İqtisadiyyat

“Aqroparkların yaradılması hökumətə sərf edir, fermerlərə yox”

19 Aprel, 2025
622

prezident.az

Azərbaycanda aqroparkların idarə olunması səlahiyyəti İqtisadiyyat Nazirliyindən alınaraq Kənd Təsərrüfatı Nazirliyinə verilib. 

Bu barədə Prezident İlham Əliyev aprelin 14-də fərman verib. Fərmana əsasən, bundan sonra Kənd Təsərrüfatı Nazirliyi, Yevlax Pilot Aqropark istisna olmaqla, aqroparkların yaradılması və fəaliyyətlərinin tənzimlənməsi səlahiyyətinə sahib olacaq. 

Nazirlik prezidentin 2021-ci il fərmanı ilə təsdiq edilmiş "Aqroparklar haqqında Nümunəvi Əsasnamə"də nəzərdə tutulmuş aktları 6 ay müddətində qəbul etməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir. 

İqtisadçı Toğrul Vəliyev Toplum Tv-yə açıqlamasında bu dəyişikliyin iqtisadi cəhətdən böyük əhəmiyyət daşımadığını deyib. 

“Əvvəl aqroparkların fəaliyyətində iştirak edən dövlət qurumları və şirkətləri İqtisadiyyat Nazirliyinə cavabdeh idi. İndi baş verən dəyişiklik bizim üçün əhəmiyyətli deyil, amma İqtisadiyyat Nazirliyi üçün əhəmiyyət kəsb edir ki, böyük bir sahədən məhrum olunur.” 

Aqroparklar 2012-ci ildə Azərbaycanda fəaliyyətə başlayan irimiqyaslı, dövlət tərəfindən dəstəklənən aqrobiznes müəssisələridir. 

Rəsmi məlumata görə, Azərbaycanda hazırda 23 aqropark fəaliyyət göstərir, 1 aqroparkda isə tikinti-quraşdırma işləri aparılır. Aqroparklardan 11-i əkinçilik, 6-sı heyvandarlıq, 6-sı meyvəçilik, 1-i isə çeşidləmə, qablaşdırma və logistika üzrə ixtisaslaşıb. 

Aqroparkların ümumi layihə dəyəri 1,1 milyard manat təşkil edir ki, bunun da faktiki olaraq 0,9 mlrd. manatı özəl investisiya şəklində layihələrin reallaşdırılmasına yatırılıb. 

Fevralda İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib ki, qeydiyyata alınan aqroparklarda 3720 nəfər daimi işlə təmin edilib, 4878 nəfər isə mövsümi işlərə cəlb olunub. Növbəti mərhələdə əlavə olaraq 1600-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. 

“Aqroparklar haqqında Nümunəvi Əsasnamə”yə əsasən, aqroparkların yaradılmasında məqsəd  innovativ üsullar əsasında rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, qeyri-neft sektorunun davamlı inkişafı və əhalinin məşğulluğunun artırılmasıdır. 

Toğrul Vəliyevə görə isə reallıqda görünən odur ki, məqsəd kənd təsərrüfatında sadə fermerlərin payını azaltmaq və onların yerini böyük şirkətlərə vermək olub. 

“Bu hökumətə ona görə sərf edir ki, kənd təsərrüfatında vahid idarəetmə yaradır. Amma sadə fermerlərə sərf etmir. İqtisadiyyatda isə inhisarçılığa və qiymət artımına gətirib çıxarır. Böyük şirkətlərin məqsədi iqtisadiyyatı yaxşılaşdırmaq yox, öz qazanclarını artırmaqdır”, - o qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Dünya Bankı: “Azərbaycanda qanunlar qadınların işləməyinə imkan versə də, onların effektiv icrası üçün mexanizmlər tam formalaşmayıb”

4 Mart 2026

Foto: açıq mənbə

Dünya Bankı ölkələrdə qadınların iqtisadi hüquqlarını və fəallığını qiymətləndirən “Qadınlar, Biznes və Hüquq” hesabatını dərc edib.  Hesabatda Azərbaycan 100 ballıq şkalada qadınların iqtisadi hüquqlarını təmin edən qanunvericilik üzrə 72,18 bal toplayıb. Qanunların tətbiqi üzrə qiymətləndirmədə isə Azərbaycana 59,12 bal verilib.  Hesabatda bildirilib ki, Azərbaycanda qanunlar qadınların iqtisadi fəaliyyətinə imkan versə də, onların effektiv icrası üçün institusional və sosial mexanizmlər tam formalaşmayıb. 190 ölkəni əhatə edən hesabatda qlobal miqyasda da qanunvericiliklə hüquqların tətbiqi arasında fərqin qalmaqda davam etdiyi qeyd olunub.  Dünya Bankının hesabatı qadınların iqtisadi imkanlarını 10 sahə üzrə qiymətləndirir. Bunlara təhlükəsizlik, əmək fəaliyyəti, əməkhaqqı, sahibkarlıq, nikah, valideynlik, uşaq baxımı, aktivlər...
İqtisadiyyat

Azərbaycanda siqaret istehsalı 38% artıb, tütün istehsalı 67% azalıb

23 Fevral 2026

Foto: açıq mənbə

2026-cı ilin yanvar ayında Azərbaycanda 1 milyard 194 milyon ədəd siqaret istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin yanvar ayı ilə müqayisədə 38,1% çoxdur.  Bununla belə, ötən ay 49,9 ton tütün istehsal edilib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 66,8 faiz azdır.  2025-ci ildə Azərbaycana, ümumilikdə, 5 milyon 642 min ABŞ dolları dəyərində 225 milyon ədəd siqaret idxal edilib.  Eyni dövrdə Azərbaycandan 11 ölkəyə 46 milyon 635 min ABŞ dolları dəyərində 2 milyard 959 milyon ədəd siqaret isə ixrac olunub.

Seçilmiş Videolar

Toplum TV loqo