Yaradıcı birliklərin üzvü, sərt hökmlər çıxaran, pensiya davası edən hakim - Ənvər Seyidov
Foto: açıq mənbə
“De mortuis aut bene aut nihil”. Latın dilində olan bu ifadə “Ölülər haqqında ya yaxşı danışmalısan, ya da heç nə" kimi tərcümə edilir.
Lakin hakimlik fəaliyyəti elədir ki, hətta şəxsin ölümündən sonra belə ictimai müzakirələrə açıqdır.
41 il hakim kimi çalışmış Ənvər Seyidov avqustun 2-də vəfat edib.
O, Bakı Ağır Cinayət Məhkəməsindəki hakimlik dövründə bir neçə siyasi işdə verdiyi qərarları ilə müzakirə olunmuşdu.
Seyidov hakimlikdən başqa ictimai və yaradıcı fəaliyyətlə də məşğul idi.
1997-ci ildən “Əsilzadələr Məclisi” adlı qurumun, “Azərbaycan Teatr Xadimləri İttifaqı”nın, “Azərbaycan Jurnalistlər Birliyi”nin, “Azərbaycan Yazıçılar Birliyi”nin üzvü olan Ənvər Seyidov bir sıra bədii əsərlər yazmış, kinomotaqrafiyaya töhfələr vermiş, beynəlxalq mükafatlara layiq görülmüşdü.
Nekroloqlarda mərhum haqda diferambalar yazılsa da, hətta hökumətyönlü medialarda belə onun fəaliyyəti “qalmaqallı” şəklində xarakterizə edilir.
“Tribunat” Ənvər Seyidovun hakim reputasiyasını səciyyələndirən bəzi işləri araşdırıb.
Açıq mənbələrdə olan məlumatlara etibar etsək, onun hüquqşünas karyerası təsadüf nəticəsində baş tutub. Ə.Seyidovun yerli mediaya müsahibəsinə əsasən, o, əmisinin köməkliyi ilə Rabitə Texnikumunda rabitəçi olmaq istəsə də, sənədləri orada tapılmadığından hüquq fakültəsində təhsil alıb.
Təhsilini bitirdikdən sonra hüquq sisteminin demək olar ki hər sahəsində çalışıb; Ədliyyə sistemi, Zaqatala və Cəlilabad rayon məhkəmələrinin hakimi, Cəlilabad Rayon Məhkəməsinin sədri, Mərkəzi Seçki Komissiyasının təftiş qrupunun üzvü, Ali Məhkəmə və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi…
Bu, “zəngin” karyeranın 41 ili yalnız hakimliyə həsr edilib.
İlk dəfə Ə.Seyidovu diqqət mərkəzinə gətirən işlərdən biri sabiq müdafiə naziri Rəhim Qazıyevin işi olub.
1992-93-cü illərdə müdafiə naziri olmuş Qazıyev 1993-cü ildə dövlətə xəyanət, vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə kimi ağır cinayətlərdə ittiham olunub, ona çıxarılan ölüm hökmü ömürlük azadlıqdan məhrum edilmə ilə əvəz edilib.
2001-ci ildə Azərbaycanın Avropa Şurasının üzvü olması prosesi zamanı tələblərə uyğunluq çərçivəsində atılmalı addımlardan biri siyasi məhbusların azad edilməsi idi; Şuranın müstəqil ekspertlərdən ibarət qrupunun müəyyən etdiyi məhbusların siyahısına Rəhim Qazıyev də daxil idi.
Sabiq müdafiə naziri uzun müddət onun şində ədalətli qərarın çıxarılmadığını iddia edərək Ənvər Seyidovu ittiham edirdi, Seyidov isə israrla bu işdə “diktəsiz və sifarişsiz” qərar qəbul etdiyini deyirdi.
Seyidovu “dillərə salan” daha bir siyasi motivli iş isə “Səidin dəstəsi” şərti adı ilə tanınan cinayət işidir.
