The Tribune
I Hissə
20 yanvarda həlak olan dənizçinin ailəsi 30 ildir ona düşən evi ala bilmir
“Atam ona görə şəhid olub ki, Rövnəq Abdullayev kimi məmurların uşaqları milyonluq saat kolleksiyası yığsın, amma onun uşaqları işsiz , evsiz-eşiksiz, küçələrdə qalsınlar?”
Maral Qocamanova belə deyir və danışır ki, atası gənc yaşlarından Xəzər Dəniz Neft Donanmasında dənizçi olub, ömrünün yarıdan çox hissəsini bu şirkətə xərcləyib.
Onun söylədiyinə görə, 1990-cı ilin 20 Yanvar hadisələri zamanı atası SSRİ ordusunun qarşısına çıxıb, Azərbaycanın müdafiəsi üçün canını əsirgəməyib.
Haşiyə
20 Yanvar hadisələri zamanı şəhərə dənizdən hücumun qarşısını almaq üçün Azərbaycan dənizçiləri həyatlarını riskə ataraq bütün gəmiləri Bakı buxtasına yığmışdılar. Yanvarın 21-də Sovet hərbi gəmilərindən açılan atəş nəticəsində "Neftqaz-18", "Neftqaz-64", "Aktau", "Şirvan-2", "Çeleken-1", "Atlet-21", "Vodoley-4" gəmiləri ciddi zədələnmişdi.
M.Qocamanova deyir ki, atası qəhrəman neftçi kimi anılsa da, ancaq indiyə qədər onun ailəsi dövlətdən diqqət görməyib: “O vaxtlar Xəzər Dəniz Neft Donanmasında işləyən neftçilər ev almaq üçün növbəyə dururdular. Bizim ailəmiz də növbəyə durmuşdu. Hətta sağlığında atama Əhmədlidən ev ayrılmışdı. Amma onda Əhmədli indiki kimi deyildi, yaşayış yox idi, həm də şəhərə çox uzaq idi. Ona görə növbə çatanda atam evi götürmədi, növbəti mərhələni gözlədi. Sonra da 20 Yanvar hadisələri baş verdi, qalanı da məlumdur”.
O, bu günə kimi ailənin həm atasına düşən evi, həm də dövlətdən təzminat almadığını vurğulayır.
“Sonra da bacım və qardaşım iş dalınca başqa ölkələrə köçdü. Mən də uzun illərdir kirayələrdə yaşayıram”.
M.Qocamanovanın sözlərinə görə, dəfələrlə SOCAR-a müraciət etsə də, tutarlı cavab ala bilməyib.
“Haqqımız olan evin hec olmasa sənədlərini təqdim edilməsini istəsəm də, cavab ala bilmədim. Bəhanələr gətirib, başlarından rədd etdilər”.
Xəzər Dəniz Neft Donanması əvvəlcə SOCAR-ın tərkibində fəaliyyət göstərib, 2013-cü ildə isə ayrılaraq Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi ilə birləşdirilib. Hazırda qurum Azərbaycan Xəzər Dəniz Gəmiçilik (ASCO) Qapalı Səhimdar Cəmiyyətinin tərkibindədir.
SOCAR-ın cavabı
SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov “Toplum TV”-yə açıqlamasında M.Qocamanovanın atası Əliyusif Qocamanovun SOCAR-ın mənzil uçotunda olmadığını deyir.
“2009-cu ildə mənzil uçotu mərkəzləşdirildi. Həmin vaxt SOCAR-ın idarə və müəssisələrindən, o cümlədən Xəzər Dəniz Neft Donanmasından SOCAR-a mənzil uçotunda dayanmış və dayanan işçilərin siyahısı təqdim edildi. Lakin SOCAR-a təqdim olunan sənədlərdə mərhum Ə. Qocamanovun şəxsi işi olmayıb. 2013-cü ildə isə Donanma SOCAR-ın tərkibindən ayrılaraq Xəzər Dəniz Gəmiçiliyinə birləşdirilib. Bu gün artıq SOCAR-dan tam ayrı və müstəqildir”.
Şirkət rəsmisi sözügedən sənədlərin tapılması üçün Xəzər Dəniz Gəmiçiliyinə və ya Mərkəzi Arxivə müraciət etməyi məsləhət görüb.
