Qardaşı: "Azərbaycan dövləti adından kimlərsə Vüqar Məmmədovu azadlıqdan yox, həyatdan məhrum etməyi planlaşdırıb"
sosial media
"Hürriyyət TV”-nin həbsdə olan baş redaktoru Vüqar Məmmədovun müalicəsinin yarımçıq saxlanıldığı bildirilir.
"Hürriyyət TV"-nin məlumatına görə, jurnalist avqustun 8-də Penitensiar Xidmətin Müalicə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına qaytarılıb. O, iyulun 23-də müalicə müəssisəsinə yerləşdirilmişdi.
"Halbuki Penitensiar Xidmətin Müalicə Müəssisəsində V.Məmmədovu müayinə edən həkimlər onun angioqrafiya ("anju") olunması və təcili əməliyyata götürülməsi ilə bağlı rəy veriblər. Maraqlıdır ki, müalicə müəssisəsinin rəhbərliyi baş redaktorun müalicəsinin yarımçıq saxlanılaraq yenidən Kürdəxanıya köçürülməsinin onların deyil, “yuxarı”nın qərarı olduğunu bildiriblər", - xəbərdə deyilir.
Qardaşı Cəsur Məmmədov həmin gün sosial media hesabında qardaşının müalicə müəssisəsində saxlanıldığı ilk 10 gündə ciddi müayinə və müalicə almadığını yazıb.
"Bu barədə "yuxarı"lara şikayətlər, məktublar yazıldıqdan sonra, nəhayət, yoxlamalar başladı. Həkimlərin rəyinə əsasən
Vüqar Məmmədovda ürəyin işemik xəstəliyi, prostat vəzin adinoması, böyrəklərdə listalar, diz oynaqda yırtıq, sağ qasıq nahiyyədə yırtıq və.s bütün bu xəstəliklərin olması barədə Bakı Ağır Cinayətlər Məhkəməsinə arayış da verilib. Eyni zamanda Vüqar Məmmədovun özəl klinikaların birində həm "anju", həm də təcili olaraq əməliyyata aparılmalı olduğu bildirilib", - o qeyd edib.
C.Məmmədov məsələ ilə bağlı prezidentə və Ombudsmana müraciət etdiklərini xəbər verib.
"Artıq bizə məlum olan budur ki, Vüqar Məmmədovun səhhəti üzərində oyun qurulur. Azərbaycan dövləti adından kimlərsə Vüqar Məmmədovu azadlıqdan yox, həyatdan məhrum etməyi planlaşdırıb", - o əlavə edib.
V.Məmmədov ötən ilin oktyabrında həbs olunub. O, Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur.
Vüqar Məmmədov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun və xaricdə yaşayan tənqidçi, “AzerFreedom TV”-nin rəhbəri Qurban Məmmədovun bacısı oğludur.
S.Cəlaloğlu bacısı oğlunun həbsi ilə bağlı daha öncə mətbuata bildirib ki, onun jurnalist fəaliyyətinə görə Prezident Administrasiyası və Dövlət Təhlükəsizliyi Xidmətindən ona iradlar bildirilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Sosial media
Taleh Bağırzadənin həyat yoldaşı: "Oğluma cinayət işi açılmazdan əvvəl ölkədən çıxışına ‘stop’ qoyublar"
Açıq mənbə
Ələsgər Məmmədli: “Azərbaycanda hüququn aliliyini müdafiə etdiyimə görə qanunsuz həbs edilmişəm”
İlqar Məmmədov prezidentə: "Sizi dəstəkləyən bir partiya lideri mənə xəbərdarlıq edir"
Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"
“Elgün İbrahimovla bağlı videoya görə saxlanıldım” deyən gəncə 3 il həbs cəzası verilib