Subsidiyalar kimin mənafeyinə xidmət edir – böyük aqroparkların, yoxsa kəndlilərin?
Açıq mənbələrdən götürülüb
“Dövlət dəstəyindən asılı olmayaraq kəndlilərin, xüsusən də kiçik torpaq sahiblərinin təsərrüfatla məşğul olmağa marağı yoxdur. Bunun yerinə ərazilərini kənardan gələn imkanlı şəxslərə sataraq başqa bir işlə məşğul olurlar”.
Bakıdan Ağsuya fermer təsərrüfatı qurmağa gedən Anar Məsimli belə qənaətə gəlməkdə nə dərəcədə haqlıdır və ya harada yanlışa yol verir – aşağıda mütəxəssislərin bu haqda rəylərini təqdim edəcəyik. Amma öncə dövlətin kəndliyə, fermerə hansı dəstəyi verdiyini araşdıraq.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov “Toplum TV”-yə açıqlamasında pandemiyanın, quraqlığın və hərbi əməliyyatların kənd təsərrüfatına mənfi təsirləri olduğunu deyib. Bununla belə, o bildirib ki, dövlətin stimullaşdırıcı tədbirləri nəticəsində ötən il kənd təsərrüfatının bütün istiqamətləri üzrə göstəricilər bir il əvvələ nisbətən daha yüksək olub: “Statistik göstəricilərdən görünür ki, ayrılan subsidiyalar nəticəsində hər il intensiv bağların sahəsi artır. Eyni zamanda, orta məhsuldarlıq göstəricilərində də artım müşahidə olunur”.
V.Hüseynov həmçinin qeyd edib ki, kəndlilərə bir neçə istiqamətdə subsidiya verilir: “Subsidiyaları Aqrar Subsidiya Şurasının müəyyən etdiyi əmsallar əsasında Aqrar Kredit və İnkişaf Agentliyi ödəyir. Şuranın qərarına əsasən, 2021-ci ilin fevralına qədər buğda əkən fermerə hər hektara görə 200 manat, arpa üçün isə 160 manat subsidiya ödənilirdi. Fevralda dizelin qiymətində artım oldu, bunun kənd təsərrüfatına mümkün təsirini azaltmaq məqsədilə qurum subsidiyaların məbləğinin artırılmasına qərar verdi. Yeni qərara əsasən, buğdaya görə 240 manat subsidiya ödənilir. Arpa, qarğıdalı, tütün kimi bir sıra bitkilərə görə də əmsallar artırılıb. Pambıq becərən fermerlərə isə subsidiyadan başqa, məhsuldarlığa görə də yardım göstərilir. Məsələn, fermer 1 hektarda 30 sentiner pambıq becəribsə, 300 manat; 40 sentiner becəribsə, 400 manat məhsul subsidiyası alır”.
O, bağçılıqla məşğul olanlara da subsidiyalar verilildiyini deyib: “Bağın salındığı ilk 4 ildə hər hektara 730 manat subsidiya verilir. Yəni bir fermer 10 hektarlıq bağ salıbsa, ona 4 il ərzində hər il 7300 manat yardım edilir”. Sitrus meyvələrinin və ya fındıq, zeytun, nar kimi meyvələrin ixrac potensialının çox yüksək olduğunu vurğulayan V.Hüseynov belə bağların salınması məqsədilə birdəfəlik əkin subsidiyası barədə qərar qəbul olunduğunu bildirib: “Məsələn, 1 hektar limon bağı salan fermerə 11 min manat birdəfəlik əkin subsidiyası verilir”. Bundan başqa, nazirliyin sözçüsü hər arı ailəsinə görə arıçılara 10 manat, süni mayalanma ilə alınan hər buzova görə heyvandarlara 100 manat subsidiya verildiyini; xaricdən gətirilən damazlıq heyvanın gömrük dəyərinin 60 faizinin dövlət tərəfindən ödənildiyini bildirilir.
