İqtisadiyyat

Azərbaycanın ixrac üçün yolları var, amma ixrac edəcək nəyisə varmı?

10 Sentyabr, 2021
3252

Azərtac

“Azərbaycanda hökumət həmişə hava limanları açılanda, eləcə də digər nəqliyyat infrastruktur layihələrini reallaşdıranda ixrac potensialının artacağını bəyan edir. Əlbəttə, sərhədə yaxın olan nəqliyyat layihələrinin hər birinin ixrac potensialı var. Amma məsələ ondan ibarətdir ki, Azərbaycan nə ixrac edəcək?” 

Bunu iqtisadçı Toğrul Maşallı“Toplum Tv”-yə ölkənin ixrac potensialından danışarkən belə deyir. 

Məsələ bundadır ki, bugünlərdə Milli Məclisin deputatı Vüqar Bayramov işğaldan azad edilən Füzuli və Laçın rayonlarında tikilən hava limanlarının həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxımından vacib olduğunu söyləyib. 

T.Maşallı isə Azərbaycanda neft-qazdan başqa  ixrac ediləcək məhsulun demək olar ki, olmadığını bildirir: “Kənd təsərrüfatı məhsulları artıq neçə ildir ki, ənənəvi yollarla ixrac edilir. Ona görə bu bəyanatlar gülməli gəlir. İxrac üçün yollar var, amma nə  ixrac ediləcəyi barədə düşünən yoxdur”.
 
İqtisadçı bu məsələylə bağlı hökumətin strategiyasının olmadığını, başlıca problemin investisiya çatışmazlığı olduğunu vurğulayır. 

Toğrul Maşallı - Sosial Media

“İqtisadiyyata böyük həcmdə investisiya lazımdır. Təəssüflər olsun ki, indi dövlət çox vaxt tikintiyə yatırım edir. Güzəştli kreditlər formasında real iqtisadiyyata da investisiya ayırmaq olar. Azərbaycan bazarı çox kiçikdir. Digər ölkələrlə dəqiq iqtisadi münasibətlər və ixrac siyasəti  mexanizmləri olmadığı üçün ümumi prosesə maneələr yaranır” – T.Maşallı durumu belə izah edir.

Onunla eyni fikirdə olan iqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, Azərbaycanda ilk növbədə rəqabət qabiliyyətli, beynəlxalq standartlara cavab verən istehsal mühiti formalaşmalıdır. O, Azərbaycanda bu istiqamətdə başlıca probleminsə məhsulların keyfiyyəti və qiyməti ilə bağlı olduğunu vurğulayır. 
İqtisadçının qənaətincə, ölkədə istehsalçıların böyük əksəriyyəti məhz daxili bazara hədəflənmiş məhsullar istehsal etməyə maraqlıdırlar, üstəlik də istehsalçıların azlığı rəqabətin də az olmasına gətirib çıxarır və bu da keyfiyyət standartlarını yüksəltmək təşəbbüslərini zəiflədir. 

O, Azərbaycanda qiymətlə bağlı problemlərin sabit məzənnə siyasətindən qaynaqlandığını deyir. Rəşad Həsənov 2017-ci ildən ölkədə manatın faktiki ticarət tərəfdaşlarının (İran, Rusiya, Türkiyə) valyutasına qarşı əhəmiyyətli dərəcədə möhkəmlənməkdə olduğunu, “diktə məzənnəsi siyasəti”nin yerli istehsalın qiymət rəqabətliliyini zəiflətdiyini bildirir. 

“Son nəticədə biz müqayisəli məhsulların ixracı istiqamətində müəyyən artımları müşahidə edirik. Bunlar kənd təsərrüfatı məhsulları və neft sənayesi üzərində qurulmuş şaquli diversifikasiyadan yaranmış məhsullardır” – R.Həsənov qeyd edir. 

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin sədri Firdovsi Fikrətzadə isə  bugünlərdə bildirib ki, Azərbaycan kənd təsərrüfatı məhsullarının, o cümlədən meyvənin ixracını getdikcə artırır və meyvə ixracında artım 2025-ci ilə qədər 70% təşkil edəcək.

Toğrul Maşallı 4 ilə bu qədər artımın mümkün olmadığını düşünür və bunu Azərbaycanın kənd təsərrüfatı potensialının o qədər də yüksək olmaması ilə izah edir: “Azərbaycanda  kənd təsərrüfatında çoxlu problemlər var və potensialı artırmaq üçün əvvəlcə bunları həll etmək lazımdır. Yalnız ondan sonra hədəfə çatmaq mümkündür, amma bu lazımdırmı? İndiki halda əsas problem odur ki, biz sadəcə xammal ixrac edirik”.

R.Həsənov deyir ki, Dünya Bankının qiymətləndirməsinə görə hazırda Azərbaycanda ixrac potensiallı  sahə kənd təsərrüfatıdır, amma burda ciddi struktur problemləri var: “Ölkədə kənd təsərrüfatı sahəsində  fəaliyyət göstərən subyektlərin 99%-i kiçik ailə təsərrüfatları və sahibkarlıq subyektlərindən ibarətdir. Bunların texnologiyaya çıxış imkanı məhduddur. Məhsullarda təbii müqayisəli üstünlük olsa da, məhsulun ixracından nöqsanlar aradan qaldırıldığı halda danışmaq olar”.