2007-ci ilin yanvarında saxlanılan Səid Dadaşbəylinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində sədrlik edən hakim kimi baxmış Ə.Seyidov Dadaşbəyli və digər 14 nəfərə Azərbaycanda hakimiyyəti zorla ələ keçirməyə, dini dövlət qurmağa, terror aktları törətməyə cəhddə təqsirli bilərək 13-14 il müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm çıxarıb.
Məhkəmə baxışı zamanı hakim müdafiə tərəfindən bir sıra qeyri-prosessual hərəkətlərdə, o cümlədən, Dadaşbəylinin yaxınlarını hədələməkdə, istintaqı aparan Milli Təhlükəsizlik Nazirliyinin həmin dövrdəki rəhbərinə məktub yazaraq “vicdanlı və ləyaqətli” fəaliyyətə görə əməkdaşların mükafatlandırılmasını xahiş etməkdə ittiham edilib.
Yeri gəlmişkən, bu, Ənvər Seyidovun ünvanına səsləndirilən ilk ittihamlar deyil. Bakı şəhər prokurorluğunun sabiq müstəntiqi Nağıyev Seyidovu rüşvətxorluqda ittiham edirdi.
Yerli və beynəlxalq insan hüquqları müdafiə təşkilatları “Səidin dəstəsi”nin fiqurantlarının istintaq və məhkəmə tərəfindən hüquqlarının pozulması və işin siyasi motivli olmasını əsas gətirərək onları siyasi məhbus kimi tanımışdı. Avropa İnsan Hüquqları Məhkəməsi 2020-ci ildə çıxardığı qərarla Dadaşbəylinin Konvensiyanın 6-cı maddəsi ilə qorunan ədalətli məhkəmə araşdırması hüququnun (6.1-ci maddənin, ərizəçinin cinayət işi üzrə məhkəmə proseslərində açıq dinləmənin olmaması) pozulduğuna dair qərar çıxarıb.
Ənvər Seyidovun hakimliyini ictimai müzakirəyə çıxaran daha bir iş “heykəl məhbusları” kimi tanınanlardan biri Qiyas İbrahimovun işidir. 2016-cı ildə digər gənc fəal Bayram Məmmədovla saxlanılan İbrahimov Ə.Seyidovun sədrlik etdiyi məhkəmə kollegiyasının hökmü ilə Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmə cəzası aldı.
Yerli və beynəlxalq təşkilatlar Q.İbrahimovu siyasi məhbus kimi tanıdı. 2020-ci ildə Avropa Məhkəməsi İbrahimovun və Məmmədovun işində Konvensiyanın bir neçə maddəsinin pozuntusuna dair qərar verdi. Bu qərarı vacib edən amillərdən biri Məhkəmənin Konvensiyanın 18-ci maddəsinin pozuntusunu tanımasıdır. Konvensiyanın 18-ci maddəsinə əsasən, bu sənəddə qeyd edilən hüquq və azadlıqlarla bağlı məhdudiyyətlər nəzərdə tutulan məqsədlərdən savayı istifadə edilməməlidir.
Məhkəmənin qənaətinə əsasən, ərizəçilərin Konvensiyanın 5-ci maddəsi ilə təmin edilən hüquqlarına tətbiq edilən məhdudiyyət Konvensiyada göstərilən məqsədlər üçün deyil, onların keçmiş prezidentin heykəlinə yazılmış siyasi məzmunlu qrafiti çəkdiklərinə görə cəzalandırılması, yəni siyasi motivli olub (§157).
Hazırki dövrə qədər ərizəçilərin işi Azərbaycana münasibətdə bu maddənin pozuntusu tanınan 11 işdən biridir.
Ənvər Seyidovun Qiyas İbrahimovla bağlı çıxardığı hökm və həmin hökmün yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılması ilə bağlı şikayət isə Avropa Məhkəməsində kommunikasia edilib və qərarın elanı gözlənilir.
Seyidovu yerli məhkəmə sistemində dövlət ittihamının “vuran qolu” kimi səciyyələndirmək mümkündür. Qiyas İbrahimovun işində dövlət ittihamçısının fəala 9 il azadlıqdan məhrumetmə cəzası tələb etdiyi halda, 1 il artıq cəza kəsməsi, Səid Dadaşbəylinin yaxınlarını hədələməsi, bu işin istintaqını aparan qalmaqallı və nüfuzu ləkələnmiş və ləğv edilmiş quruma təşəkkür dolu məktub yazması, Rəhim Qazıyevlə illərlə davam edən ittiham dolu mükalimələr buna misal ola bilər.
Maraqlı bir məqam isə Ənvər Seyidovun şəxsiyyətinin digər ipostasiyasıdır. Dadaşbəylinin işində yaxınlarına işin araşdırılmasında sadəcə “icraçı” olduğunu bildirməsi, ədəbi və bədii fəaliyyətə meyli və hətta bir neçə roman yazması, ictimai həyatda aktiv iştirakı - onun ziddiyyətli xarakterinə özünəməxsus kolorit qatır.
Ənvər Seyidov Azərbaycanda hakimliyin dərin faciəsinin ən parlaq nümunələrindən biridir. Lakin bu, bir nəfərin şəxsi taleyindən kənara çıxan, ictimai-siyasi miqyası alan faciədir.
Məhkəmə hakimiyyətinin konstitusion müstəqilliyinin təmin edilmədiyi sistemdə hakimlər sadəcə icra hakimiyyətinin siyasi iradəsinin subyektinə çevrilirlər. Burada artıq hakimin şəxsiyyəti, hobbiləri, şəxsi həyatı və hakimliyə aid olmayan heç bir məqam ictimaiyyət üçün əhəmiyyətli olmur, çünki həmin şəxs insanların gözündə qəbul etdiyi ədalətsiz qərarlarla qalır.
Lap istəyirsən Flora Kərimova üçün mahnı bəstələyəsən, xronikalarda sərt və ədalətsiz qərarlar verən və təqaüdə çıxdıqdan sonra pensiya üzərində məişət mübahisəsi edən hakim kimi əbədiləşəcəksən.
Bu təsadüf idimi, o, yaşı çatdığına görə pensiyaya göndəriləndən sonra daha narahat edilməməsini və haqqında nəsə yazılmamasını istəyirdi.
“Mən jurnalistlərə, açıqlamalara qıcıq oluram. Artıq açıqlamanın, bağlamanın vaxtı keçib. Xahiş edirəm bundan sonra məni narahat etməyin. Barəmdə nəsə yazılmasını istəmirəm. Şərt deyil ki, qəzetdə də mənim barəmdə yazı çıxsın, televiziyada 70 illiyimlə bağlı film çəkilir. Bu, mənim bəsimdir”, - deyə o, yerli mediaya müsahibəsində sanki unudulmaq arzusunu dilə gətirirdi.
Onun unudulmaq istəyi, unudulmaq hüququndan irəli gəlmirdi…
Nasist Almaniyasının vacib fiqurlarından sayılan Adolf Eyxmanın 1963-cü ildə keçirilən məhkəmə proseslərindən reportaj hazırlayan filosof Hanna Arendt “şərin banallığı” barədə öz qeydlərini apardı. Arendtə görə, böyük faciələrə gətirəcək hərəkətlərin edilməsi insanın daxilində olan şər qüvvədən deyil, sadə əmrlərə əməl edilməsindən qaynaqlanır…
Təkcə qanunsuz əmr verənlər deyil, həmin əmrləri canla-başla və qüsursuz icra edənlər də tarixin həmişə diri yaddaşında əbədi olaraq qalacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Həbsdə olan şəxsin ev heyvanı ilə ünsiyyət hüququ necə tənzimlənir? - “Tribunat” araşdırıb
Foto: sosial media
Globalwoodsmarketinfo.com
“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi
“Niyə yazım ki, onsuz da hər kəs hər şeyi bilir”
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?