Kənd Təsərrüfatı Nazirliyinin 2019-cu ilin yekunlarına dair hesabatında verilən məlumata görə, “2019-cu ildə 383.7 min istehsalçıya 1214.3 min hektar əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına 83240.6 min manat, 7179 istehsalçıya 37.8 min hektar təkrar əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə 1887.7 min manat məbləğində yardım verilib. Həmin ilin məhsuluna görə 18714 fermerə 295.5 min ton pambığa görə 29.55 mln. manat məbləğində, 442 fermerə 2019-cu ildə istehsal edib təhvil verdikləri 2236.6 ton quru və 14732.8 ton yaş tütünə görə 185.3 min manat, 966 fermerə 218.4 min ton şəkər çuğunduruna görə 873.8 min manat məbləğində subsidiyanın verilməsi haqqında qərar qəbul edilib.
Bu ildə 5608 fermerə tədarükçülərə təhvil verdikləri 631.3 ton yaş baramaya görə 3156.5 min manat subsidiya ödənilib. Toxum və ting istehsalçılarına 2019-cu ildə istehsal edib satdıqları 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərə görə dövlət büdcəsindən 7.4 mln. manat məbləğində subsidiya verilib. Bu subsidiyanın 6083.7 min manatı taxıl toxumu (buğda və arpa) istehsalçılarına, 920.6 min manatı kartof toxumu istehsalçılarına, 161.3 min manatı yonca toxumu istehsalçılarına, 48.0 min manatı qarğıdalı toxumu istehsalçılarına, 16.0 min manatı noxud toxumu istehsalçılarına, 23.9 min manatı tərəvəz toxumu istehsalçılarına, 12.1 min manatı pambıq toxumu istehsalçılarına, 88.8 min manatı meyvə tingi istehsalçılarına və 70.8 min manatı çay tingi istehsalçılarına ödənib.
2019-cu il ərzində süni mayalanma yolu ilə alınmış 82545 baş buzova görə 64972 nəfər heyvan sahibinə 8254.5 min manat məbləğində subsidiya ödənişləri həyata keçirilib. 2018-ci ildən arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə ildə 10 manat məbləğində subsidiya verilir. 2019-cu ildə 426533 arı ailəsinə görə 19807 nəfər arıçıya 4255.3 min manat məbləğində subsidiya ödənilib”.
Bu statistikanı şərh edən Nazim Bəydəmirli subsidiyaların mənimsənildiyi qənaətindədir: “Əvvəlki dövrdən fərqli olaraq nəticəyə görə subsidiyaların verilməsi üçün bəzi mexanizmlər düşünülüb. Amma statistikada qeyd olunan toxumçuluqla bağlı xüsusi olaraq qeyd edim ki, bu təsərrüfat növü Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyindədir və islahata cəlb olunaraq pay torpaqları kimi əhaliyə verilməyib. Eyni zamanda damazlıq təsərrüfatı da buraya aiddir. Görünən odur ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilən subsidiyalar elə öz təsərrüfatlarına gedib. Çünki Azərbaycanda toxumçuluqla məşğul olan sahibkarlar çox azdır. Əksəriyyət əmtəəlik, yəni satış üçün nəzərdə tutulan məhsul istehsal edir. Hər il sahibkarlar toxumu xaricdən alırlar. Gömrük Məcəlləsinə əsasən isə toxum və damazlıq mal idxal edənlər vergilərdən azaddır. Nəticədə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq arayışları ilə vergidən və gömrükdən yayınmaq üçün Azərbaycanda satılan məhsulların yarısından çoxu toxum adı ilə gətirilir”.
“Ümumilikdə isə nazirlik özünə yaxın olan sahibkarlara həmin torpaqları icarəyə verir, həmin sahibkarlar isə nazirliyin himayəsi altında subsidiya alırlar. Bu bir daha onu göstərir ki, dövlət siyasəti aparan qurumun həm də iqtisadi fəaliyyətlə məşğul olması inhisarçılıq yaradır və nəticədə inkişafı əngəlləyir. Kənd Təsərrüfatı Nazirliyi də daxil olmaqla dövlət qurumları müxtəlif MMC-lər yaratmaqla iqtisadi fəaliyyətlə məşğul olur və sahibkarlıq subyektlərini dövlət monopoliyası vasitəsilə sıradan çıxarırlar”, - deyə ekspert əlavə edib.
Kəndlilər subsidiyalardan razıdırlarmı?
