edə bilər. Aylıq ümumi köçürmə məbləği isə 20 min manatı keçməməlidir.  Məxaric əməliyyatlarına isə hələlik məhdudiyyət qoyulmadığı bildirilir.  ABA məhdudiyyəti "bank xidmətlərindən sui-istifadə risklərinin minimallaşdırılması məqsədi ilə" əsaslandırıb.  Məhdudiyyət barədə ilk olaraq "Fed. az" saytı məlumat yayıb. Xəbərdə deyilirdi ki, bu barədə Mərkəzi Bank və kommersiya bankları arasında razılıq əldə olunub. Lakin Mərkəzi Bank bununla bağlı hələ ki açıqlama verməyib.  Mərkəzi Bank sədri Taleh Kazımov may ayında...
İqtisadiyyat

Milli Onkologiya Mərkəzi 35 milyon manatlıq tender keçirib 

17 İyul 2026

Açıq mənbə

Milli Onkologiya Mərkəzi təxminən 35 milyon manat dəyərində tender keçirib.  Elektron tender portalında iyulun 9-da yayımlanan məlumata görə, sözügedən tenderi “Azəri Med” adlı şirkət qazanıb. Məlumata əsasən, mərkəz şirkətə dərman preparatları, laborator reagentlər, sərf materialları və sarğı ləvazimatlarının satın alınması müqabilində 34 milyon 961 min 987 manat ödəməlidir.  "Azadlıq Radiosu"nun xəbərinə görə, 2025-ci ilin mayında da mərkəz 36 milyon manatlıq tenderi bu şirkətə verib. 2024-cü ilin mayında isə eyni şirkət 29 milyon 829 min 766 manatlıq tenderin qalibi elan edilib.  Mətbuatda "Azəri Med”in sahibinin deputat Kəmaləddin Qafarov olduğu barədə iddialar var. K.Qafarov parlamentdə təmsil olunana qədər Milli Onkologiya Mərkəzində baş...

Seçilmiş Videolar

Toplum TV loqo