Siyasət

“Sərhədsiz Reportyorlar” həbsdə olan jurnalistlər üçün “sərinkeş kampaniyası”na başlayıb

21 Avqust, 2025
2961

Foto: Açıq mənbə

Beynəlxalq mətbuat azadlığı təşkilatı “Sərhədsiz Reportyorlar” (RSF) mühacirətdə olan müstəqil media orqanları ilə birlikdə Azərbaycanda həbsdə olan jurnalistlərə dəstək üçün kampaniya başladıb. 

Kampaniyaya mühacirətdə fəaliyyət göstərən Toplum TV, Azad Səslər Kollektivi, Meydan TV və Qəzetçi qoşulub. 

“Onları sərinkeş atəşinə tutun” kampaniyada həbsdə olan jurnalistlərə açıqcalar yazmaq təklif olunur. 

Kampaniyanın adında həbsdə olan “Abzas Media” jurnalisti Sevinc Vaqifqızına ailəsinin gətirdiyi sərinkeşin verilməməsi ilə bağlı “qeyri-insani həbs şəraitinə” diqqət çəkilir. 

“Əksər məhbuslar yayda ailələrinin dəstəyi ilə sərinkeş əldə edə bildiyi halda, Sevincin ailəsinin gətirdiyi sərinkeş təcridxana rəisi Elnur İsmayılov tərəfindən buraxılmayıb. Onun şərti isə belə olub: jurnalist yazmaqdan əl çəksin. Lakin Vaqifqızı həbsxanadan insan hüquqları pozuntuları və həbs şəraiti barədə yazmağa davam edib — bu cəsarətli addım indi qəsdən qəddarlıqla cəzalandırılır. İsmayılovun ultimatumu açıq senzura və repressiya aktıdır”, - RSF-in bəyanatında deyilir. 

Kampaniyaya qoşulan media təşkilatları ictimaiyyəti S.Vaqifqızına və onunla birlikdə həbsdə olan həmkarlarına həmrəylik məktubları yazmağa çağırır. Məktublar bu ünvana göndərilə bilər. 

Məktublar daha sonra üzərində simvolik sərinkeş təsviri olan açıqçalara çap ediləcək və birbaşa Bakı İstintaq Təcridxanasına göndəriləcək. 

“Biz göstərmək istəyirik ki, onların səsini həbs divarları da boğa bilməz. Azərbaycan hakimiyyəti bu jurnalistləri peşələrinə görə cəzalandırmağı dayandırmalı və onlara dərhal əsas ehtiyaclara çıxış imkanı verməlidir”, - RSF Almaniyanın icraçı direktoru Anca Osterhaus qeyd edib. 

Bəyanatda Azərbaycanda 2023-cü ilin noyabrından bəri əksəriyyəti Toplum TV, Meydan TV və “Abzas Media”dan olmaqla ən az 25 jurnalistin həbsdə olduğu xatırladılır. 

“Sevinc Vaqifqızı öz müstəqilliyi və cəsarətinin bədəlini ödəyir. İsti dalğasının hökm sürdüyü bir vaxtda jurnalistə sadə bir sərinkeşin belə verilməməsi ilə Azərbaycan hakimiyyəti mətbuat azadlığını sındırmaq üçün hər cür qəddarlığa əl atacağını nümayiş etdirir. Biz ictimaiyyəti və azad mətbuatı dəyərləndirən hər kəsi onun və həmkarlarının yanında həmrəy olmağa çağırırıq”, - RSF-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Cin Kavelyer qeyd edib. 

Kampaniya təşkilatçıları hökumətin “həbsxana daxilində belə artan repressiyalarının daha geniş bir tendensiyanı əks etdirdiyini” bildiriblər. 

“Bu, fərqli fikirləri susdurmaq və ölkədə müstəqil jurnalistika üçün qalan son məkanı da dağıtmaq məqsədilə fiziki təzyiqdən, senzura və psixoloji basqılardan istifadədir”, - onlar qeyd ediblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Tofiq Yaqublu: "Cəzaçəkmə müəssisəsində işıq və su yoxdur, məhbuslar yuyuna bilmir"

27 İyul 2026

VOA

17 saylı Cəzaçəkmə Müəssisəsində elektrik enerjisi və su verilişinin dayandığı bildirilir.  Bu barədə müəssisədə saxlanılan müxalif siyasətçi Tofiq Yaqublu qızı Nigar Həzi vasitəsilə ictimaiyyətə məlumat verib.  N.Həzi iyulun 27-də sosial media hesabında atasına istinadən yazıb ki, müəssisədə bir həftədir elektrik enerjisi demək olar ki, yoxdur.  "Gün ərzində ancaq cəmi 1 və ya 2 saat işıq olur. Təsəvvür edin, yayın dəhşətli istilərində işıq yoxdur, soyuducular işləmir, məhbuslar içməyə nə sərin su tapa bilirlər, nə də yuyuna bilirlər. 40 dərəcədən yuxarı istidə əlbəttə ki, ərzaqlar da xarab olub zibilə atılır. İşığın olmaması azmış kimi artıq müəssisədə su da gəlmir. Başa düşdüyünüz kimi,...
Siyasət

ABŞ Konqresinin komitəsi Azərbaycanı erməni məhbusları azad etməyə çağırıb

24 İyul 2026

NPS

İyulun 22-də səsə qoyulan qanun layihəsinin 44 nəfər lehinə, 7 nəfər əleyhinə səs verib. Qanun layihəsinin mətnində Azərbaycanda həbsdə olan ermənilərə "müharibə əsirləri və siyasi məhbuslar" deyə istinad olunub.  “Prezident Trampın Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində səylərini davam etdirdiyi bir vaxtda erməni hərbi əsirlərinin və siyasi məhbusların azad edilməsi bu məqsədə nail olunması yolunda mühüm addım olardı", - qanun layihəsinin müəllifi, Demokratlar partiyasından olan konqresmen Bred Şerman komitəyə müraciətində deyib.  İyulun 24-də Milli Məclis qanun layihəsinin qəbulu ilə bağlı bəyanat yayıb. "Həmin sənəddə ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edirik. Beynəlxalq hüquq normalarına və prinsiplərinə kobud...

Seçilmiş Videolar

Toplum TV loqo