Adının çəkilməsini istəməyən Siyəzən sakini subsidiya məbləğinin az olmasından narazıdır: “2019 və 2020-ci illərdə arıçılıq üçün 160 manat subsidiya aldıq və bu məbləğin 50 manatını başqa ehtiyaclarımıza xərclədik. Digər qazanc yerimiz heyvandarlıqdır. Amma susuzluq ucbatından çətinlik çəkirik. Kənddə quraqlıq olduğu üçün heyvanlarımız xəstələnərək tələf olur. Ona görə də payızda kənddən Siyəzənə köçməyi planlaşdırmışıq”.
Ağsu rayonunda torpaq sahəsi olan Məhəmməd Seyidovsa subsidiyanın gecikdiyini deyir: “6 hektarlıq torpaq sahəm var, subsidiya üçün 2020-ci ilin noyabrında müraciət etmişəm. Vəsaitin ancaq dənli bitkilər üçün nəzərdə tutulan hissəsini almışam, yonca və bağçılıq üçün olanını yox. Gecikmə olmasa, məbləğ məni qane edir”.
M.Seyidovun daha bir narazılığı var: “Yem bitkiləri ilə bağ məhsullarını digərlərindən ayırmaq düzgün deyil. Dənli bitkilərə təlabat çox olduğundan onlara daha tez subsidiya verilir, amma yem bitkilərinin də gübrəsini, dərmanlarını zamanında vermək lazımdır. Məsələn, yonca sahəmə mən öz vəsaitimlə qulluq etməli oldum”.
Ekspertlər nə deyir?
İqtisadçı Qubad İbadoğlu ildən-ilə subsidiyaların həm məbləğ, həm də növ baxımından artdığını desə də, bunun kənd təsərrüfatını inkişaf etdirmək məqsədi daşımadığı qənaətindədir. “Təəssüflər olsun ki, düzgün idarəçiliyin olmaması subsidiyaların təyinatdan kənar istifadəsinə və səmərəliliyinin azalmasına gətirib çıxarır. Torpağı icarəyə götürənlər subsidiyanı ala bilmirlər və bu, çox ciddi çətinliklər yaradır. Digər tərəfdən, böyük aqroparklar dövlət büdcəsindən subsidiya almaq üçün biçənəkləri, örüşləri, yəni əkin üçün yararlı olmayan sahələri də öz əraziləri kimi əkirlər. Məhsuldarlıq göstəricilərinin aşağı düşməsinə baxmayaraq bu qurumlar subsidiyadan böyük məbləğdə vəsaitlər əldə edirlər”.
Onun sözlərinə görə, əsas məqsəd, sadəcə, dövlət büdcəsindən subsidiya alıb digər işlər üçün xərcləməkdir.
REAL partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli hesab edir ki, bu məsələdə əvvəlki illərə nisbətən pozitiv dəyişikliklər var: “2017-2018-ci illərə qədər subsidiyalar əkin sahələrinin ərazisinə görə verilirdi və proses icra hakimiyyətləri ilə birlikdə həyata keçirilirdi. Bu da korrupsiya hallarına, kağız üzərində daha çox torpaq sahəsi göstərərək əlavə subsidiyalar alınmasına səbəb olurdu. Nəticədə yerli icra hakimiyyətləri bəzən fermerlə yarı-yarıya bu subsidiyalara sahib çıxırdılar”.
O, son 2-3 ildə subsidiyaların verilmə qaydalarının dəyişdirildiyini, fermerlərə subsidiya kartları paylanıldığını, vəsaitin birbaşa bank kartlarına köçürüldüyünü, prosesdsə icra hakimiyyəti strukturlarının təsiri və iştirakının olmadığını bildirir. Eyni zamanda, iqtisadçı məhsulun həcminə və keyfiyyətinə görə subsidiyaların verilməsi praktikasına başlanıldığını da qeyd edir: “Doğru olan da budur ki, fermerlərin daha bol və keyfiyyətli məhsul istehsal etməsinə stimul yaransın”.
Amma subsidiyaların əleyhinə olanlar da var. Onlardan biri iş adamı, iqtisadçı Nazim Bəydəmirlidir. O, dövlət büdcəsi hesabına dəstəyin bazar iqtisadiyyatında effektiv nəticə vermədiyi qənaətindədir. N.Bəydəmirli hesab edir ki, çoxsaylı dəstək qurumlarının yaradılmasında məqsəd müxtəlif maliyyə mexanizləri ilə vəsait mənimsəmək məqsədi daşıyır, üstəlik, vəsait ayıran təşkilatlar subsidiyaların təyinatı üzrə istifadəsinə də təminat verə bilmirlər. O, fermerlərin bəzən subsidiyaları təyinatı üzrə istifadə etməməsini onların kifayət qədər problemlərinin və borclarının olması ilə izah edir.