ASCO-nun mətbuat katibi Mehman Mehdiyevin sözlərinə görəsə, Xəzər Dəniz Gəmiçiliyinin arxivində həmin şəxsin mənzil növbəsinə götürülməsi ilə bağlı heç bir sənəd yoxdur.
Qurum rəsmisi 2019-cu ildən neftçinin həyat yoldaşı Elmira Qocamanovaya hər ay ASCO tərəfindən 250 manat həcmində maddi yardım göstərildiyini bildirir. Onun sözlərinə görə, bir neçə ay əvvəl bu məbləğ artılaraq 300 manat olub.
Maral Qocamanova sual edir, SOCAR atasının neftçi kimi qeydiyyatda olduğunu təsdiqləyirsə, qurumun arxivində ev növbəsi ilə bağlı sənəd necə olmaya bilər?
“Sadəcə olaraq bütün bunlara nəzarət edən qurum yoxdur”
Neftçilərin Hüquqlarini Müdafiə Təşkilatının rəbəri Mirvari Qəhrəmanlı deyir ki, SOCAR-ın daxili əsasnaməsinə görə, 20 yanvarda və ya müharibədə həlak olanların ailələrinə dövlət büdcəsindən əlavə, şirkət öz hesabına da sosial yardımlar göstərir, onların ehtiyaclarını təmin etməyi üzərinə götürür.
Vaxtilə özü də neft şirkətində Baş İdarə rəisinin sosial məsələlər üzrə müavini olan M.Qəhrəmanlı da hesab edir ki, ev növbəsinə duran neftçilərin ailələrinə kömək olunmalıydı.
Dövlət Neft Şirkətinin hesabatındakı texniki “səhvlər”
Əsası 1992-ci ildə qoyulan SOCAR Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı, istismarı, neft və qaz məhsullarının xarici bazarlarda satışı, ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğuldur.
Hazırda bu şirkətin tərkibində 3 istehsalat birliyi, neft və qaz emalı zavodu, Dərin Özüllər Zavodu, 2 trest, 1 institut daxil olmaqla hüquqi şəxs statusuna malik 23, qeyri-hüquqi şəxs statusuna malik 4 qurum fəaliyyət göstərir.
Eyni zamanda şirkət öz büdcəsindən hər il ictimai əsaslı tədbirlərə, sosial yardımlara vəsait xərcləyir.
Məsələn, SOCAR-ın 2020-ci il hesabatında təhsil, səhiyyə, mədəniyyət, incəsənət, idman, həmkarlar ittifaqları və maddi yardımlara ümumilikdə 53 866611, 17 AZN pul xərcləndiyi qeyd olunur.
Maraqlıdır ki, həmin hesabatda Qarabağ müharibəsi və 20 yanvar hadisələrində həlak olan işçilərin 18 (əyani ali təhsil alırsa 23) yaşa çatanadək uşaqlarının hər birinə ayda -15000 manat ayrıldığı qeyd edilir. Təbii ki, rəqəm inandırıcı görünmür, burda ya texniki səhv olub ya da...
Hesabatda yardım edilən işçilərin sayı, kimliyi və s. açıqlanmır. Digər tərəfdən 20 Yanvar hadisələrinin 1990-cu ildə baş verdiyini nəzərə aldıqda, həmin vaxt həlak olan işçilərin övladlarının ən kiçiyinin yaşı 30-dan az olmamalıdır, o zaman SOCAR kimə yardım edir?..
Hesabatda qeyd olunur ki, işçi vəfat etdikdə onun ailə üzvlərindən birinə minimum əmək haqqının 20 misli həcmində - 131 2500 manat maddi yardım verilib. “Toplum TV” dəqiqləşdirib ki, əslində 262 nəfərə ümumilikdə 131 0000 manat məbləğində yardım edilib. Müqayisədən ortaya çıxır ki, aradakı fərq 2500 manatdır.
Daha sonra eyni hesabatda deyilir ki, ailə üzvü vəfat etdikdə minimum əmək haqqının (250,00 manat) 5 misli həcmində - 168 8859 manat maddi yardım verilib. Əslində isə 1349 nəfərə 168 6250 manat maddi yardım olunub. Burda da iki rəqəm arasındakı fərq 2 609-dur.