Rəşad Həsənov - Sputnik

Ekspertin fikrincə, indiki şərtlər daxilində kənd təsərrüfatı və qeyri-neft sektoru üzərində qurulmuş istehsal Azərbaycanın qarşısına qoyduğu hədəflərə çatmasına çətinlik yarada bilər. O xüsusilə, kənd təsərrüfatı məhsullarının xarici bazarlara zəif  şaxələnməsinin də əngəl yaratdığını vurğulayır. R.Həsənov məhsulların 90%-ə qədərinin Rusiya bazarlarına göndərildiyini və bunun bir bazardan asılılıq yaratdığını qeyd edir: “Rusiya  etibarlı tərəfdaş deyil, özəlliklə gələcəkdə Qarabağ problemi ilə bağlı yaranmış münasibətlər fonunda kənd təsərüfatı məhsullarının ixracı üçün çox böyük risklər yarana bilər. Bunun qarşısını almaq üçün ənənəvi bazarlarla müqayisədə inkişaf etmiş bazarlara məhsulları çıxarmaq imkanlarını genişləndirmək, Avropa Birliyi ilə assiosativ saziş imzalamaq, Ümumdünya Ticarət Təşkilalatına daxil olmaq üçün instusional məsələləri həll etmək lazımdır”. 

 R.Həsənov bir məqama da diqqət çəkir, o, müasir ixrac qəbiliyyəti müzakirə olunarkən, iqtisadiyyatın mürəkkəbliyi indeksindən istifadə edildiyini və bu zaman əsasən ixracın strukturuna önəm verildiyini bildirir. 

“İxracda beyin məhsullarının tutumu nə qədərdir, yüksək və orta texnoloji məhsulların istehsalı hansı faizlədir, xammal ixracı nə səviyyədədir, xammal ixracı ümumi ixracın strukturunda nə qədər paya malikdir və s. kimi məsələlər nəzərdən keçirilir. Azərbaycan çox təəssüf ki, bu göstəricilərə görə 130 ölkə arasında 120-ci yerdədir, halbuki 15 il öncə təxminən 105-ci yerdə idi. Neft üzərində qurulmuş iqtisadi siyasət Azərbaycanı xammal ixrac edən ölkəyə çevirməklə qlobal iqtisadiyyata inteqrasiyanı və onun ixracının strukturunu xeyli səviyyədə pisləşdirib”.

“Azərtac”-ın məlumatına görə, İqtisadiyyat naziri Mikayıl Cabbarov cari ilin 8 ayı ərzində qeyri-neft sektoru üzrə ixracın 1,58 milyard dollar olduğunu və ilin sonuna qədər bu rəqəmin 2 milyard dollara yaxınlaşacağını açıqlayıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Yeni dövlət proqramı Azərbaycanın ərzaq təhlükəsizliyini təmin edə bilərmi?

16 Sentyabr 2026

president.az

Prezident İlham Əliyev sentyabrın 10-da “Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nı təsdiqləyib. 38 səhifəlik proqramda qeyd olunub ki, "ölkədə qida təhlükəsizliyi sahəsində mühüm nailiyyətlər əldə edilməsinə baxmayaraq, mövcud vəziyyətin təhlili bu sahədə bir sıra çatışmazlıqların olduğunu göstərir." "Belə ki, qida zəncirinin bütün mərhələləri üzrə (tarladan süfrəyədək) izlənilmə mexanizmlərinin tam formalaşmaması, heyvan və bitki sağlamlığına nəzarət sistemlərində bəzi çatışmazlıqlar qida təhlükəsizliyinin təmin edilməsinin əsas problemlərindəndir", - deyə əlavə olunub. Proqramda əsas məqsədlər sırasında milli qida təhlükəsizliyi sisteminin gücləndirilməsi, qida mənşəli xəstəliklərin və təhlükələrin azaldılması və başqa məqsədlər göstərilib. Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli isə “Toplum TV”yə...
İqtisadiyyat

DGK: Azərbaycan bu il 9 milyard dollarlıq neft ixrac edib

15 Sentyabr 2026

azərtac

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 10-dan çox ölkəyə ümumilikdə 9,28 milyard dollar dəyərində 14,68 milyon ton neft ixrac edib. Ən çox neft satılan ölkə İtaliya olub. Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu dövrdə İtaliyaya 5,23 milyard dollarlıq 8,47 milyon ton neft ixrac olunub. İxracın həm dəyərinə, həm də həcminə görə ikinci yerdə Çexiya, üçüncü yerdə Rumıniya qərarlaşıb. Çexiyaya 712,8 milyon dollarlıq 1,06 milyon ton, Rumıniyaya isə 581,7 milyon dollarlıq 924,9 min ton neft satılıb. İlk üçlükdən sonra Hindistan gəlir. Yanvar-avqust aylarında bu ölkəyə 399,2 milyon dollarlıq neft ixrac olunub. Sonrakı yerlərdə Tunis (266,3 milyon dollar), Almaniya (262,3 milyon dollar), Bolqarıstan...

Seçilmiş Videolar

Toplum TV loqo