Məhkəmə

Hafiz Babalı: Mediamız natəmiz məlumatlarla çirkləndirilir

20 Avqust, 2025
2190

Foto: sosial media

“Abzas Media işi” çərçivəsində həbs edilən araşdırmaçı jurnalist Hafiz Babalı Audiovizual Şurasya və Medianın İnkişafı Agentliyinə (MEDİA) müraciət ünvanlayıb. 

O, müraciətində bir sıra xəbər saytlarının onun barəsində birtərəfli və böhtan xarakterli yazılar yazmasından bəhs edib və dövlət qurumlarını bu məsələni araşdırmağa çağırıb.

“Abzas Media”-nın dərc etdiyi müraciətin mətnini təqdim edirik:

Hörmətli rəhbərlik!

Diqqətinizi hüquq-mühafizə orqanlarının tənqidi jurnalistikaya qarşı sifarişli, “səlib yürüşü” miqyası almış kütləvi həbs dalğası fonunda bir çox media nümayəndəsinə, o cümlədən mənə münasibətdə yerli mətbuatda yayımlanan qərəzli, birtərəfli və böhtan xarakterli, işgüzar nüfuza xələl gətirmək, ən əsası, ictimaiyyətin gözündən salmaq, ləkələmək niyyəti güdən genişmiqyaslı “qara PR” kampaniyasına cəlb etmək istərdim.

Bu əxlaqdan kənar kampaniya ilə mən məhdud imkanlarım daxilində məhkəmə formatında mübarizə aparıram. Düzdür, məhkəmələr böhtançıların vəkili rolunda çıxış edir, amma bu, başqa söhbətin mövzusudur.

“Abzas Media işi” kimi tanınan qondarma cinayət işi çərçivəsində 2023-cü ilin dekabr ayının ortalarında qanunsuz həbsimdən az sonra, dekabr ayının 28-də “qafqazinfo.az” internet saytında barəmdə 
“Hafiz Babalı işində yeni detallar” başlıqlı dezinformasiya xarakterli, heç bir sübuta söykənməyən məqalə dərc olundu.

Elə həmin gün bu məqalə “İki Sahil” qəzetinin internet səhifəsində, “modern.az”, “demokrat.az”, “pravda.az”, “yenigundem.az” saytlarında, eləcə də “ATV” telekanalının “Xəbərlər” axşam proqramında ilkin mənbəyə istinadən yayımlandı.

Baxmayaraq ki, bu mənbə heç də informasiya agentliyi deyildi. Başlığından sonunadək obyektiv jurnalist imicimi ləkələmək məqsədi daşıyan bu üzdəniraq cızmaqarada anonim müəllif, görünür, mənim həbsdə olmağım səbəbindən bu bədnam məqalədən xəbər tutmayacağımı, şərəfli jurnalist peşəsinə xəyanət olan hərəkətinin cavabsız qalacağını düşünüb.

Lakin bu iyrənc məqalədən xəbərdar olan kimi vəkilim vasitəsilə əvvəlcə təkzib verilməsini tələb etdim, daha sonra məhkəmələrə müraciət etməli oldum.

2025-ci ilin may ayının 2-də “Baku TV” telekanalında “Anonim bank kartları, məxfiləşdirilmiş elektron kanallar, mənzil-ofislər | Niyə?” başlıqlı videomaterial yayımlanıb. 

Cəmi üç gün sonra material mətn şəklinə salınaraq “Report” İnformasiya Agentliyi, “qafqazinfo.az” xəbər saytı tərəfindən tirajlanıb.

Bu qarayaxma materialda da həm də mənim şəxsimi hədəfə alan böhtan məzmunlu məlumat yer alıb. Birinci məqalədə (dekabr, 2023) olduğu kimi, burada da obyektivlik, qərəzsizlik meyarlarına əməl olunmayıb, heç olmasa, vəkilim vasitəsilə mənim mövqeyim öyrənilməyib.

Həbsdə olmağım, bu səbəbdən maddi məhrumiyyətə düçar olduğumdan bu dəfə də bütün böhtançı media resurslarını deyil, yalnız “Baku TV” telekanalını təkzib vermək, üzr istəmək və vurulmuş mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə dəvət etmişəm.

Qeyd edim ki, qafqazinfo.az saytına qarşı apellyasiya şikayətimə oktyabr ayının 21-də saat 10:00-da, “Baku TV” telekanalına qarşı mülki iddiama isə sentyabrın 4-də saat 16:40-da Nəsimi Rayon Məhkəməsində baxılmağa başlanacaqdır.

Çox istərdim ki, bu açıq məhkəmə proseslərində müraciəti ünvanladığım dövlət nəzarət orqanlarının nümayəndələri də iştirak etsinlər.

Bildiyimiz kimi, “Media haqqında” qanunun tələblərinə əsasən, mediada yayımlanan məlumatlarda şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə, böhtana və birtərəfliyə yol verilməməli, faktlar və hadisələr qərəzsiz, obyektiv təqdim olunmalıdır. Bundan əlavə, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilmir.

Lakin gördüyünüz kimi, mediamız bu cür natəmiz məlumatlarla çirkləndirilməkdədir, dövlət qurumları isə sanki bu halları görmür. 

Hərçənd, ən azı, həbsdə ikən telekanallarda izlədiyim xəbərlərə inansaq, Media Agentliyi dezinformasiya və saxta xəbərlərlə mübarizə məqsədilə maddi dəyəri yüz min manatlarla hesablanan seminar və konfranslar təşkil edir. Öz nümunəmdə əminliklə deyə bilərəm ki, bir çox yerli KİV bu mübarizəni ya sabotaj edir, ya da onlar hansısa səbəbdən arxalı köpəklər kimi toxunulmazdır.

Hörmətli Audiovizual Şura və MEDİA Agentliyi, sizi öz səlahiyyətləriniz, hüquq və vəzifələrinizə uyğun olaraq ərizədə qeyd olunan xüsusatları araşdırmağa, qanunvericiliyin tələblərini pozan media orqanlarına və telekanallara qarşı qanunla müəyyən olunmuş intizam tədbirlərinin görülməsinə çağırıram.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo