Anar Məmmədli: Prokurorluq 12 səhifəlik cümlə yazmaq təcrübəsi inkişaf etdirib
Foto: Əkinçi
Sentyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
"Gözətçi"nin xəbərinə görə, müdafiə çıxışı edən A.Məmmədli irəli sürülmüş ittihamları əsassız və siyasi motivli adlandıraraq, prosesi “rejimin qurduğu siyasi tamaşa” kimi qiymətləndirib.
2013-cü ildə də həbs olunan A.Məmmədli 2018-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) onun həbsinin əsassız və siyasi motivli olduğunu elan edən qərarını xatırladıb. O, həmin qərarın nüsxəsini məhkəməyə təqdim edib.
Hüquq müdafiəçisi bildirib ki, həmin dövrdəki ittihamlarla indiki ittihamlar bir-birindən fərqlənmir.
A.Məmmədli ittiham aktında onun "əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş” şəxs kimi təqdim olunmasını da hüquqi baxımdan əsassız hesab edib.
O bildirib ki, AİHM-in qərarına görə, onun əvvəlki məhkumluğu öz hüquqi nəticələrini itirməli, Ali Məhkəmə tərəfindən bəraət qərarı çıxarılmalı idi. O əlavə edib ki, əvvəlki məhkumluğuna görə Azərbaycan hökuməti ona təzminat ödəsə də, hələ də bəraət verməyib.
Çıxışında ittiham aktının absurdluğunu vurğulayan A.Məmmədli qeyd edib ki, sənəd "elementar hüquq və dil qaydalarına zidd, dolaşıq, hüquqi məzmundan məhrum uzun-uzadı cümlələrlə" qurulub.
O bildirib ki, aprelin 8-də elan olunmuş ittihamın əsası cəmi üç cümlədə ifadə olunur: bunlardan birincisi 224 sözdən, ikincisi 554 sözdən, üçüncüsü isə 12 səhifə olmaqla 6,370 sözdür. A.Məmmədli bu qədər dolaşıq və hədsiz uzun cümlələrin hüquqi sənəd yox, “səlnaməçi-mətn” təsiri bağışladığını vurğulayıb.
O, AİHM-in 2018-ci ildə çıxardığı qərarında da ittiham aktlarının aydınlıq və nizam-intizamdan məhrum olmasının xüsusi vurğulandığını xatırladıb.
"Əgər 2013-cü ildə bir səhifəlik uzun cümlə “ittiham” hesab olunurdusa, bu gün artıq “12 səhifəlik cümlə” yazmaq təcrübəsi “inkişaf etdirilib”. Bu, yalnız repressiv praktikanın davamlılığını deyil, həm də bu repressiyanı həyata keçirənlərin məntiqsizliyinin getdikcə böyüdüyünü göstərir", - o deyib.
Daha sonra Məmmədli əlavə edib ki, rəhbəri olduğu təşkilat qeydiyyata alınmaq üçün bütün hüquqi yolları sınayıb və AİHM-də qalib gəlib, lakin dövlət qəsdən qeydiyyatı təmin etməyib. O deyib ki, belə olduğu halda, qeydiyyatsızlığın məsuliyyətini SMDTM-yə yox, Azərbaycan hakimiyyətinə aid etmək lazımdır.
Çıxışında ittihamların absurdluğunu Sovet repressiyalarına bənzədən Məmmədli qeyd edib ki, "necə ki, 1964-cü ildə Leninqradda Dzerjinski Rayon Məhkəməsi gənc şair İosif Brodskini “müftəxorluq” ittihamı ilə məhkəməyə çıxarmışdı, indi də SMDTM-nin qeydiyyatsız fəaliyyətini cinayət kimi təqdim etməklə, Azərbaycan istintaq orqanları sovet müstəntiqlərinin repressiv təfəkkürünü təkrarlayır".
A.Məmmədli çıxışını 29 sentyabr 2025-ci il saat 15:45-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək növbəti iclasda davam etdirəcək.
Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb.
O, Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq maddəsilə ittiham olunur.
SMDTM rəhbəri özünü təqsirli saymır.
Beynəlxalq insan haqları təşkilatları onu siyasi məhbus hesab edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Getty Images
Şəmşad Ağa yazır: Azərbaycanın ədliyyə sistemi metastaz verib: məhkəməsində ədalət, tibb ocağında səhiyyə yoxdur
Foto: VOA
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Azər Qasımlının məhkəməsində proses 3 dəqiqə çəkib
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
Azərbaycanda partiya liderləri niyə “beynəlxalq ekspert”ə çevrildi?