İqtisadiyyat

Kartdan karta köçürmələrə limit nəyi dəyişəcək?

7 avqust, 2026
404

Toplum TV

Azərbaycanda avqustun 1-dən kart əməliyyatlarına məhdudiyyət tətbiq olunur. 

Azərbaycan Banklar Assosiasiyasının (ABA) yaydığı məlumata görə, bank xidmətləri istifadəçiləri kartdan karta əməliyyatı ilə gündəlik ən çox 5 dəfə öz kartlarına köçürmə qəbul edə bilər. Aylıq ümumi köçürmə məbləği isə 20 min manatı keçməməlidir. Məxaric əməliyyatlarına isə hələlik məhdudiyyət qoyulmadığı bildirilir. 

ABA prezidenti Zakir Nuriyev “AzTV”-yə müsahibəsində deyib ki, limit bütün kart köçürmələrinə şamil olunmayacaq.

"Söhbət şəxsi köçürmə kanalı ilə biznes məqsədi üçün, uçotdan kənar dövriyyə üçün aparılan, şübhəli və ya dələduzluq xarakterli əməliyyatlardan gedir. Sağlam xarakterli normal köçürmələrə hər hansı limit olmayıb və olmayacaq", - o qeyd edib.

Z.Nuriyev “sağlam xarakterli” əməliyyatlara nümunə olaraq vətəndaşın bir kartından digər kartına və ya ailə üzvlərinin və yaxın qohumlarının kartlarına köçürmələri misal çəkib. O deyib ki, bu və digər qeyri-kommersiya xarakterli köçürmələrə limitdən azad olmaq üçün vətəndaş aidiyyəti sənədləri banka təqdim etməlidir.

Bununla belə, Z.Nuriyev vətəndaşların təqdim etməli olduğu "aidiyyəti sənədlərin" konkret nədən ibarət olduğunu açıqlamayıb.

Müstəqil ekspertlər bunun praktikada necə işləyəcəyini sorğulayır. 

Ekspertlər hesab edirlər ki, yeni məhdudiyyətlər ən çox kiçik onlayn satıcılara, sərbəst çalışanlara, ianə toplayanlara və kartına müxtəlif şəxslərdən mütəmadi köçürmə qəbul edən şəxslərə təsir edə bilər.

“Toplum TV”-yə danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov ABA-nın açıqlamasını “gülünc” adlandırıb. 

“Bir şəxsin qeyri-sahibkarlıq məqsədilə işlətdiyi hesabdan digər şəxsin qeyri-sahibkarlər hesabına köçürməsi elə qeyri-kommersiya köçürməsidir. Bank necə müəyyən edəcək ki, şəxs qeyri-kommersiya məqsədilə açdığı hesaba qəbul etdiyi pulu əslində kommersiya məqsədilə qəbul edib? İndi deyirlər ki, vətəndaş özü banka sənəd təqdim edib əsaslandırmalıdır ki, kartına pulu qeyri-kommersiya məqsədilə qəbul edib. Təsəvvür edin, ani vəziyyətdə kimsə kartınıza pul atmalıdır, bunun üçün banka gedib sənəd verməlisiniz, bank sənədə baxıb hələ qərar verəcək”, - o bildirib. 

Mütəxəssis düşünür ki, kart istifadəçiləri bunu etməyə razı olmayacaq. 

“Təbii ki, vətəndaş bunu etməyəcək. Əvəzinə gedib bankomatdan pul çıxaracaq, digər şəxsə pulunu nağd verəcək. Xüsusilə, ona görə ki, bizdə vətəndaşlar biləndə ki, onu yoxlayacaqlar, daha da qorxurlar”, - o əlavə edib. 

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli də düşünür ki, qərar vergidən yayınma hallarını aradan qaldırmaq əvəzinə nağdlaşdırmanı sürətləndirəcək. 

“Qərarda məntiq görmürəm. Nağdsız əməliyyatda məhdudiyyət varsa, insanlar avtomatik olaraq nağd pulla ödənişə üstünlük verəcək. Son zamanlar kartlardan pul oğurlanması halları da bu prosesi artıq sürətləndirmişdi, çünki insanların kartlara güvəni sarsılmışdı. İndi də Azərbaycanda nağd ödənişlərin artması gözləniləndir”, - o qeyd edib. 

Bu isə son illər dövlətin nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətlə ziddiyyət təşkil edə bilər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycana gələn xaricilərin sayı azalmaqda davam edir: 9 ayda 6 faiz geriləmə

22 oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu dövrdə 191 ölkədən Azərbaycana 1 milyon 831,8 min nəfər gəlib. Gələnlərin 27,1 faizi Rusiyanın, 19,4 faizi Türkiyənin, 7,7 faizi İranın, 4,9 faizi Gürcüstanın, 4,5 faizi Qazaxıstanın, 3,7 faizi isə İsrailin vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699 min nəfərə çatıb. Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı 32 faiz azalaraq 218,3 min nəfər, digər...
İqtisadiyyat

Nazirlik: Azərbaycan 9 ayda 15 milyon tondan çox neft ixrac edib

15 oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb. Məlumata görə, hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı, kondensatla birlikdə, 5,1 milyon ton təşkil edib. Nazirlik bildirir ki, həmin dövrdə 15,5 milyon ton neft və kondensat ixrac olunub. Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın (Joint Operating Company of Absheron Petroleum) payına düşüb. Müstəqil iqtisadçılar bildirirlər ki, Azərbaycan iqtisadiyyatı hələ də neft və...

Seçilmiş Videolar

Toplum TV loqo