ARDNŞ-nin mətbuat katibi İbrahim Əhmədov açıqlamasında uyğunsuzluqları texniki səhv adlandırır.
Onun sözlərinə görə, 20 Yanvarda həlak olanların ailələri ilə bağlı anlaşılmazlıq müvafiq sosial yardımları nəzərdə tutan nizamnamənin adına istinad etməkdən irəli gəlir. İ.Əhmədov 20 Yanvar şəhidlərinin övladlarına yardım olunmadığını, yalnız Qarabağ müharibəsi iştirakçısının övladlarına yardım göstərildiyini vurğulayır.
Mətbuat katibi hesabatda bu xətaların düzəldilməsi üçün müvafiq şöbəyə müraciət edəcəyini də bildirir.
“Böyük bir şirkətin illik və davamlı inkişaf hesabatlarında texniki səvlərin olması yol verilməzdir”
Mirvari Qəhrəmanlı şirkətin hesabatında texniki səhvlərin olmasını yolverilməz hesab edir.
“Ordakı rəqəmlərə rəsmi qurumlar, Dövlət Statistika Komitəsi, xarici və yerli təşkilatlar istinad edir və müəyyən nəticələrə gəlir. “Texniki səhvdir” demək o mənaya gəlir ki, şirkət nöqsanlarına başqa cür aydınlıq gətirə bilmir”.
Təşkilat rəhbərinin sözlərinə görə, hesabatların tərtibində çoxlu suallar ortaya çıxırsa, şirkət böyük məsuliyyət daşıyır.
“Bunun məsuliyyətini çəkən şəxs yoxdur. Çox heyif ki, şirkət rəhbərliyi illik hesabatdan sonra heç bir tədbir keçirmir, bununla da işini bitmiş hesab edir. Hər halda onlar arxayındılar ki, hesabatlarını oxuyan olmayacaq”.
O, qeyd olunan şübhəli, qeyri-dəqiq rəqəmlərin, informasiyaların insanlarda inamsızlıq yaratdığını söyləyir və əlavə edir ki, sosial yardım siyahısı şəffaf olmalı, ictimaiyyətə açıqlanmalıdır.
“Məsələn, hesabatda 2020-ci ildə işçilərin sanatoriyalara, müalicəyə göndərildiyi qeyd olunub. Həmin il fevralda ölkədə pandemiya başladı, rayonlara giriş bağlandı. Bu işçilər nə zaman kurorta getdilər?
Yəqin bu dəfə də deyəcəklər ki, ya texniki səhv olub, ya da bütün işçilər yanvarda istirahətə göndərilib. Əgər işçi müalicəyə göndərilibsə, hansı idarədən nə qədər işçinin getdiyi niyə açıqlanmır?”
M.Qəhrəmanlı işçinin sosial təminatının qorunmasına Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nəzarət etməli olduğunu vurğulayır.
“İşçinin əmək haqqından 1-2 faiz tutmaqla saxlanılan bu təşkilat Azərbaycanda yox dərəcəsindədir”,- deyə o bildirir.
Ötən ilin ortalarında prezident çıxışı zamanı SOCAR-ın fəaliyyətini tənqid etmiş, şirkəti hələ də dövlət büdcəsindən asılı olmaqda günahlandırmışdı.
Rəsmi məlumata görə, şirkət ötən ili ziyanla başa vurub. 2020-ci ildə SOCAR-ın ümumi aktivlərinin dəyəri 64.2, cari aktivləri 18.3, uzunmüddətli aktivləri isə 45.9 milyard manat qiymətləndirilib. Rəsmi açıqlamaya görə, cari öhdəlikləri 20.6 milyard manat, uzunmüddətli öhdəlikləri isə 21.6 milyard manat olub. Hesabat ilində SOCAR-ın cəmi kapitalının 21.9 milyard, nağd pul vəsaitlərinin 6.2 milyard manat, ümumi öhdəliklərin ümumi aktivlərə nisbətinin isə 66 faiz təşkil etdiyi açıqlanıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
2025-ci ilin sosial büdcəsi: ünvanlı yardımlar cüzi artırılır, işsizlərə dəstək azaldılır
baku.ws
maşet.az
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Ölkədən xaricə kapital axını niyə sürətlə artır?
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?