“Qeyri-rəsmi iqtisadiyyat olduğu üçün kreditlər rəsmiləşdirilə bilmir və vəsaitlər nağdlaşdırılaraq başqa məqsədlər üçün istifadə edilir. Bütün bunların qarşısının alınması üçün şəffaf iqtisadiyyat qurulmalıdır ki, subsidiyalaşma effektiv olsun. Subsidiyaların verilməsi nəticə əldə olunmasına hesablanmalıdır” – Nazim Bəydəmirli belə söyləyir.
Dövlət gübrə pulunu niyə kartla ödəyir?
Nazirlik rəsmisi Vüqar Hüseynov qurumun daha bir yenilik etdiyini vurğulayır, bildirir ki, dövlət kənd təsərrüfatında vacib hesab edilən gübrələrin xərcini öz üzərinə götürüb. Onun sözlərinə görə, əvvəllər gübrə pulunun 30 faizini fermer, 70 faizini isə dövlət ödəyirdi, amma yeni qərara əsasən, bu məbləğ dövlətin verdiyi fermer kartından ödənilir.
Q.İbadoğlu Kənd Təsərrüfatı Nazirliyinin bu addımını təqdir etmir; deyir ki, ayrılan vəsaitin 75 faizi gübrələrin təyin olunmuş mağazalardan alınması üçün nəzərdə tutulub və yalnız 25 faizini nağdlaşdırmaq mümkündür. “Bu da Azərbaycana gübrə gətirən inhisarçılara və qiyməti istədikləri kimi şişirdən şirkətlərə daha əlverişli şərait yaradır. Yəni bazar qiymətləriylə həmin şirkətlərin təklif etdiyi qiymətlər arasında fərq var. Subsidiya mexanizmi elə qurulub ki, ondan inhisarçı şirkətlər də yararlana bilsin”.
Sözügedən sistemin rəqabət yaranmasına imkan vermədiyini N.Cəfərli də deyir: “Doğru olmayan məqam gübrələrin sadəcə bir şirkətdən alınmasıdır. Bu, rəqabətli mühit üçün doğru yanaşma deyil, çünki fermerlərin seçim imkanları olmalıdır”.
İqtisadçı qeyd edir ki, aqrar sahədə müsbət dəyişikliklər olsa da, tamamilə yeni sistemə keçid baş verməyib. O, suvarma, keyfiyyətli gübrə, toxum seleksiyası, daha çox əl əməyindən istifadə olunması kimi problemlərin hələ də qaldığını söyləyir.
Təsərrüfatla məşğul olmaq üçün Bakıdan Ağsuya üz tutan Anar Məsimlinin müşahidələrinə görə, dövlət dəstəyinin yetərli olub-olmamsından asılı olmayaraq kəndlilər, xüsusən də kiçik torpaq sahibləri təsərrüfata maraq göstərmirlər: “Torpaqlarını kənardan gələn imkanlı şəxslərə satıb onların işçi olaraq çalışırlar. Hətta bəziləri həmin pula maşın alıb taksiçiliklə məşğul olur. Mən - şəhərdə yaşayan bir şəxs gedib Ağsunun bir kəndində torpaq almışam ki, təsərrüfatla məşğul olum və nəsə istehsal edim. Yerli camaatda belə həvəs görmədim”.
Qubad İbadoğlu kəndlilərin öz torpaqlarını satıb şəhərə üz tutmalarını inhisarçılıqla, ərazilərin nəzarətə götürülməsi və suvarma sistemlərinin aqroparklar tərəfindən zəbt olunmasıyla əlaqələndirir: “Bu səbəbdən xırda pay torpaqları suvarmadan ciddi əziyyət çəkir, suvarma suyu kiçik təsərrüfatlara çatmır. Eyni zamanda, kiçik fermerləri sıxışdırıb bazarlardan çıxarıblar. Aqroparklar daha böyük imkanlarla bazarları zəbt etməyə başlayıblar, nəticədə isə xırda təsərrüfata sahib fermerlər üçün fəaliyyət göstərmək xeyli çətinləşib”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
açıq mənbədən götürülüb